Human Rights Watch: Azərbaycan hakimiyyəti xaricdəki tənqidçilərinə qarşı repressiyanı genişləndirir

Human Rights Watch, Foto: By Casimiro PT/Shutterstock

Azərbaycanda məhkəmələr xaricdə yaşayan jurnalistlərə, blogerlərə və hökuməti tənqid edən digər şəxslərə qarşı siyasi motivli qiyabi hökmlər çıxarmağa davam edir. Bu barədə “Human Rights Watch” təşkilatının Avropa və Orta Asiya üzrə direktor müavini Giorgi Qogiya açıqlama yayıb.

Onun yazdığına görə, yanvar ayında Bakı məhkəməsi ABŞ-də yaşayan bir neçə hökumət tənqidçisi barədə hökm çıxarıb. Jurnalist Sevinc Osmanqızı “kütləvi iğtişaşlara çağırış” və “dövlət çevrilişinə çağırış” ittihamları ilə qiyabi qaydada 8 il azadlıqdan məhrum edilib. Videobloqer Vaqif Allahverdiyev də 8 il, bloqer Murad Quliyev isə sosial şəbəkə paylaşımlarına görə 6 il həbs cəzası alıb.

Giorgi Qogiya bildirib ki, bu hallar “Human Rights Watch”un sənədləşdirdiyi daha geniş repressiya dalğasının tərkib hissəsidir. Ötən il mühacirətdə olan jurnalist Qənimət Zahid 7 il müddətinə məhkum edilib, tarixçi Altay Göyüşov və siyasi analitik Ərəstun Oruclu barədə cinayət işləri başlanıb. Bundan başqa, Tural Sadıqlı, Orduxan Bəbirov (Temirxan), Elşad Abdullayev, Rəfael Piriyev, Qurban Məmmədov və digərləri də oxşar ittihamlarla üzləşiblər.

HRW nümayəndəsi qeyd edib ki, repressiya yalnız qiyabi hökmlərlə məhdudlaşmır. 2025-ci ilin martında talış tarixçi Zahirəddin İbrahimov Rusiyada yoxa çıxıb və sonradan onun Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin nəzarətində olduğu məlum olub. O, “vətənə xəyanət” və “dövlət əleyhinə çağırışlar” ittihamı ilə həbs edilib.

Eyni ay etnik azlıq fəalı Kamal İsayev Türkiyədə saxlanılaraq zorla Azərbaycana gətirilib. O, azlıqların hüquqlarını müdafiə edən fəaliyyətinə görə hədəf alındığını bildirib və hazırda istintaq təcridxanasında saxlanılır.

“Bu hallar Azərbaycan hakimiyyətinin xaricdə yaşayan tənqidçilərinə qarşı transmilli repressiya kampaniyasını genişləndirdiyini göstərir və diaspor icmalarının təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradır”, – Giorgi Qogiya vurğulayıb.

“Human Rights Watch” Azərbaycan hakimiyyətini mühacirətdə olan tənqidçilərə qarşı bütün siyasi motivli ittihamları ləğv etməyə, qiyabi hökmləri geri götürməyə çağırır. Təşkilat xarici dövlətləri də siyasi motivli ekstradisiya tələblərini icra etməməyə və öz ərazilərində yaşayan şəxsləri təqibdən qorumağa səsləyib.

Ana səhifəSiyasətHuman Rights Watch: Azərbaycan hakimiyyəti xaricdəki tənqidçilərinə qarşı repressiyanı genişləndirir