Jurnalist həbsindən öncə BŞBPİ ilə bağlı araşdırma aparıb
“Hafiz Babalının məhz Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) əməkdaşları tərəfindən saxlanılması, onun evində bu qurum tərəfindən axtarış aparılması cinayət təqibinin qərəzsizlik prinsipinin pozulmasıdır”.
Hüquqşünas Xalid Bağırov belə düşünür. O bildirir ki, cinayət təqibini həyata keçirən şəxsin, qurumun həmin prosesin nəticəsində maraqlı olmaması vacibdir.
Bağırovun sözlərinə görə, Hafiz Babalı işində bu norma pozulub.
Hafiz Babalı dekabrın 13-də BŞBPİ əməkdaşları tərəfindən saxlanılıb, ailəsinin bildirməsinə görə bu qurum tərəfindən evlərində axtarış aparılıb. Bir gün sonra, onun “AbzasMedia” işində həbs olunan jurnalistlərlə eyni ittihamla, Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə təqsirləndirildiyi açıqlanıb. Sonra isə barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə üç aylıq həbs qətimkan tədbiri seçilib.
Ondan öncə isə noyabrın 28-də jurnalist BŞBPİ-də ifadəyə çağırılmışdı. “AbzasMedia” işi ilə bağlı şahid qismində dindirilmişdi. Özünün də deməsinə görə, o, “AbzasMedia”da dərc olunan çoxsaylı araşdırmaların müəllifidir və bunu heç vaxt gizlətməyib.
BŞBPİ-də ifadə verəndən sonra Hafiz Babalı idarə ilə bağlı kiçik araşdırma aparmışdı. O, sosial media hesabında paylaşdığı məlumatlarda bildirmişdi ki, idarədə dindirilmədə olarkən diqqətini çirkli pəncərələr çəkib. Müstəntiqdən bu şüşələrin sonuncu dəfə nə vaxt yuyulduğunu soruşub. Cavab “xatırlamıram” olub:
“Dedim, bir dövlət satınalmaları portalına baxım. Məlum oldu ki, BŞBPİ avqustun 18-də “Emin və Eynulla” MMC ilə Polis Baş İdarənin tabeçiliyində olan rayon polis idarə, şöbə və bölmələrinin inzibati binalarında dövrü olaraq bir neçə dəfə olmaqla 110.000 m² fasad (aqlay, alçepan) və şüşələrin xüsusi kimyəvi maddələrlə yuyulması və təmizlənməsi üçün 97.350 manat məbləğində müqavilə bağlayıb”.
Jurnalist bildirirdi ki, 2022-ci ilin mayında və dekabrında da BŞBPİ eyni işlərə görə həmin şirkətə 49.007 və 44.206,34 manat ödəyib:
“Bu hesabla pəncərələr par-par parıldamalıydı…”.
Xalid Bağırov deyir ki, məhz bu materialdan sonra Hafiz Babalının BŞBPİ tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi cinayət təqibində qərəzsizlik prinsipinin pozulmasına işarədir:
“Qərəzsizlik prinsipi iki formada olur. Birincisi, obyektiv göstəricilərdir. Burada işi aparan şəxsin, qurumun nəticədə maraqlı olub, olmadığı göstərilir. Məsələn, işi aparan müstəntiq işdə adıçəkilən insanlardan kiminsə qohumu, yaxını, dostu ola bilməz. Belə olarsa, bu işdə maraqlı tərəf hesab edilir və prosesə qoşula bilməz”.
Hüquqşünas əlavə edir ki, bu prinsipin ikinci forması subyektiv qərəzsizlikdir. Onun sözlərinə görə, bu, dərin məsələdir:
“İstənilən halda, qərəzsizlik prinsipi tələb edir ki, hətta sənin bu işi hansısa məsələyə görə etdiyinə şübhə varsa belə, işdən çəkiləsən. Cəmiyyətdə hansısa qurumun, şəxsin işi qisasçılıq səbəbindən apardığına dair şübhə yaranmamalıdır. Məncə, Hafiz Babalının barəsində araşdırma apardığı qurum tərəfindən həbsi qərəzsizlik prinsipini pozub”.
Xalid Bağırovun fikrincə, indi cəmiyyətdə, insanlarda daim şübhə olacaq ki, Hafiz Babalı məhz həmin araşdırmadan sonra təqsirləndirilən şəxs qismində cəlb edilib, bəlkə məhz buna görədir:
“Cinayət prosesinin prinsipindən irəli gələrək bunu demək mümkündür. Lakin qanunda konkret olaraq buna qadağa qoyan norma yoxdur. Sadəcə Hafiz Babalının BŞBPİ tərəfindən həbsi qərəzsizlik mövzusunda şübhələr olmasına əsasdır”.
Son zamanlar hökumətin maliyyələşdirdiyi media orqanlarında müstəqil media qurumu olan “AbzasMedia” ilə bağlı kompromat xarakterli materiallar dərc edilir. Həmin materiallarda Hafiz Babalının da adı hallanıb.
“AbzasMedia”nın direktoru Ülvi Həsənli və ictimai fəal Məhəmməd Kekalov noyabrın 20-də saxlanılıb. Sonradan Ülvi Həsənliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. “AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də Azərbaycana dönərkən hava limanında saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb. Noyabrın 21-də hər ikisi Xətai Rayon Məhkəməsinin qərarı ilə dörd ay müddətinə azadlıqdan məhrum edilib. Onlar həbslərini siyasi sifariş sayır, ittihamları qəbul etmirlər.
Məhəmməd Kekalov da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızıyla eyni cinayət işi üzrə məsuliyyətə cəlb olunub və 3 ay 27 gün azadlıqdan məhrum edilib. Daha sonra isə media qurumla əməkdaşlıq etmiş jurnalist Nərgiz Absalamova ifadə verməyə çağırılıb və saxlanılıb. Ona qarşı da eyni ittihamla cinayət işi açılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sevinc Vaqifqızı və Ülvi Həsənlinin evində və “AbzasMedia”nın ofisində axtarış aparılıb. Media qurumunun ofisindən 40 min avro tapıldığı iddia edilib. Sevinc Vaqifqızı açıqlamasında bildirib ki, ofisdə 40 min avro olması mümkün deyil, oradan tapsalar, yalnız bir qazan dadlı yemək tapa bilərlər.
Beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətinə müraciət edərək, azad mediaya qarşı təzyiqi dayandırmasını istəyiblər. Baş verənləri mediaya qarşı “qisas” adlandırıblar.