Hüquq müdafiəçisinin həbs müddəti uzadılıb

Rüfət Səfərov – Foto: Şəxsi Facebook səhifəsi

Məhkəmə yeni sübutların toplanmasını nəzərə alaraq müddətin artırılmasını “zəruri” hesab edib

Martın 18-də hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanından verilən təqdimata baxılıb.

Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Rüfət Səfərovun həbs müddəti mayın 3-dək uzadılıb.

Bildirilib ki, məhkəmə yeni sübutların toplanmasını nəzərə alaraq müddətin artırılmasını zəruri hesab edib.

Rüfət Səfərov ötən 2024-cü il dekabrın 3-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işində iddia olunur ki, Rüfət Səfərov Novxanıda torpaq satmaq adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat pul alıb.

Həmin şəxslə dekabrın 3-də aralarında mübahisə düşüb və onu vurub.

Rüfət Səfərov isə bu ittihamların saxta olduğunu, həmin gün axşam saat 17.00 radələrində evə qayıdarkən qarajda maşından düşəndə bir nəfərin ona hücum etdiyini, dərhal da ətrafdan polislərin qaraja daxil olub, onu qandallayıb apardığını bildirir.

Hüquq müdafiəçisi vurğulayır ki, Natiq İmamquliyevdən pul almaması bir yana, qarajdakı hadisəyə qədər ümumiyyətlə, onu görməmişdi.

Rüfət Səfərov həbsdə olsa da, 10 dekabr – Beynəlxalq İnsan Haqları Günü münasibətilə həmin vaxt ABŞ-nin dövlət katibi vəzifəsini daşıyan Entoni Blinken onu “İlin güclü hüquq müdafiəçisi” mükafatı ilə təltif edib.

Keçmiş dövlət katibi çıxışında vurğulayıb ki, Rüfət Səfərov hüquq müdafiəçisi kimi fəaliyyətinə görə həbs edildiyinə görə mükafatı özü qəbul edə bilmir.

Rüfət Səfərov vaxtilə Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas, ardınca prokurorluqda müstəntiq işləyib.

O, 2015-ci ilin dekabrında ölkədə insan hüquqlarının pozulması, qanunların işləməməsinə etiraz olaraq bəyanatla prokurorluğun müstəntiqi vəzifəsindən istefa verib.

Bu addımından sonra onun mənzilində axtarış aparan prokurorluq özünün də haqqında cinayət işi başladıb və o, həbs olunub.

Rüfət Səfərov 9 il azadlıqdan məhrum edilib.

2019-ci ilin martında əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılandan sonra “Müdafiə Xətti” təşkilatını təsis edərək insan hüquqlarının müdafiəsilə məşğul olmağa başlayıb.

Ana səhifəSiyasətHüquq müdafiəçisinin həbs müddəti uzadılıb