İnsan haqları iqtisadçının həbsi ilə bağlı bəyanat yaydı
Azərbaycan hakimiyyəti tanınmış müxalifət lideri və alim Qubad İbadoğlunu saxta cinayət ittihamı ilə həbs edib.
“Human Right Watch” insan haqları təşkilatının yaydığı bəyanatda belə bildirir.
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlamaq, əldə etmək və ya satmaq ittihamı ilə 4 aylıq həbs-qətimkan tədbiri seçib. Günahı sübuta yetirilərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir.
Təşkilat bildirir ki, həbs zamanı polislər Qubad İbadoğlu və həmin vaxt yanında olan həyat yoldaşına qarşı güc tətbiq ediblər.
“Hakimiyyət ona qarşı ittihamları götürüb azad etməlidir”, – sənəddə bildirilir.
“Human Rights Watch”-un Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Gogia bildirib ki, İbadoğlunun həbsi Azərbaycanda hökuməti tənqid edənlərə qarşı şübhəli ittihamların irəli sürülməsinin uzun müddətdir davam edən nümunəsindən biridir:
“Bu cür saxta ittihamlar yalnız bir məqsədə xidmət edir – ölkədə müxalifəti və tənqidi səsləri susdurmaq. O, dərhal azad edilməlidir”.
Azərbaycanın tanınmış siyasətçisi Qubad İbadoğlu 2014-cü ildə platforma kimi yaradılmış Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədridir. İbadoğlu 2021-ci ilin fevralından hərəkatı siyasi partiya kimi qeydiyyatdan keçirməyə çalışır.
2023-cü ilin iyununda Qubad İbadoğlu azərbaycanlı gənclərin ali təhsil almasına dəstək olmaq, onları xaricdə universitetlərə yerləşdirmək və “Azərbaycanın gələcəyi naminə” yeni peşəkar nəsil yetişdirmək məqsədi ilə daha iki azərbaycanlı müxalif siyasətçi Cəmil Həsənli və Arif Məmmədovla birlikdə Böyük Britaniyada Azərbaycan Gənclərinin Təhsili Fondunu yaradıb. O, “Facebook”da bildirib ki, fond ianələr və həmçinin, xaricdəki korrupsioner Azərbaycan elitalarından müsadirə edilmiş xarici aktivlər hesabına maliyyələşəcək.
“Human Rights Watch” bildirir ki, Qubad İbadoğlunun Azərbaycan Gənclərinin Təhsil Fondu ətrafında apardığı səylər hökumətyönlü media orqanlarının qarayaxma kampaniyasının hədəfinə çevrilib.
“İbadoğlu illər ərzində dövlət maliyyəsinin idarə edilməsi, səmərəli idarəetmə və büdcə şəffaflığı ilə bağlı araşdırmalar aparan qeyri-hökumət qrupuna İqtisadi Araşdırmalar Mərkəzinə rəhbərlik edib. Hakimiyyət Azərbaycanın vətəndaş cəmiyyətinə qarşı genişmiqyaslı repressiyaların bir hissəsi olaraq 2014-cü ildə qrupun bank hesablarını dondurdu və onu bağladı. Siyasi motivli ittihamlarla üzləşən İbadoğlu 2015-ci ilin əvvəlində siyasi sürgünə getməyə məcbur olub, 2021-ci ilin yayında qısa müddətə Azərbaycana qayıdıb və bir də 2023-cü ilin iyun ayının sonunda geri qayıdıb. İbadoğlu həm də ABŞ və Avropanın müxtəlif institutlarında dərs deyən tanınmış siyasi iqtisadçıdır. Bu yaxınlara qədər o, London İqtisadiyyat Məktəbində baş qonaq alim idi”.
Təşkilat qeyd edir ki, Qubad İbadoğlu iyulun 23-də avtomobili ilə həyat yoldaşı İradə Bayramovanın müşayiətilə Bakıdan təxminən 40 kilometr aralıda yerləşən Sumqayıt şəhərinə, rəhbərlik etdiyi siyasi partiyanın gənc fəallarıyla görüşə gedib. Saat 13 radələrində dörd mülki avtomobil onları mühasirəyə alaraq onun avtomobilini arxadan və qabaqdan maşınları ilə sıxaraq yol-nəqliyyat hadisəsi törətməyə məcbur edib.
“Qızı Jalə Bayramova bildirib ki, 20-yə yaxın mülki geyimli şəxs avtomobildən düşərək cütlüyü maşından zorla düşürüb və fiziki təzyiq göstərib. Daha sonra onları ayrı-ayrı avtomobillərə zorla mindirərək Daxili İşlər Nazirliyinin Bakı Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Bayramovanın qolları, ayaqları və kürəyində çoxsaylı qançırlar olub. Hadisə yerində olan mülki geyimli zabitlər həbs zamanı saxlanmalarının səbəblərini açıqlamayıblar. Q.İbadoğlu pis rəftarla bağlı şikayət ərizəsi yazıb və iddialara görə, aidiyyatı orqanlar araşdırma aparır”.
“Human Rights Watch” həmçinin bildirir ki, saxlanılandan sonra məmurlar İbadoğlu və Bayramovanı ayrı-ayrı kameralara yerləşdiriblər. Onlar Bayramovanı vəkilsiz dindirib və axşam saat 19 radələrində sərbəst buraxıblar.
“Polis gecə yarısına kimi İqtisadi Tədqiqatlar Mərkəzinin Bakının Nərimanov rayonundakı ofisində axtarış aparıb və oradan 40 min ABŞ dolları nağd pul, onlarla sənəd və kompüter avadanlığı ələ keçirib. İbadoğlunun ailəsi ofisdən istifadə edirdilər, lakin açarlar qeyri-müəyyən şəkildə işləmədiyi üçün səhər saatlarında gələ bilməyiblər.
Daxili İşlər Nazirliyi iyulun 23-də yaydığı rəsmi açıqlamada Türkiyə hökumətinin terror təşkilatı hesab etdiyi və 2016-cı ildə Türkiyədə hərbi çevriliş cəhdinə görə məsuliyyət daşıyan ABŞ-da yaşayan sünni din xadimi Fətullah Gülənin tərəfdarlarına qarşı keçirilən əməliyyat çərçivəsində İbadoğlu da daxil olmaqla bir neçə nəfəri həbs etdiklərini iddia edib.
İbadoğlu saxta pul hazırlamaqda, əldə etməkdə və ya satmaqda şübhəli bilinir. İctimaiyyətə açıq olan məlumata görə, hakimiyyət iyulun 20-də İbadoğlunun ona pulu milli valyutaya dəyişmək və onun üçün bəzi işlər görmək üçün verdiyini iddia edən Anar Əliyev adlı daha bir şəxsi saxlayıb”.
Qubad İbadoğlu ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.
İbadoğlunun ailə üzvləri “Human Rights Watch”-a bildiriblər ki, o, ən azı dörd dərman qəbul etdiyi 2-ci tip şəkərli diabet və yüksək təzyiq də daxil olmaqla, səhhətinin pisləşməsindən əziyyət çəkir:
“Azərbaycan rəsmiləri İradə Bayramovanın həyat yoldaşına lazım olan dərmanları köçürməsinə icazə verməyiblər. Azərbaycan hakimiyyəti müxalifət lideri və alim Qubad İbadoğlunu saxta cinayət ittihamı ilə həbs edib”.