Siyasi məhbuslar üzrə yeni məruzəçinin hakimiyyətə yaxınlığı deyilir
Azərbaycanda siyasi məhbuslar üzrə məruzənin hazırlanması ispaniyalı deputat Pedro Aqramunta həvalə edilib. O, Assambleyanın Monitorinq Komitəsinin məruzəçisidir.
Qərar iyunun 25-də AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsində qəbul olunub.
Siyasi məhbuslar üzrə yeni məruzəçi postuna bu məsələnin müzakirəsinin təşəbbüsçüsü, irlandiyalı deputat Maykl Maknamara hollandiyalı deputat Pyeter Omsiqtın namizədliyini irəli sürüb. Lakin onun lehinə 19 deputat səs verib.
Məsələnin alternativ həllinə – siyasi məhbuslar üzrə məruzənin hazırlanması missiyasının Aqramunta həvalə edilməsinə 29 deputat səs verib.
Qərarla bağlı “Turan İA”-a hüquq müdafiəçisi Rəsul Cəfərov bildirib ki, məruzəçi insan hüquqları ilə bağlı konformist mövqe tutan Aqramunt təyin edilsə də, bu qərarın qəbulu faktının özü siyasi məhbuslar problemin olmasından xəbər verir.
İstənilən halda Aqramunt məruzəni hazırlamalı və problemi Azərbaycan hakimiyyəti ilə müzakirə etməli, siyasi məhbusların azad edilməsi üzrə addımların qəbuluna yardım etməlidir.
Azərbaycan Sülh və Demokratiya İnsititutunun rəhbəri Leyla Yunus isə Meydan Tv-yə bildirib ki, Aqramunt onun yaddaşında hökümətin lobbiçilərindən biri kimi qalıb: “Bu seçimi pis dəyərləndirirəm. Hesab edirəm ki, siyasi məhbuslarla bağlı Monitorinq Komitəsindən yox, İnsan Hüquqları Komitəsindən və təkcə siyasi məhbuslarla bağlı işləyən məruzəçi seçilməli idi. Amma Pedro Aqramunt və Debone Qrex onsuz da bütün öhdəliklərlə bağlı Monitorinq Komitəsinin mərzuçəsidirlər. Bu iki məruzəçinin adını səsə belə qoymaq lazım deyildi. Çünki onların artıq ayrı işi var. Tələb etmək lazım idi ki, ayrı məruzəçi seçilsin. Debone Qrex və Pedro Aqramunt sonuncu dəfə may ayında burada olanda onlarla təkbətək görüşmüşəm. Digər QHT-ləri ayrı, məni ayrı dəvət etmişdilər. Bir saat ərzində mən onlara izah etdim ki, Azərbaycanda siyasi repressiyalar gedir. Amma gördüm ki, Aqramunt bu məsələlərdən çox uzaqdır. Hökümətin tərəfini tutur. Yəni hökümətin lobbiçilərindən biridir. Və əfsuslar olsun ki, siyasi məhbusların Azərbaycanda durmadan artdığı bir vaxtda, belə bir həmməruzəçi təyin edirlər”.
“Hazırda ölkədə siyasi məhbus probleminin ciddiliyini nəzərə alaraq, bu məsələ üzrə AŞPA-nın Azərbaycana xüsusi məruzəçi təyin etməsini dəstəkləyirəm”, – bunu isə hüquq müdafiəçisi Arzu Abdullayeva AŞPA-nın mövqeyini şərh edərkən bildirib.
“2009-cü ildə Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbus məsələsi üzrə məruzəçi təyin olunmasına etiraz etmişdim. Çünki o zaman Azərbaycan üzrə Andes Herkel kimi məruzəçi vardı. Bu şəxs ciddi fəaliyyət göstərirdi. Ölkə həyatındakı problemləri AŞPA-ya təqdim etdiyi hesabatlarda qaldırırdı. Amma K.Ştrasser məruzəçi təyin edildikdən sonra A.Herkel siyasi məhbus məzələsindən kənara çəkildi. K.Ştrasser isə bu və ya digər səbəbdən Azərbaycana gələ bilmədi.
Daha sonra Azərbaycan üzrə yeni məruzəçilər təyin olundu. Yeni məruzəçilər olan Pedro Aqramunt və Cozef Qrex özlərini “sakit” aparırlar. Bu isə ölkədə siyasi məhbus məsələsinə mənfi təsir göstərir. “İndiki halda siyasi məhbus məsələsi üzrə xüsusi məruzəçinin təyin olunması Azərbaycan gerçəkliyinə cavab verir”, – A.Abdullayeva bildirib.
A.Abdullayeva Azərbaycanda siyasi məhbislar üzrə sənədlərin toplanmasının ümumi məruzəçilərdən biri P.Aqramunta tapşırılmasının birmənalı olaraq əleyhinə çıxıb. “Mən bu şəxsin təyinatının qəti əleyhinəyəm, bu adam ümumi mərizəçi olarkən işinin öhdəsindən gəlib ki, hələ əlavə bir məsələ də ona etibar edilir?”, – A.Abdullayeva etirazını ifadə edib.
Ötən gün 11 QHT 81 nəfər siyasi məhbusun olduğu siyahını AŞPA-ya təqdim edib.