Hikmət Hacıyev: Rusiya-Azərbaycan sərhədində baş verən hadisəyə görə təəssüflənirəm

Hikmət Hacıyevin sözlərinə görə, vətəndaşların geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara və uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır

Foto: Azertac


“Vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq”

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində baş vermiş hadisədən təəssüfləndiyini bildirib.

Bu barədə “Azərtac”a danışan Hikmət Hacıyev deyib ki, COVID-19 qlobal pandemiyası səbəbindən 2020-ci ilin mart ayının ortalarından etibarən Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında “Samur” sərhəd buraxılış məntəqəsi və beynəlxalq hava limanları vasitəsilə 2976 nəfər vətəndaşımızın geri qayıdışı təmin olunub.

“Rusiya ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəmizdəki xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi vaxt qrafiki çərçivəsində və qeydiyyat əsasında ölkəmizə geri qayıdışının təmin edilməsi üçün “Evə gedirəm” adlı portal yaradılıb. Həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş “Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib. Bu qrafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub”.

Hikmət Hacıyevin sözlərinə görə, vətəndaşların geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara və uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır:

“Samur” sərhəd keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlarımız müəyyən edilmiş qaydalara riayət etməli, növbəlilik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq”.

Azərbaycan-Rusiya sərhədində aylardır gözləyən vətəndaşlarımız iyunun 15-dən 16-na keçən gecə OMON-un hücumuna

məruz qalıb

.

Rusiya informasiya mənbələri baş verən qarşıdurmaya görə 90 nəfərə yaxın Azərbaycan vətəndaşını polis bölmələrinə aparıldığı haqqında məlumat yayıblar.

Ana səhifəSiyasətHikmət Hacıyev: Rusiya-Azərbaycan sərhədində baş verən hadisəyə görə təəssüflənirəm