Hüquq müdafiəçisi: “Azərbaycan xalqı mütləq azad olacaq”

Rüfət Səfərov. İllüstrasiya: Meydan TV

Rüfət Səfərov deyir ki, repressiyalar uzun çəkməyəcək

Həbsdə olan hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərovun “Facebook” hesabında bəyanatı yayılıb.

Hüquq müdafiəçisi bildirib ki, Azərbaycan hakimiyyəti 2024-cü ilin son ayını da şiddətləndirilmiş repressiyalarla başa vurmaqda israrlıdır:

“Artıq insanların tək-tək və ya dəstə-dəstə tutulmasına, ənənəvi şərləmə mexanizminin həm ayrı-ayrı şəxslərə, həm də həbs edilən qruplara eyni “uğurla” tətbiq olunmasına heç kəs təəccüblənmir. Hökümət faktiki olaraq özünün törətdiyi bütün cinayətkar fəaliyyət növlərini saxta şahidlər və arqumentlərlə öz opponentlərinə qarşı istifadə edir. Dələduzluğun, qaçaqmalçılığın, narkotiklərin qanunsuz dövriyyəsinin bu rejimin aşağıdan yuxarıya doğru bütün nomenklaturasına aid fəaliyyət növləri olduğunu kim bilmir ki?!”

“Dekabrın 8-də Meydan TV əməkdaşlarının, 9-da isə politoloq Azər Qasımlının saxta ittihamlarla həbsi rejimin Azərbaycan cəmiyyətinə qarşı cəza əməliyyatı kimi qəbul edilməlidir. İnanıram ki, bütün mütərəqqi qüvvələr bunu məhz belə də qiymətləndirirlər. Bir hüquq müdafiəçisi olaraq, saxta ittihamlarla həbs edilən şəxslərə qarşı repressiv əməliyyatları qətiyyətlə pisləyirəm”, – Rüfət Səfərov bildirib.

Hüquq müdafiəçisi: “COP 29 səbəbilə təxirə salınan, lakin COP-dan dərhal sonra bərpa edilən siyasi motivli məhkəmə proseslərini izləmək imkanım yoxdur”, – deyə vurğulayıb.

O bildirib ki, ölkədəki repressiyalar uzun çəkməyəcək:

“Amma əminəm ki, insanlığa zidd olan bu repressiyaların da sonuna çox qalmayıb. Demokratiya mütləq qalib gələcək, Azərbaycan xalqı mütləq azad olacaq, ölkəmizdə ədalət hökmən bərqərar ediləcək”.

Son bir ildə Azərbaycanda siyasi sifarişli həbslərin sayı kəskin artıb.

“AbzasMedia”, “Kanal 13”, “ToplumTV”, “meclis.info” kimi çoxsaylı media orqanının 20 nəfərdən çox əməkdaşı qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

Media orqanlarının redaksiyaları möhürlənib.

Jurnalistlər bu ittihamları rədd edir, tənqidçi fəaliyyətlərinə görə siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər.

Azərbaycanda son həbslər

Hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərov 2024-cü il dekabrın 3-də saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Dekabrın 4-də Binəqədi Rayon Məhkəməsində hakim Aytəkin İbrahimovanın sədrliyilə onun barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Rüfər Səfərov dekabrın 10-da İnsan Haqları Günü münasibətilə ABŞ Dövlət Departamentinin mükafatını alıb. Hüquq müdafiəçisi həbsdə olduğu üçün ABŞ dövlət katibi Entoni Blinken Rüfət Səfərovun boş oturacağı yanında ona verilən mükafatla şəkil çəkdirib.

“Meydan TV işi”…

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə ilə onların barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, avadanlıqları və şəxsi əşyaları götürülüb.

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ülvi Tahirovun Meydan TV-yə aidiyyəti yoxdur.

Onların hamısı ittihamları rədd edir, korrupsiya araşdırmalarına, ölkədə insan haqlarının pozulmasına biganə qalmadıqlarına görə saxta ittihamlarla həbs olunduqlarını bəyan edirlər.

Vəkillər Xətai Rayon Məhkəməsinin jurnalistlər haqqında çıxardığı həbs qərarlarından apelyasiya şikayəti veriblər.

Bakı Apelyasiya Məhkəməsi “Meydan”çıları həbsdə saxlayıb.

Meydan TV bəyanat yayaraq polis tərəfindən səslənən ittihamları əsassız, jurnalistlərin saxlanmasını qanunsuz sayıb.

Azər Qasımlının həbsi…

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb.

Dekabrın 9-da Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyilə onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3 (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham edilir.

Azər Qasımlı həbsinin siyasi motivli olduğunu, həqiqətləri dilə gətirdiyinə, insanları aydınlandıran fikirlər səsləndirdiyinə görə cəzalandırıldığını bildirir.

Dekabrın 12-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan hökumətini həbs edilən Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehrəlizadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu və Meydan TV-nin əməkdaşları və bir çox başqalarını dərhal azad etməyə çağırıb.

Ana səhifəSiyasətHüquq müdafiəçisi: “Azərbaycan xalqı mütləq azad olacaq”