Hüquqşünas: “Belə çıxır ki, deputatın təqsirsizlik prezumpsiyasından anlayışı yoxdur”

Qüdrət Həsənquliyev. Foto: arxiv

Xalid Bağırov hesab edir ki, bu təklif əfvin fəlsəfəsinə ziddir

Milli Məclisdə Prezidentə yalnız barəsində hökm olan məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə bağlı səlahiyyətin verilməsi təklif olunur.

Belə bir təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin dekabrın 20-də keçirilən plenar iclasında çıxış edib. 

O vurğulayıb ki, bununla əlaqədar qanun layihəsi qəbul edilə bilər. 

“Prezidentə yalnız məhkumları deyil, həm də istintaq altında olan şəxsləri əfv etməklə onları məsuliyyətdən azad etmək səlahiyyəti verən qanunun qəbul olunmasını təklif edirəm”, – deyə Qüdrət Həsənquliyev qeyd edib. 

Xalid Bağırov, foto: Meydan TV
Xalid Bağırov. Foto: Meydan TV

“Təqsiri olmayan şəxs necə əfv edilə bilər?”

Hüquqşünas Xalid Bağırov Meydan TV-yə deyir ki, ixtisasca hüquqşünas olan bir deputatın belə bir təkliflə çıxış etməsi gülməlidir:

“Əfvetmə Konstitusiyanın Prezidentə verdiyi müstəsna səlahiyyətdir. Bu, Milli Məclisin qəbul etdiyi aktlarla tənzimlənmir. Ona görə də deputatın belə bir anlamsız təkliflə çıxış etməsi gülüncdür. Əgər Qüdrət Həsənquliyevin könlündən belə bir şey keçirsə, o zaman Konstitusiyanın dəyişdirilməsi ilə bağlı təkliflə çıxış etsin”. 

Hüquqşünas hesab edir ki, bu təklifin özü belə əfvin fəlsəfəsinə ziddir. 

Onun sözlərinə görə, məhkəmə hökmü olmadan şəxs təqsirli sayıla bilməz: “Bəs təqsiri olmayan şəxs necə əfv edilə bilər? Belə çıxır ki, Qüdrət Həsənquliyevin təqsirsizlik prezumpsiyasından anlayışı yoxdur”.

Ana səhifəXəbərlərHüquqşünas: “Belə çıxır ki, deputatın təqsirsizlik prezumpsiyasından anlayışı yoxdur”