Onlar hazırda həbsdə olan jurnalistin səhhətində mövcud olan problemlərlə bağlı narahatlıqlarını ifadə ediblər
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlı İlham Əliyev və Mehriban Əliyevaya müraciət ediblər.
Turan agentliyi xəbər verir ki, onlar hazırda həbsdə olan Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılması üçün təklif və jurnalistin səhhətində mövcud olan problemlərlə bağlı narahatlıq bildiriblər:
“O, beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb. Hazırda da o, Kürdəxanı İstintaq Təcridxanasının tibbi hissəsində saxlanılır və həkim nəzarəti altındadır. Onu da qeyd edək ki, jurnalistin himayəsində iki azyaşlı övladı var”.
2023-cü ilin noyabrından bu yana Azərbaycanda 30-dan artıq jurnalist həbs olunub.
Onların arasında “Meydan TV”, “AbzasMedia”, “Toplum TV”, Kanal 13”, “meclis.info” kimi tənqidçi media orqanlarının rəhbərləri və çoxsaylı əməkdaşları var.
Jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb. Lakin onlar bu ittihamı rədd edir, jurnalist fəaliyyətlərinə, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildirirlər.