Hilal Baydarovun filmi festivalda iki mükafat qazanıb

Filmin posteri

“Balıqlara xütbə” 3500 film arasından seçilmiş 17 ekran işindən biridir

Azərbaycanlı rejissor Hilal Baydarovun “Balıqlara xütbə” (“ Sermon to the Fish”) filmi 75-ci “Locarno” Beynəlxalq Film Festivalında iki mükafat qazanıb.

Bunlardan biri “Pardo Verde WWF Xüsusi Diqqət” və Gənc Münsiflər heyəti tərəfindən verilən “Həyatın keyfiyyəti ətraf mühitdən asılıdır” mükafatlarıdır.

Bu haqda məlumatı “Ucqar Film” kinostudiyası yayıb.

“Balıqlara xütbə” bədii tammetrajlı filmi “Locarno” Film Festivalının proqramına “Beynəlxalq müsabiqə” kateqoriyası üzrə daxil edilmişdi.

Azərbaycan, Meksika, İsveçrə və Türkiyənin birgə istehsalı olan film 3500 film arasından seçilmiş 17 ekran işindən biridir.

“Balıqlara xütbə” filminin ssenari müəllifləri Hilal Baydarov və Aysu Akcandır.

Filmdə Rəna Əsgərova, Orxan İsgəndərli, Hüseyn Nəsirov çəkiliblər.

Foto: “Ucqarfilm”in “Facebook” səhifəsi

“Locarno” Film Festivalı İsveçrənin ən mühüm, Avropanın isə ən məşhur film festivallarından biridir.

“Kann”, “Venesiya” və “Berlin”dən sonra dördüncü ən əhəmiyyətli Avropa film festivalı hesab olunur.

“Locarno” 1946-cı ildən etibarən hər il avqustda İsveçrənin Lokarno şəhərində keçirilir.

Festivalın baş mükafatı “Ən yaxşı film”ə görə verilən “Qızıl Bəbir”dir.

Hilal Baydarov avqustun 12-dən 19-dək keçirilən Sarayevo Film Festivalında da iştirak edir. Rejissor bu il “Sәnәdli film” müsabiqәsinin üç münsif üzvündən biridir.

Azərbaycan festivalda “Çinar ağacının kölgəsində” filmi ilə “Sәnәdli film” kateqoriyasında mübarizə aparır.

Ana səhifəMədəniyyətHilal Baydarovun filmi festivalda iki mükafat qazanıb