Hökumət ictimai fəallara və keçmiş baş prokurora təzminat ödəyəcək

Avropa Məhkəməsi, Foto: By Maykova Galina/Shutterstock

Gəncə sakini də kompensasiya alacaq

Avropa Məhkəməsi oktyabrın 10-da Azərbaycanla bağlı 3 qərar və qərardadını elan edib.

“Aygül Cəfərova və başqaları Azərbaycana qarşı” məhkəmə işi bir qrup ictimai fəalın şikayəti ilə bağlıdır.

Bu məhkəmə işi toplaşmaq və effektiv müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusu iddiaları ilə bağlı idi. Hökumət kommunikasiya zamanı təktərəfli bəyannamə ilə pozuntuları etiraf edib, ərizəçilərə əvəz ödəməyi öhdəsinə götürüb. Məhkəmənin qərardadına görə, ərizəçilərin hər birinə – Aygül Cəfərova, Gülnarə Mehdiyeva, Vəfa Nağı və Seymur Nəzərova 1575 avro ödənilməlidir.

Azərbaycanın keçmiş baş prokuroru və səfiri olmuş Eldar Həsənovun da Azərbaycana qarşı şikayətinə baxılıb. Ərizəçini hüquqşunaslar Emin Abbasov və Emin Aslanov, vəkil Cavad Cavadov təmsil edib.

Hazırda həbsxanada cəza çəkən Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, dövlət vəsaitini təyinatı üzrə yox, başqa məqsədlə istifadə etmə, çirkli pulların yuyulması, mənimsənilməsi və Azərbaycanın Serbiyadakı səfirliyində törədilən saxtakarlıq cinayətlərinə görə həbs olunub. Şikayət onun məhkəməyə qədər həbs edilməsi ilə bağlıdır. Ərizəçinin şikayəti Konvensiyanın 3-cü (qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi), 5-ci (azadlıq və təhlükəsizlik hüququna qanunsuz müdaxilə) və 18-ci (məhdudiyyətlərdən istifadənin məhdudlaşdırılması) maddələrinə əsaslanırdı. Ərizəçi iddia edirdi ki, onun saxlanılması və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün ağlabatan əsaslar mövcud olmayıb, həbsdəykən ona lazımi tibbi yardım göstərilməyib. Konvensiyanın 34-cü maddəsinə əsaslanan ərizəçi həmçinin, Azərbaycan hökumətinin, Məhkəmənin 39-cu Qaydaya əsasən verdiyi müvəqqəti tədbirlərin görülməsi barədə qərarına əməl etməməklə, onun fərdi şikayət hüququnu pozmasından da şikayət edib.

Məhkəmə bu işdə ərizəçiyə münasibətdə Konvensiyanın 3-cü (13 avqust 2020 – 2 iyul 2021 aralığında) və 5-ci (azadlıq və toxunulmazlıq hüququ) maddələrinin pozulmasına qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə 9234 avro mənəvi və xərclər əvəzi ödəməlidir.

“Aynur Bağırova Azərbaycana qarşı” işində ərizəçi, 48 yaşlı Aynur Bağırova Gəncə sakinidir. Onun qardaşı 2018-ci ilin iyulunda öldürülüb. Həmin vaxt qardaşı axtarışda olub və hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb.

Ərizəçi iddia edib ki, qardaşı qəsdən öldürülüb və yerli qurumlar ölüm olayı ilə bağlı səmərəli araşdırma aparmayıblar.

Ərizəçinin vəkili Cavad Cavadovdur.

Məhkəmə bu işdə iddia olunan pozuntuları tanıyıb, Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsinin pozulmasına (həm prosedur, həm də maddi aspekt) qərar verib. Hökumət ərizəçiyə 32 min avro məbləğində mənəvi və xərclər əvəzi ödəməlidir.

Ana səhifəSiyasətHökumət ictimai fəallara və keçmiş baş prokurora təzminat ödəyəcək