Heyvansevərlər: Həbsimiz “Toplan”ın sifarişidir

Fəallar təzyiqə məruz qaldıqlarını deyirlər

Source: Meydan.TV


Fəallar təzyiqə məruz qaldıqlarını deyirlər

Heyvan haqlarının müdafiəsilə məşğul olan fəallar Nicat İsmayılov, Elxan Mirzəyev və Nicat Azayevin hər birinə 15 sutka inzibati həbs cəzası verilib. Avqustun 7-də Səbail Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

İctimai fəallar polislərin müşayiətilə məhkəmə binasından çıxarılıb avtobusa mindirilərkən bildirib ki, barələrindəki həbs qərarı sifarişlidir.

“Toplan”ın sifarişidir”, – Nicat İsmayılov bildirib.

Adları çəkilən gənclər avqustun 6-da Fəvvarələr meydanında meymunla foto çəkdirməyə şərait yaradan sahibinə irad bidirərək, onu heyvanı istismar etməkdə günahlandırıblar. Etirazlarına görə polis onları saxlayıb və ictimai fəallar Səbail rayonu, 9-cu polis bölməsinə gətirilib.

Polis bölməsində olduqları zaman Nicat İsmayılov imkan taparaq, “Facebook” səhifəsində orada zorakılığa məruz qaldıqları barədə paylaşım edib:

“Məni boğublar, çox çətin nəfəs alıram. Nicat Azayevi də boğaraq şiddət göstəriblər…”

Avqustun 6-da Daxili İşlər Nazirliyindən medianın bu barədə sualına cavab olaraq bildirilib ki, məsələ araşdırılır. Bundan başqa heç bir açıqlama verilməyib. Bir gün sonra isə gənclər məhkəmə qarşısına çıxarılıb və Səbail Rayon Məhkəməsindəki növbətçi hakim onların işinə baxaraq, inzibati qaydada həbs olunmalarına qərar verib.

“Toplan” sahibsiz itlərə qayğı mərkəzidir. Heyvan haqlarının müdafiəsilə məşğul olan fəallar bu təşkilatın fəaliyyətini dəfələrlə tənqid edib.

Ana səhifəSosialHeyvansevərlər: Həbsimiz “Toplan”ın sifarişidir