“Bakı Metropoliteni” açıqladığı rəqəmi nəyə əsasən hesabladığını demir
Ötən il Bakı metrosunda bir sərnişinin daşınmasının 68 qəpiyə başa gəldiyi bildirilir.
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov belə deyir.
Bir nəfərin gedişhaqqı 40 qəpik olduğundan sədr müavini metronun zərərlə çalışdığını göstərir:
“Metronun əsas gəliri sərnişindaşımadandır. Reklam, müxtəlif kabellərə xidmət, stansiyalarda olan ticarət obyektləri və s. baxımından gəlirlər o qədər də çox deyil”.
“Metro üçün məhsullar, avadanlıq, qurğu və sistemlər, əsasən, ölkə xaricində istehsal olunur. Pandemiyadan sonra adicə ağac şpalların qiyməti iki dəfə artıb. Bunlar hamısı qiymətə təsir edir”, – sədr müavini vurğulayıb.
Hidayət Məmmədovun sözlərinə görə, 2018-ci ildə bir sərnişinin daşınmasının maya dəyəri 51, 2019-cu ildə 50 qəpik olub. Lakin pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə metronun əsas gəlir mənbəyi olan sərnişindaşımaya mənfi təsir göstərib. Beləliklə, maya dəyəri artıb.
“İctimai rəyi qiymət artımına hazırlayırlar”
İqtisadçı Natiq Cəfərli deyir ki, metropoliten rəhbərliyi açıqlama verib, lakin bir sərnişinin daşınmasının 68 qəpik olmasını necə hesabladıqlarını, hansı üsuldan istifadə etdiklərini deməyib:
“Niyə 68 qəpik olub? Məsələn, maraqlıdır, sərnişin bir stansiya gedəndə də 68 qəpik olur, on stansiya gedəndə də?! Bütün bu suallara cavab yoxdur, sadəcə tavandan bir rəqəm söyləyib ictimai rəyi qiymət artımına hazırlayırlar”.
“Tikinti xərclərinin hesaba qatılması manipulyasiyadır”
Başqa bir iqtisadçı Fərid Mehralızadə də deyir ki, metropolitenin açıqladığı 68 qəpik məsələsini şərh etmək çətindir, çünki hesablama metodologiyası qaranlıqdır:
“Qurum rəsmisi sadəcə bir rəqəm atıb ortaya. Həmin rəqəmi necə hesabladıqları barədə məlumat vermir. Bunu deyən hesablama ilə bağlı sənəd də açıqlamalıdır. Nə qədər vəsaitlə maaş verilib, nə qədəri yanacağa xərclənib. Bəlkə ora yeni stansiyaların tikilməsi, təzə vaqonların alınması xərcləri də daxil edilib, bilmirik. Əgər tikinti xərcləri də hesaba qatılırsa, bu, manipulyasiyadır, çünki bilinmir bu xərclər maya dəyərinə girməlidir, ya yox”.
Maya dəyəri necə hesablanır?
İqtisadçı deyir ki, nəticədə, maya dəyərinin niyə artıq çıxmasının səbəbi məlum deyil:
“Necə hesablayıblar, necə bu qənaətə gəlinib, bilinmir. Bir sərnişinin daşınması maya dəyərindən baha olsa, açıqlanan 68 qəpik rəqəmi doğru olsa belə bu, təəccüblü gəlməz. Çünki ictimai nəqliyyat elə bir sahədir ki, öz-özünü maliyyələşdirməsini tam gözləmək lazım deyil. Dünyanın ən böyük şəhərlərində belə ictimai nəqliyyat həm də dotasiya ilə işləyir. Çünki hökumətlər buna sosial siyasət kimi baxır. İnsanların rahatlığı üçün müəyyən qədər vəsait ayırır. Məqsəd ictimai nəqliyyata hamının əlinin çatması, qiymətlərin yüksəlməməsidir”.
68 qəpik nə dərəcədə realdır?
Fərid Mehralızadə deyir ki, digər tərəfdən rəqəmlər açıqlanmadığından bilinmir, bəlkə yaxşı idarə edilə bilmədiyi üçün qiymətlər bu qədər şişib. Onun sözlərinə görə, bütün bu məqamları bilmədən 68 qəpiyin nə dərəcədə real olub-olmadığını demək çətindir:
“Qiymət qalxsa, bunun insanlara təsiri mənfi olacaq. Çünki son 2-3 il ərzində ölkədə yüksək səviyyəli inflyasiya var. Bu da xüsusən aşağı gəlirli əhali qrupuna ciddi mənfi təsirlər göstərib. Hətta onların hiss etdiyi inflyasiya göstəricisi açıqlanan orta göstəricidən daha yüksəkdir. Onu da nəzərə almaq lazımdır ki, bizdə ictimai nəqliyyatda differensial qiymətlər yoxdur. Dünyanın bir çox ölkəsində tələbələrə, pensiyaçılara və digər xüsusi həssas qruplara ictimai nəqliyyatdan istifadə zamanı müəyyən güzəştlər tətbiq edilir. Bizdə bu da olmadığından qiymətin artması ən aşağı gəlirli insanların xərclərini daha da artıracaq. Bu da onların sosial rifahının daha da aşağı düşməsinə səbəb olacaq”.
Metro Azərbaycanın yalnız Bakı şəhərindədir. 1967-ci ildə açılan metronun hazırda 26 stansiyası var.
Güzəşt yoxdur
Avropanın bir çox ölkəsində əlilliyi olan insanlara, pensiyaçılara, tələbə və şagirdlərə metro və digər nəqliyyat vasitələrindən istifadədə güzəştli tarif təklif olunur. Qonşu Gürcüstanda da bu, belədir. Eyni zamanda, dünyanın bir çox ölkəsində, şəhərlərində ictimai nəqliyyata abunəlik mövcuddur. Məsələn, birdəfəlik bilet, 10 dəfəlik biletin qiymətində fərq var. Hətta bir, üç, altı aylıq və bir illik abunə paketləri mövcuddur ki, vaxt artdıqca qiymət ucuzlaşır. Azərbaycanda isə bunların heç biri tətbiq edilmir.