Hollivudda etiraz və tətillər

Mənbə: “pluggedin.ru”

160 min aktyor maaşlarının artırılmasını istəyir

Hollivudda 160 min aktyorun tətilə çıxacağı bildirilir.

Bu haqda Ekran Aktyorları Gildiyası və Televiziya və Radio Sənətçiləri Federasiyasının (SAG-AFTRA) məlumatında deyilir.

Aktyorlar Film və Televiziya Prodüserləri Alyansı qarşısında bir sıra tələblər qoyublar.

Bunlara əməl edilməsə Hollivudda ssenaristlərin tətilinin ardınca aktyorların da onlara qoşulacağı güman edilir.

Hollivudun ən böyük kinostudiyaları ilə aktyorluq peşəsinin ən böyük birliyi sayılan SAG-AFTRA arasında müqavilə iyunun 30-da başa çatıb.

Tətildən yayınmaq üçün tərəflər müqaviləni müvəqqəti olaraq iyulun 12-də gecə yarısına qədər uzatmaq barədə razılığa gəliblər.

Danışıqlara federal vasitəçilər cəlb edilib.

SAG-AFTRA-nın əsas tələbi kino sənayesi nümayəndələrinin minimum əməkhaqlarının və sosial təminatlarının artırılmasıdır.

Cennifer Lourens, Meril Strip, Ben Stiller, Pedro Paskal kimi məşhur aktyorlar tətili dəstəklədiklərini bəyan ediblər.

Aktyorların etiraz aksiyası başlayarsa, Hollivud demək olar ki, iflic vəziyyətinə düşə bilər.

2023-cü il mayın əvvəlində, Film və Televiziya Prodüserləri Alyansı ilə danışıqların nəticəsiz qalmasından sonra, Hollivud filmləri, serialları və əyləncə şouları üçün məzmun yaradan 11,5 mindən çox müəllifi birləşdirən Amerika Yazıçılar Gildiyası etirazlara başlayıb.

Davam edən tətillə əlaqədar film və serialların çəkilişləri təxirə salınıb.

Bir çox başqa layihələr dayandırılıb.

Film və Televiziya Prodüserləri Alyansı ilə danışıqlar istənilən nəticəni verməsə, bu, ABŞ kino sənayesi tarixində 1960-cı illərdən bəri ikinci ən böyük tətil olacaq.

Ana səhifəMədəniyyətHollivudda etiraz və tətillər