Hilal Məmmədovun işi Avropa Məhkəməsinə göndəriləcək

Siyasi məhbus onunla eyni kamerada yoluxucu xəstəliklərə tutulan adamlar saxlanıldığını bildirib

Source:

Siyasi məhbus onunla eyni kamerada yoluxucu xəstəliklərə tutulan adamlar saxlanıldığını bildirib

“Tolışi sədo” qəzetinin  redaktoru Hilal Məmmədovun işi ilə bağlı Azərbaycan məhkəmələrinin qərarlarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcək.

Vəkil Ramiz Məmmədov Ali Məhkəmənin son qərarını “Turan İA”-a şərh edərkən bildirib.

Vəkil deyib ki, müdafiə tərəfi çoxsaylı prosessual pozuntuların olması və sübutların qanunsuz yolla toplanması səbəbindən H.Məmmədova qarşı cinayət işinin dayandırılmasını və onun azadlığa buraxılmasını xahiş edib.

İlk növbədə R.Məmmədov müddəti bitdiyi üçün 1993-cü il  Lənkəran hadisələri üzrə (“Talış Muğam Respublikası”nın elan olunması nəzərdə tutulur) dövlətə xəyanətlə bağlı ittihamın irəli  sürülməsinin əsassız olduğunu göstərib: “Digər tərəfdən, ittihamın özü hüquqi bazaya əsaslanmayıb və yalançı saxta şahidliyə əsaslanıb. Narkotik maddə alverinə dair ittiham isə ümumiyyətlə absurddur. H.Məmmədov faktiki olaraq DİN Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən oğurlanıb. Onlar H.Məmmədovun qohumlarına saxlanma barədə məlumat verməyiblər, ona qarşı güc tətbiq ediblər, vəkil xidmətlərindən istifadədən məhrum ediblər”.

Vəkilin sözlərinə görə, narkotik maddə bağlamalarının üzərində H.Məmmədovun barmaq izlərinin aşkar edilməsi üçün daktiloskopik ekspertiza aparılmayıb. H.Məmmədovun kirayədə qaldığı mənzildə axtarış məhkəmənin qərarı olmadan keçirilib. Həm polisdə, həm də mənzildə H.Məmmədovun geyimlərinə baxış zamanı eyni şahidlər iştirak ediblər.

Vəkil millətlərarası ədavətin qızışdırılması ittihamını da əsassız sayır.

Müdafiə tərəfi işin mahiyyəti və H.Məmmədovun təqsirsizlik prezumpsiyasının DİN və Baş Prokurorluq tərəfindən pozulması faktı üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərəcək.

Müdafiə tərəfi əmindir ki, AİHM H.Məmmədovun şikayətini təmin edəcək.

Məhkəmə iclası və qərarın elan olunması arasındakı müddətdə H.Məmmədova qohumları ilə görüşməyə imkan yaradıblar. O, doğmalarını narahat olmamağa çağırıb.

“Əslində mən özünü azad hiss edirəm, azad olmayan onlardır, hakimlər” – deyə H.Məmmədov deyib.

O, özünü siyasi məhbus adlandırıb: “Siyasi məhbus o adamdır ki, hakimiyyətə müxalifətdə dayanır və ya onun mövqeyindən fərqli mövqe tutur və buna görə də yalançı şahidlərin, saxta sübutların əsasında cinayət ittihamına məruz qalır”.

H.Məmmədov deyib ki, özünü normal hiss edir. Lakin onunla eyni kamerada yoluxucu xəstəliklərə tutulan adamlar saxlanılır. Ötən gün həkim gəlib və üç xəstəni müayinə edib. Ola bilsin ki, onları başqa yerə köçürsünlər.

Ana səhifəXəbərlərHilal Məmmədovun işi Avropa Məhkəməsinə göndəriləcək