“Human Rights Watch”: ”Hakimiyyət Əli Kərimlini azad etməlidir”

Əli Kərimli – Foto: Şəxsi “X” platforması

“Human Rights Watch” beynəlxalq insan hüquqları təşkilatı hazırda həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barədə bəyanat verib.

Təşkilat bildirib ki, siyasətçiyə qarşı qeyri-insani rəftara dərhal son qoyulmalıdır.

Bəyanatda Əli Kərimlinin iyun ayında “France 24” telekanalında yayımlanan müsahibəsindən sonra onun saxlanma şəraitinin daha da pisləşdiyi qeyd edilir:

“Müsahibədə siyasətçi məruz qaldığı pis rəftardan, həmçinin Avropanın Azərbaycanla enerji əməkdaşlığı çərçivəsində insan haqlarını arxa plana atmasından bəhs edib. Bundan sonra onun həftəlik 15 dəqiqə zəng hüququ 4 dəqiqəyə endirilib. Həmçinin onun kamerasına köçürülən məhbus gecələr yüksək səslə dini ayinlər oxuyur, zikrlər edir. Bu da yuxusuz qalan Əli Kərimlini ağır psixoloji təzyiq altında yaşamağa məcbur edir”.

Təşkilat Azərbaycan hökumətini Əli Kərimlini azad etməyə çağırıb:

“Azərbaycan rəhbərliyi bu cəza xarakterli məhdudiyyətlərə dərhal son qoymalı, Əli Kərimlini həbsdən azad etməli və ona qarşı irəli sürülmüş əsassız ittihamları ləğv etməlidir. Azərbaycanın beynəlxalq tərəfdaşları isə bu məsələni həm ictimai müstəvidə, həm də ikitərəfli görüşlər zamanı müzakirəyə qaldırmalıdırlar”.

Əli Kərimli 2025-ci il noyabrın 29-da həbs olunub. Onunla birlikdə AXCP Məclisinin üzvü Məmməd İbrahim də saxlanılıb. Onlara qarşı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham irəli sürülüb.

Hər iki siyasətçinin həbsi sabiq Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ətrafında aparılan istintaqla əlaqələndirilir.

Müxalifət və tərəfdarları bu həbslərin siyasi motivli olduğunu bildirirlər. Beynəlxalq insan hüquqları təşkilatları və müşahidəçilər də həbsləri siyasi təqib nümunəsi kimi qiymətləndiriblər.

Hazırda 20-dən çox AXCP üzvü və fəalı həbsdədir. Partiya onların da siyasi motivlərlə təqib olunduğunu bəyan edir.

Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaqın son siyahısına görə, ölkədə 328 siyasi məhbus var.

Azərbaycan hakimiyyəti isə ölkədə siyasi motivli həbslərin olması ilə bağlı iddiaları rədd edir. Rəsmi qurumlar bildirirlər ki, həbs olunan şəxslər siyasi baxışlarına görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Ana səhifəSiyasət“Human Rights Watch”: ”Hakimiyyət Əli Kərimlini azad etməlidir”