Deputat: “Hər halda siyasi motiv olmaz”
Vəkil Nemət Kərimli Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı barəsində məhkəmənin çıxardığı qərarı əsassız sayır.
O, Meydan TV-yə deyir ki, istintaq məsələni obyektiv araşdırmayıb və məhkəmə bunu nəzərə almalı idi.
“Hadisə ilə bağlı yayılan videodan görünür ki, Orxan Hacılının qarşısına çıxan maşın qəflətən sola dönmə manevri edir və istintaq bu məsələ üzərində araşdırma aparmayıb. İkinci sual yaradan məqam odur ki, “zərərçəkən” niyə 15-20 gün sonra peyda olur. Halbuki ötən müddətdə “zərərçəkən”i axtaran da olmayıb. Üçüncü, cinayət baş verməyibsə, Orxan Hacılı qaça da bilməz”.
Noyabrın 2-də Yasamal Rayon Məhkəməsi Orxan Hacılı barəsində həbs qətimkan tədbiri seçib.
Qərarı hakim Rəşad Cavadzadə çıxarıb.
Müstəntiq Orxan Hacılının istintaqdan yayınması, şahidlərə təzyiq göstərməsi ehtimalı olduğunu əsas gətirərək istintaq dövründə onun həbsdə saxlanmasını məqsədəuyğun sayıb.
Orxan Hacılı və vəkili isə buna etiraz edib, həbs qətimkan tədbiri seçilməsi üçün prokurorun verdiyi təqdimatın təmin olunmamasını istəyiblər.
Nemət Kərimli deyir ki, məhkəmədə Orxan Hacılının qaçıb gizlənməsi ilə bağlı hər hansı sübut da təqdim edilməyib:
“Bildirilir ki, sürücünün əmlakna ziyan vurulub, ona görə qaçıb gizlənə bilər. Halbuki ziyan ödənilib. Ona görə məhkəmənin qərarı absurddur”.
Hüquq müdafiəçisi Rüfət Səfərov da qərarın ədalətsiz olduğunu deyir.
O, Meydan TV-yə deyib ki, hadisə baş verəndən gedişatı izləyir və bu, hüquqi yox, siyasi həbsdir:
“Əvvəla, Orxan Hacılı böyük ictimai təhlükə törətməyən hadisədə ittiham olunur, onu az ağır xəsarət yetirmədə, guya hadisə yerindən qaçmada ittiham edirlər. Buna görə ən ağır cəza 2 ilə qədərdir. Cinayət-Prosesual Məcəlləsinin 155-ci maddəsinə görə, həbs qətimkan tədbiri bir qayda olaraq 2 ildən çox azadlıqdan məhrumetmə nəzərdə tutan işlər üzrə seçilir. Əgər ehtiyatsızlıqdan törədilən cinayətdən bəhs ediriksə, polisin nəzarətinə vermə, başqa yerlərə getməmək haqda iltizam tədbiri seçmək olardı”.
R.Səfərovun qənaətincə, Orxan Hacılı yol-nəqliyyat qaydalarını pozmayıb, qarşı tərəf isə 180 dərəcə bucaq altında manevr edir və qəza baş verir:
“Ona görə bu hadisə araşdırılmalıydı. Baxın, 20 gündən sonra istintaqın təlimatı nəticəsində “zərərçəkmiş” peyda olur və Hacılının əleyhinə ifadə verir. Guya ehtiyatsızlıqdan onun sağlamlığına az ağır xəsarət yetirib. Belə hallarda məhkəmə-tibb ekspertizasının müstəqil rəy verməsi mümkün deyil. Ona görə Orxan Hacılının həbsi siyasi motivlidir. Sual edirəm: AXCP üzvü Namiq Abbasəliyevin əmisi oğlunu bu günlərdə maşın vurub öldürüb, bəs nədən onun ölümünə səbəb olanlar sərbəst gəzirlər?! Yaxud Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi 2 şəxsin ölümünə səbəb olan qəza törətmişdi, hazırda azadlıqdadır”.
Hüquq müdafiəçisi deyir ki, bu cür hadisələrdə ölüm yoxdursa, həbs qətimkan tədbiri seçilmir:
“Nəzərə alın ki, belə qəzalar polis orqanlarında saysızdır. İndiki halda məhkəmə istintaqına qədər Orxan Hacılının həbs edilməsi Arif Hacılının fəaliyyəti ilə bağlıdır”.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa Meydan TV-yə məsələnin məğzi ilə tanış olmadığını deyib:
“Təxminən aldığım bilgi odur ki, avtomobillə qəza törədilib. Hər halda siyasi motiv olmaz. Kimin nəyinə lazımdır ki, gözlənilmədən həbs məsələsini gündəmə gətirsin. Son 7-10 ildə belə bir hadisə baş verməyib. Hər halda hüquq-mühafizə orqanları araşdıracaq və yüngülləşdirici hal olarsa, nəzərə alarlar“.
Müsavat Partiyasının başqanı Arif Hacılı da Meydan TV-yə açıqlamasında məhkəmə qərarını siyasi motivli sayıb və bütün hüquqi addımları atacaqlarını bildirib.
Orxan Hacılı niyə saxlanılıb?
Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı oktyabrın 31-də saxlanılıb.
Vəkili Nemət Kərimli bildirib ki, Orxan Hacılı noyabrın 1-də təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda) və 264-cü (hadisə yerindən qaçma) maddələrilə ittiham irəli sürülüb.
Noyabrın 2-də Yasamal Rayon Məhkəməsi Orxan Hacılı barəsində törədilən yol-nəqliyyat qəzasına görə 2 aylıq həbs qətimkan tədbiri seçib.
Analoji hal 2012-ci ildə də baş vermişdi.
Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Nigar Həzi də yol qəzasına yol verdiyi üçün 2.6 il azadlıqdan məhrum olunmuşdu.