“İnsanları döyür, elektrik cərəyanı verirdilər”
Rusiya ordusu Kiyev və Çerniqov vilayətlərində dinc əhaliyə qarşı edamlar həyata keçirib, onlara işgəncələr verib və “müharibə cinayəti” kimi qiymətləndirilə bilən digər qanunsuz əməllər törədib.
Bu fikirlər “Human Rights Watch” (HRW) təşkilatının mayın 18-də yaydığı bəyanatda əksini tapıb.
Bəyanatda təşkilatın aprel ayında Kiyev və Çerniqov vilayətlərində 17 yerə baş çəkdiyi qeyd olunub:
“22 məhkəmədən kənar edam, 9 qeyri-qanuni həyatdan məhrumetmə, 6 potensial zorla itkin düşmə və 7 işgəncə halını sənədləşdirib. Bundan əlavə, hüquq müdafiəçiləri mülki şəxslərin qeyri-insani, alçaldıcı şəraitdə qanunsuz olaraq necə saxlandıqlarına dair 21 nəfərin ifadəsini alıblar”.
Təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Qoqiya bildirib ki, müharibənin əvvəlində Ukraynanın şimalını işğal edən rus qoşunlarının çoxsaylı vəhşilikləri iyrənc, qeyri-qanuni və qəddardır:
“Bir çox mülki şəxs deyir ki, rus hərbçiləri onları günlərlə, hətta həftələrlə çirkli, havasız otaqlarda – məktəbin zirzəmisində, fabrikdə, qazanxanada – praktiki olaraq yeməksiz, susuz, tualetsiz saxlayıblar. Məsələn, Yaqodnoye kəndində rus hərbçiləri 350-dən çox yerli sakini 28 gün məktəbin zirzəmisində saxlayıb. Onlardan beşi körpə olmaqla azı 70-i uşaq olub. Təsəvvür edin ki, bu müddətdə heç kəs çölə buraxılmayıb. Otaqda nəfəs almağa heç nə, heç yatmağa boş yer də yox idi. İnsanlar vedrələrdə rahatlıq tapmalı idilər”.
“Human Rights Watch” Rusiya hərbçilərinin məhbuslardan ifadə almaq üçün onlara işgəncə verdiyi yeddi hadisəni sənədləşdirib: “İnsanları döyür, elektrik cərəyanı verir, edamları səhnələşdirirdilər”.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.