Aclıq aksiyasına qoşulanların sayı artıb
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə yanvarın 5-dən başladığı aclığı davam etdirdiyi bildirilir. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Maya Yaqublu məlumat verib.
Maya Yaqublu deyir ki, yanvarın 9-da Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada həyat yoldaşıyla görüşüb:
“Tofiq Yaqublunun vəziyyəti çox ağırdır, sifət saralmış, özü gücdən düşmüş vəziyyətdədir. Güclə yeriyir, başı gicəllənir. Gözlərinin içi də saralıb. Onu görüb gələndən çox narahatam. Mən də yanvarın 7-dən aclıq edirəm. Baxmayaraq ki, aramızda iki gün fərq var, Tofiq Yaqublunun durumu çox pisdir. Çünki o, yanvarın 5-də aclığa başlamamışdan əvvəl də təcridxanada çox pis qidalanıb. Onun aclığa başlamasının səbəblərindən biri budur ki, orada saxlanılanlara insan kimi yanaşmırlar, normal qida vermirlər. Biz Tofiq Yaqubluya göndərdiyimiz peçenyelərin də az hissəsini yeyə bilib. Çünki kamerada adam çoxdur”.
Həyat yoldaşının sözlərinə görə, Tofiq Yaqublu narkotik maddəyə görə inzibati qaydada həbs olunmuş 6 nəfərlə birlikdə eyni kamerada saxlanılır. Həkimin mütəmadi ona baş çəkdiyini deyən Maya Yaqublu deyir ki, siyasi fəalın təzyiqi də, bədən temperaturu da aşağıdır.
“Aclıq bir tərəfdən, kameradakı psixoloji durum o biri tərəfdən onu əldən salıb. Onun həyatı təhlükə altındadır”, – Maya Yaqublu əlavə edib.
Tofiq Yaqublunun qızı Nigar Həzi atasının etibar etdikləri həkim – professor Adil Qeybulla tərəfindən müayinəsinə imkan verilməsi üçün yanvarın 10-da daxili işlər naziri Vilayət Eyvazova müraciət edib. Vəkil Nemət Kərimli Meydan TV-yə bildirib ki, müraciətə müsbət cavab verilib.
AXCP fəalları Günel Babayeva və Gülnarə Rəhimova yanvarın 10-da 4 gündür həyat yoldaşına dəstək olaraq, aclıq edən Maya Yaqubluya qoşularaq, aclığa başlayıblar. Daha 5 nəfər siyasi fəal isə Müsavat Partiyasının qərargahında Tofiq Yaqubluya dəstək məqsədilə keçirilən aclıq aksiyasına qoşulub. Beləliklə, aclıq edən siyasi fəalların sayı 13 nəfərə çatıb. Onların arasında Babək Həsənov, Əlizamin Salayev, Əziz Məmiyev, Zəkrulla Nağıyev və başqaları var.
Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, 23 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb. O, həmin gün Səbail Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib və ona 30 sutka inzibati həbs cəzası kəsilib.
Tofiq Yaqublu Fəvvarələr meydanında polislər tərəfindən saxlanılarkən jurnalistlər həmin anları çəkib.
Videodan görünür ki, Tofiq Yaqublu daha bir nəfərlə birlikdə gəlir. “Mc Donald’s”ın qarşısında jurnalistlər onlara yaxınlaşanda polislər hücum edərək, Tofiq Yaqublunu götürüb aparırlar. Siyasi fəalın səsi eşidilir, o, polislərdən qolunu möhkəm sıxmamalarını istəyir. Bildirir ki, qolu zədələnib.
Bakı Apelyasiya Məhkəməsində yanvarın 5-də hakim bu görüntülərə baxsa da, şikayəti təmin etməyib – 30 sutkalıq həbs qərarı qüvvədə saxlanıb. Bundan sonra Tofiq Yaqublu aclığa başladığını elan edib.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
Bundan öncə 2021-ci il dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!” tələbiylə keçirilən etiraz aksiyasında saxlanmışdı, həmin gün axşam saatlarında buraxılmışdı. Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.
Ondan öncə də Tofiq Yaqublu Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi etiraz aksiyasında saxlanmışdı, ona 30 sutka həbs cəzası verilmişdi. Həmin vaxt da apelyasiya məhkəməsində siyasi fəal ona verilən işgəncələrdən danışmışdı.
Üç dəfə isə barəsində cinayət işi başlanıb, illərlə həbsdə saxlanıb.