5 nəfərin işi üzrə 317 nəfər zərərçəkmiş qismində tanınıb
6 il əvvəl Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələrlə bağlı 5 nəfərdən ibarət daha bir qrupun işi üzrə məhkəmə araşdırmaları başlayıb. Bunlar Fuad Ağayev, Qurban Cümşüdov, Cavid Ağadadaşov, Ramil Əhmədov və Fuad Axundovdur. Tərtər işgəncələrilə bağlı bundan əvvəlki iki qrupun işində olduğu kimi, bunların da işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Lakin məhkəmə prosesi Sumqayıt Məhkəmə Kompleksində keçirilir.
Fuad Ağayev, Qurban Cümşüdov və Cavid Ağadadaşov bundan əvvəl də Tərtərdəki işgəncələrə görə bir dəfə cəzalandırılıb. Fuad Ağayev 10 il, digər ikisi isə 6 il azadlıqdan məhrum edilib. Lakin Baş Prokurorluqda 2021-ci ilin dekabrında Tərtər işi üzrə icraat təzələnəndən sonra onlarla bağlı yenidən iş başlayıb və əlavə ittihamlar irəli sürülüb.
Bu 5 təqsirləndirilən şəxs arasında ən çox adı hallanan Fuad Ağayev idi. Bu da təsadüf deyil. Çünki Fuad Ağayev həmin hadisələrə rəhbərlik etməkdə ittiham olunan general-mayor, o dövrdə I Ordu korpusunun komandiri Hikmət Həsənovun köməkçisi olub. Fuad Ağayevin özü də Tərtər hadisələri baş verərkən korpusun hüquqşünası vəzifəsində çalışıb.
Məhkəmənin hazırlıq iclasında məlum olub ki, 5 nəfərin işi üzrə 317 nəfər zərərçəkmiş qismində tanınıb. Həmçinin işgəncə nəticəsində həyatını itirmiş 4 nəfərin ailə üzvü də zərərçəkmişin hüquqi varisi qismində tanınıb.
Hakim məhkəməyə daxil olan bir neçə ərizəni elan edib. Ərizələrdən bəzilərində zərərçəkmişlər məhkəməyə gəlib-getməyə maddi imkanı olmadığını bildirir, yol, yemək, hotel xərclərinin qarşılanması üçün tədbir görülməsini istəyirlər.
Tərtərdə işgəncə nəticəsində həyatını itirmiş hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədova Fuad Ağayev və daha dörd nəfərin işi üzrə zərərçəkmiş qismində tanınmayıb. Bu isə o deməkdir ki, Validə Əhmədova prosesdə sahədə, müşahidəçi kimi iştirak edə bilər. Tərəflərə sual verə, fikrini bildirə bilməz. Amma o, zərərçəkmiş qismində tanınmasını istəyir və məhkəməyə də bu barədə ərizə göndərib.
Təqsirləndirilən şəxslərin vəkilləri Validə Əhmədovanın zərərçəkmiş qismində tanınmasına etiraz edib.
Prokuror təklif edib ki, bu ərizə hələlik baxılmamış saxlansın. Gələcəkdə zərurət olsa, baxılar.
Zərərçəkmişlər isə Validə Əhmədovanın zərərçəkmiş qismində tanınmasını istəyib.
Lakin məhkəmə bu ərizəni təmin etməyib.
Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb:
“Bu prosesdə dövlət sirri, hərbi sirr sayılan məsələlər ortaya çıxa bilər”.
Zərərçəkmişlər isə buna da etiraz ediblər. Onlar tələb ediblər ki, məhkəmə prosesi açıq keçirilsin.
“Mənə qapalı əziyyət verməyiblər ki, məhkəmə də qapalı keçirilsin. Açıq keçirilsin ki, burada olanları da hamı bilsin”, – zərərçəkmişlərdən biri deyib.
Məhkəmə prosesin qapalı keçirilməsi barədə vəsatəti də təmin etməyib.
Fuad Ağayev və digərlərinin işi üzrə məhkəmə baxışı avqustun 31-nə təyin edilib.
Tərtərdəki işgəncələrlə bağlı hər biri dörd nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.