İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin sədri Fikrət Cəfərli azadlıqdan məhrum edilib.
Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.
Yaxınları bildirib ki, bu gün hüquq müdafiəçisinə qarşı xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə məhkəmə prosesi keçirilib.
Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, Fikrət Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib.
Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev xüsusi ittiham qaydasında hüquq müdafiəçisini məhkəməyə vermişdi.
Vəkil Elvin Əliyev Fikrət Cəfərlinin ona qarşı böhtan yaydığını, bununla da işgüzar nüfuzuna zərər vurduğunu iddia edib.
O, hüquq müdafiəçisinin Cinayət Məcəlləsinin 147.1-ci maddəsi (böhtan) ilə məsuliyyətə cəlb olunmasını tələb edib.
İddiaya səbəb hazırda həbsdə olan Elvin Allahverdiyevin keçmiş vəkilindən şikayətinin İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin “Facebook” səhifəsində yayılmasıdır.
Məhbusun şikayətində vəkilin ondan 10.500 manat pul aldığı, lakin vəd etdiyi hüquqi nəticəni təmin etmədiyi və sonradan hədələyici davranışlara yol verdiyi qeyd olunub.
Fikrət Cəfərli bildirib ki, yayımlanan məlumat onun şəxsi mövqeyi deyil və sosial şəbəkədə jurnalist Arzu Abdulla tərəfindən paylaşılan müraciətə istinadla təqdim edilib.
Hüquq müdafiəçisi ona qarşı qaldırılan iddianı siyasi sifariş adlandırıb.
Onun fikrincə, Vəkillər Kollegiyasını tənqid etdiyi üçün təşkilat rəhbərliyi onu cəzalandırmağa çalışır.