“Hökumət repressiyalar üçün COVİD 19-dan bəhanə kimi istifadə etməsin”

Fond hesab edir ki, bu dəyişikliklər jurnalistləri və azad KİV-ləri çoxdan təqib edən hakimiyyət tərəfindən sui-istifadə hallarına gətirib çıxara bilər.

Source: Foto: Turan İA


Beynəlxalq İnsan Hüquqları Evləri Fondu bəyanat yaydı

Hökumətin ictimai səhiyyə problemlərinin həlli üzrə istənilən səylərindən repressiyalar üçün bəhanə kimi istifadə olunmamalıdır. Bu barədə Beynəlxalq İnsan Hüquqları Evləri Fondunun koronavirus pandemiyası şəraitində Azərbaycanda insan hüquqları sahəsində vəziyyətlə bağlı bəyanatında deyilir.

Məlumatı “Turan” yayıb.

Bəyanatda qeyd edilir ki, martın 17-də Azərbaycan Parlamenti informasiya haqqında qanuna COVİD-19 böhranı şəraitində dezinformasiyaya görə məhkəmə nəzarəti olmadan cəza nəzərdə tutan dəyişiklikləri təsdiq edib.

Fond hesab edir ki, bu dəyişikliklər jurnalistləri və azad KİV-ləri çoxdan təqib edən hakimiyyət tərəfindən sui-istifadə hallarına gətirib çıxara bilər. Qanunvericilik cəmiyyətin sağlamlığının keşiyində durmalıdır, KİV-in azadlığının daha da məhdudlaşdırılması üçün istifadə edilməməlidir.

Belə ki, martın 8-də polis COVİD-19-a qarşı mübarizə bəhanəsi ilə müxalif D18 qrupunu ofisini tərk etməyə məcbur edib.

Martın 23-də polis müxalifət liderlərindən birini – Tofiq Yaqublunu şübhəli xuliqanlıq ittihamı ilə həbs edib. Martın 21-23-də guya karantini pozduğuna görə inzibati qaydada həbs edilmiş iki digər siyasi fəal hakimiyyətin hədəfinə çevrilib.

Martın 30-da hüquq müdafiəçisi Elçin Məmmədin sübut edilməmiş oğurluq ittihamı ilə saxlanıldığı məlum olub.

“Prezident Əliyev Novruzla əlaqədar bayram nitqində hakimiyyətin COVİD-19 böhranından satqın və "beşinci kolon" adlandırdığı müxalifətin "təcridi" üçün istifadə etdiyini anons edib. Bu dil hakimiyyətin 2014-cü ildə tənqidi səslərə qarşı genişmiqyaslı repressiyalar zamanı istifadə etdiyi dilə çox bənzəyir”, – məlumatda qeyd olunur.

"Böhranlar zamanı dövlət orqanları açıq fəaliyyət göstərməli, vaxtında informasiya əldə edilməsini təmin etməlidir. Biz Azərbaycan hakimiyyətinin COVİD-19 pandemiyasından hüquq müdafiə təşkilatlarının boğulması üçün istifadə etmək cəhdlərini diqqətlə izləyəcəyik.

Azərbaycan hakimiyyəti böhran zamanı öz vətəndaşlarını, o cümlədən hüquq müdafiəçilərini qorumaq öhdəliyi daşıyır", – deyə İnsan Hüquqları Evləri Fondu vəkillərinin sədri Deyv Elseruad qeyd edib.

Ana səhifəSiyasət“Hökumət repressiyalar üçün COVİD 19-dan bəhanə kimi istifadə etməsin”