Fermerlər dolanışıqlarından gileylənir
«Pandemiya başlayandan heyvanları sata bilmirik. Yem bahalaşıb, indiki durumda heyvan saxlamaq sərf etmir».
Bunu Meydan TV-yə ağdaşlı fermer Rəşad Məmmədov deyib.
Onun sözlərinə görə, təxminən ayyarım əvvəl yemi 6 manatdan alıb: «10 baş heyvanım var. Bir inək günə 1 bağlama yeyir. Yem tədarükü üçün bankdan kredit götürmüşdüm. Süd və ya qatıq satmaqla heyvan saxlamaq, üstəlik ailə dolandırmaq çətindir. Məcbur qalıb həyətdə əkin-biçinlə də məşğul oluruq ki, birtəhər dolanaq.Onlarla fermer bu vəziyyətdədir».
Adının açıqlanmasını istəməyən ağdaşlı digər fermer isə bildirib ki, kəndlərdə mal ətinin kiloqramı 8-10 manata təklif edilsə də, satılmır. Bakıda isə mal əti 12-13, iri marketlərdə14 manatdan satılır.
«Heyvanları satmaq üçün Bakıdakı qəssablarla danışdım, lakin onlar da ət satışının zəiflədiyini söyləyib istəmədilər. Otlaq sahələrində pambıq əkildi, bəzi ərazilər isə iri təsərrüfatlar tərəfindən satın alındı. Ərazilərə hasar çəkilib, heyvan sahəyə girən kimi xəbərdarlıq edirlər».
Fermerlər bildiriblər ki, təxminən 1-2 il əvvəl iribuynuzlu sağmar heyvanı 3500 manatdan satıblar, amma indi 1800 manata alan yoxdur. Pandemiya başlayandan yem 20 faiz bahalaşıb:
«Qəssaba ətin kiloqramını 8-9 manatdan alıb, 12 manata satmaq sərf edir. Fermer heyvan kəsib bazara çıxarmır. Amma diri çəkini 7-8 manatdan sata bilərsə, sərf edər. Yardım adı altında kasıb ailələrə heyvan alıb verirlər ki, saxlayıb, dolansınlar. Çoxu nəinki dolana bilir, hətta olan-qalanını satıb yem alaraq heyvan saxlayır».
Ötən ilin yazında yonca bağlaması 6, Aran və Qərb bölgəsində 6 manat 50 qəpik-7 manatdan satılıb.
Beyləqanlı fermer isə söyləyib ki, pandemiya dövründə qapısındakı 25 baş heyvandan 12-ni, eləcə də 60-dan çox qoyun-quzusunu satıb:
«Bunun otu, suyu, işıq, su haqqı var, heyvan baxım tələb edir, çatdıra bilmirdim. Pandemiya səbəbindən bazarlar bağlanmışdı, qohum-qonşu yığışıb pulunu verirdi, kəsirdim. Heyvandarlıqdansa yonca əkmək sərfəlidir, heç olmasa alıcısı var, xərci borcunu ödəyir».
Rəsmi statistikaya görə, ötən il 2019-cu il ilə nisbətən heyvandarlıq məhsullarının istehsalında 3,1 faiz artım qeydə alınıb. Ötən il diri çəkidə ət istehsalı 3,1 faiz, süd istehsalı 1,9 faiz, yumurta 4,3 faiz, yun istehsalı 0,2 faiz artıb.
Kənd Təsərrüfatı Nazirliyindən isə bildiriblər ki, nazir İnam Kərimovun iştirakı ilə Heyvandarlıq və Südçülük Assosiasiyalarının rəhbərləri, heyvandarlıq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və sahibkarlar iştirakı ilə bu yaxınlarda onlayn müşavirə keçirilib, problem və təkliflər dinlənilib. Nazir müşavirədə səsləndirilən məsələlərin həllini tapması üçün tapşırıq verib.