“Böhrandan əziyyət çəkən ukraynalılara pulsuz yerlər veriləcək”
Amerikanın “Hilton” və “Hyatt” otel şəbəkələri Rusiyada fəaliyyətlərini dayandırıb.
Hər iki şəbəkənin bəyanataında bildirilir ki, bu addım Ukraynadakı hərbi əməliyyatlara görə atılıb.
“Hilton”un açıqlamasında bildirilir ki, ölkədə əldə edilən pul böhrandan əziyyət çəkən ukraynalılara yardım məqsədilə veriləcək.
Otel həmçinin “American Express”lə əməkdaşlıq edərək qaçqınlara otellərində pulsuz yerlər təqdim edəcəyini açıqlayıb.
Pulsuz yerlərə görə xərclərin isə 1 milyon dollar civarında olduğu bildirilir.
“Biz hazırda Rusiyada fəaliyyətimizi və hər hansı yeni investisiya qoyuluşunu dayandırmaq qərarına gəlmişik. Hazırda Rusiyada xeyli insan maddi çətinlik, gələcəklə bağlı narahatlıqla üzləşib. Biz otel əməkdaşlarına da dəstək olacağıq”, – açıqlamada qeyd olunur.
“Hilton Effect Foundation” tərəfindən Ukraynaya 50 min dollar humanitar yardım edildiyi qeyd olunub.
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.