Hüquq müdafiəçisinə Azərbaycana gəlməyə icazə verilməyib

Florian İrminger – Foto: Youtube Video Screenshot

Beynəlxalq hüquq müdafiəçisi Florian İrmingerə Azərbaycana gəlmək üçün viza verilməyib.

Bu barədə məlumatı azərbaycanlı hüquq müdafiəçiləri AbzasMedia-ya sızdırıblar. Məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) aprelin 16-da hüquq müdafiəçisinə rəsmi e-poçt vasitəsilə imtina cavabı göndərib.

Sənəddə imtinanın səbəbləri açıqlanmayıb. Bununla belə, hüquq müdafiəçiləri İrmingerin Azərbaycanda hüquq müdafiəsi və ictimai fəaliyyəti ilə əlaqədar ölkəyə buraxılmadığını ehtimal edirlər.

Bildirilir ki, Florian İrminger Azərbaycanda hazırda davam edən jurnalist məhkəmələrini, həmçinin Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədlinin məhkəmə prosesini izləmək üçün ölkəyə gəlməyi planlaşdırırdı.

Florian İrminger daha əvvəl İnsan Haqları Evi Fondunun Cenevrə nümayəndəliyi və Penal Reform International kimi bir sıra təşkilatlarda rəhbər vəzifələrdə çalışıb. O, 2024-cü ilin noyabrında Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri Konfransı (COP29) zamanı “İqlim üçün ədalət” kampaniyasının koordinatoru olub və Azərbaycanda siyasi məhbuslarla bağlı məsələləri gündəmə gətirib.

İrminger hazırda “Progress & Change Partnerships” təşkilatında direktor vəzifəsini icra edir. O, eyni zamanda “Azərbaycanda repressiyalara son qoyulması üzrə kampaniya”nın koordinatorlarından biri kimi də fəaliyyət göstərir.

Ana səhifəSiyasətHüquq müdafiəçisinə Azərbaycana gəlməyə icazə verilməyib