“Heydər Əliyev haqqında öyrənmək istəmirəm…”

Sabirabadın Xəlfəli kəndində yaşayan Tahirə Ədilova illərdir hər iki oğlundan ayrı düşüb.

Source:

“Deyir: “Heydər Əliyevlə bağlı mövzu var, öyrənmək istəmirəm”. Mən də deyirəm, yox, öyrən. O biri uşaq da deyir, axı İlham Əliyev bizim atamızı tutdurub, qoyma öyrənsin o dərsi” – məhbus anası Tahirə Ədilova nəvələrindən danışır.

Sabirabadın Xəlfəli kəndində yaşayan Tahirə Ədilova illərdir hər iki oğlundan ayrı düşüb. Oğullarından biri mühacir, digəri həbs həyatı yaşayır. Ana deyir ki, həbsdəki oğlu Muradı mühacirətdə olan qardaşı AXCP üzvü Natiqin jurnalist fəaliyyətinə görə girov saxlayırlar.

“Balaca qız 1-ci sinifə gedəndə deyirdi, nənə, utanıram. Kim soruşsa, deyirəm, atam Rusiyadadır. Ancaq indi bilir. Böyüdü, ağlı kəsdi. Bilir ki, tutulub, bilir niyə tutulub. Elə deyir, əmim jurnalistdir, yazır. Ona görə atamı tutublar. Natiqə görə oldu. Onu ilişdirə bilmədilər, Muradı ilişdirdilər. Yoxsa, Murad heç yerə getmirdi. Kənd təsərrüfatı ilə məşğul olurdu. Ancaq o da “cəbhə”də idi”-Tahirə Ədilova deyir.

Murad Ədilov 2014-cü ilin avqustunda narkotik ittihamı ilə həbs edilib. Ailəsi hər iki aydan bir Sabirabaddan Bakıya görüşə gəlir. Bu minvalla, o, 6 illik həbsinin 4 ilini geridə qoyub.

“Hələ sayıram, 2 ildən az qalıb. 1 il 10 ay. 10 aydan da biraz az. Rejimdən elə gözüb qorxub ki, 6 ili sağ-salamat başa vurub gəlsin evimə, Allaha şükür edərəm. Daha gözlədim, tez gəlmədi. Dedik, 4 il oldu, bəlkə gələr. Bu bayramda əfvə düşər, bu dəfə çıxar. Olmadı. Gülgünün qoyunu vardı. Deyirdi, atam gəlsin, kəsəcəm. Gəlmədi. Uşaqlar da pis oldu”-Tahirə Ədilova söyləyir.

“Amnesty İnternational” təşkilatı Murad Ədilovu vicdan məhbusu kimi tanıyıb. 30 oktyabr Beynəlxalq siyasi məhbus günüdür. Hüquq müdafiəçilərinin tərtib etdiyi siyahıya əsasən Azərbaycanda 150-dən çox siyasi məhbus olduğu deyilir. Aralarında siyasi və ictimai fəallar, jurnalistlər, dindarlar, sosial etirazlara görə həbs edilənlər var. Onların adı mətbuatda tez-tez cərimə kamerasına salınmaları, işgəncəyə məruz qalmaları ilə hallanır.

Hökumət nümayəndələri isə deyir ki, ölkədə siyasi məhbus, ümumiyyətlə, yoxdur, adı çəkilənlər ayrı-ayrı cinayət əməllərinə görə həbs olunublar.

Tahirə Ədilova övladlarının şəkillərinə baxır, ötən illərə boylanır: “Uşaqlar burada olanda heç çətinlik nədir bilmirdim. Hamısını atdılar mənim üstümə. Bax, mən indi tək- tənha qalmışam. İşim dala qalır, özüm darıxıram. O (Murad) olsa, mən nə heyvanla maraqlanaram, nə su ilə. İşdən gəlib dincələrəm. Uşaqlar da gündə bir şey deyir, bir şey istəyir. Mən onların nə qədər qayğısına qalsam, ata ola bilmərəm”.

“Heydər Əliyev natiqli bir insan olub. Onun sözləri dilləri əzbəri idi. Bir sözü də var ki, dövlət 2 yerdə sarsılar. Günahkarlar cəzasız qalanda və günahsızlar günah alanda”- Murad Ədilovun qızı Heydər Əliyevlə bağlı öyrəndiklərini danışır. (Dövlət iki şeydən sarsılar. 1- günahkar cəzasız qalanda, 2- günahsız cəzalandıranda -red).

Ana səhifəBölgə“Heydər Əliyev haqqında öyrənmək istəmirəm…”