Dekabrın 12-də, Heydər Əliyevin anım günündə 2 Saylı Cəzaçəkmə Müəssisəsinin tibb məntəqəsindən AXCP üzvü, 22 yaşlı Elbəyi Kərimlinin intihar xəbəri yayıldı. Bu hadisənin semantik yükünü artıran informasiya isə odur ki, Elbəyi Kərimli məhz Heydər Əliyevin heykəlinə “Stalin” yazandan sonra həbs edilmişdi. Bu simvolik təsadüf hakimiyyət mediasının Heydər Əliyevin anım mərasimlərindən hazırladığı silsilə xəbərləri arasında, propaqanda lentində əridi, yoxa çıxdı.
Gəncin ölümü ilə bağlı məsələnin Xəzər rayon Prokurorluğunda araşdırıldığı deyildi, amma insan haqları pozuntularının, siyasi motivli həbslərin, formal məhkəmə hakimiyyətinin müzakirəsi yetərincə açılmadı. Bu da Azərbaycanda siyasi repressiyaların çatdığı ölçü, onun normala çevrilməsi ilə bağlı təşvişləri bir az da artırır.
Qafqazinfo.az və digər hakimiyyət nəzarətində olan media vasitələri yarımçıq həqiqət texnikası ilə xəbəri “narkotik ittihamı ilə məhkum edilmiş ictimai fəal Elbəyi Kərimlinin cəzaçəkmə müəssisəsində vəfat etməsi” şəklində yazdı, depolitizasiya ilə “Stalin” motivini sildi və hadisəni siyasi zorakılıq kimi yox, neytral “ölüm hadisəsi” kimi çərçivələdi. Və bütün bunlar AXCP sədri Əli Kərimlinin və partiyanın digər üzvlərinin “teatral” adlandırdıqları “Ramiz Mehdiyev və dövlətə xəyanət” işi üzrə həbs edilmələri ərəfəsində baş verdi.
2023-cü ilin avqustunda Elbəyi Kərimli paytaxtın Nəsimi rayonu ərazisindəki parkda – Mərkəzi Bankın binası önündəki Heydər Əliyevin heykəlinə “Stalin” sözünü yazıb. Deyirdi ki, bundan dərhal sonra video çəkərkən onu saxlayıb, 22-ci polis bölməsinə aparıb, işgəncə veriblər. Onun həbsindən partiya üzvləri ancaq 2 ay sonra xəbər alıb. Dekabrın 28-də keçirilən məhkəmə prosesində Kərimli bildirib ki, cinayət təqibinə etiraz olaraq dekabrın 27-dən istintaq təcridxanasında quru aclığa başlayıb.
Kərimli 2024-cü ilin aprelində narkotik ittihamı ilə 6 il həbs cəzası aldı. Həmin məhkəmədə AXCP üzvü deyirdi:
“Mən Heydər Əliyevin heykəlinin arxasına “Stalin” yazdığıma görə bu gün buradayam. Polis bölməsində mənə dedilər ki, ya narkotik, ya da silah – birini seçməlisən, yoxsa vətənə xəyanət ittihamı ilə içəri gedərsən. Hərbi obyektlərin şəkillərini telefonuna yükləyərik, ittiham verərik ki, hərbi sirri Ermənistana, İrana ötürdüyünə görə tutulmusan”. Eşitdiklərimdən boğazım qurudu…”.
Sonradan Ali Məhkəmə onun cəzasını 5 ilə endirmişdi. 2025-ci ilin 23 mayında AXCP fəalının yenə aclıq aksiyasına başladığı barədə xəbərlər yayıldı.
Elbəyi ilə bağlı narahatedici xəbərlər bununla da bitmədi. 2025-ci ilin iyulunda Kərimlinin cərimə kamerasına (karser) salındığı xəbəri yayılmışdı. Elbəyi o zaman 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (tubzon) həbs cəzası çəkirdi. Azadlıq qəzeti yazırdı ki, Kərimli cəzaçəkmə müəssisəsinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən gələn nümayəndələrin önündə tənqidi çıxış edib, şərlənərək həbs olunduğunu deyib, bundan sonra isə o döyülüb və karserə salınıb. Onun cərimə kamerasına nə vaxt və nə qədər müddətə salındığı haqda məlumat verilmirdi.
Elbəyi Kərimlinin intihar etməsi ilə bağlı şübhələrini dilə gətirənlər də var. Bir çoxları üçün Xəzər rayon Prokurorluğunun hadisəni araşdırması da ümid vəd etmir. Müxaliflər 2017-ci ildə 1 saylı Bakı İstintaq Təcridxanasında intihar etmiş fəal Mehman Qələndərov hadisəsini xatırladır, Azərbaycan həbsxanalarında siyasi fəallar üçün vəziyyəti “intihara təşviq edən atmosfer” kimi şərh edir.
AXCP isə sədrsiz, funksionerlərinin həbsi şəraitində gənc üzvünün qəfil itkisini yaşayır.
Anası və atası olmadığı üçün gənc fəal 22 yaşında səssiz-səmirsiz dəfn edildi. Onun dəfn edildiyi yer belə bir müddət gizli qaldı.