Hərəkat sədrinin təzyiqlərə etiraz olaraq aclıq aksiyasına başladığı bildirilir
Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə haqqında hökmdə ona verilmiş 20 illik həbs cəzasının ilk 7 ilinin həbsxana rejimində çəkilməsi nəzərdə tutulmuşdu. Azərbaycanda həbsxana rejimli müəssisə yalnız Qobustanda yerləşən qapalı həbsxanadır. Noyabrın 26-da ilahiyyatçıya verilmiş 7 illik həbsxana rejiminin müddəti başa çatdığını görə oradan çıxarılıb.
Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadənin verdiyi məlumata görə, ilahiyyatçı noyabrın 26-da 12 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürülüb.
“Cəzaçəkmə müəssisəsinə daxil olduğu andan da təzyiqlər başlayıb. Müəssisənin rəis müavini onu təhqir edib. O da təbii ki, etiraz edib…”, – Leyla İsmayılzadə bildirib.
Taleh Bağırzadənin həm də işgəncəyə məruz qaldığını vurğulayan həyat yoldaşının sözlərinə görə, ilahiyyatçı noyabrın 26-dan təzyiqlərə etiraz olaraq, aclıq aksiyasına başlayıb.
“Müdafiə xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov da ilahiyyatçının 12 saylı cəzaçəkmə müəssisəsinə daxil olan kimi təhqir və işgəncəyə məruz qalması haqda məlumat aldıqlarını deyir. Onun sözlərinə görə, gələn xəbərlərdə Taleh Bağırzadənin aldığı xəsarətdən vəziyyətinin yaxşı olmadığı bildirilir.
“Müddət başa çatdığına görə, onu Qobustan həbsxanasından köçürməyə məcbur idilər. Orada iki nəfərlik kamerada qalırdı. Burada isə 2-3 min nəfər məhbusla birlikdə qalacaq. Görünür, buna yol vermək istəmirlər. Ona görə müxtəlif təxribatlarla onun cəza rejimini ağırlaşdırıb, yenidən Qobustana – kameraya göndərmək istəyirlər”, – Rüfət Səfərov bildirib.
Qeyri-iş günü olduğuna görə Penitensiar Xidmətdən ilahiyyatçının təzyiqə məruz qalması və aclıq eməsi iddialarına münasibət öyrənmək mümkün olmayıb.
Müsəlman Birliyi Hərəkatı da bəyanat yayaraq, baş verənləri təxribat adlandırıb. Son günlər təşkilata qarşı təzyiqlərin gücləndiyi vurğulanıb.
Müsəlman Birliyi Hərəkatının gənc üzvlərindən biri Şahin Qədirov noyabrın 23-də saxlanmışdı, bir neçə gün ərzində onun yaxınlarına yeri və saxlanma səbəbləri barədə heç bir məlumat verilməmişdi. Noyabrın 26-da axşam saatlarında məlum olub ki, Şahin Qədirov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, saxlama – satış məqsədilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
Hərəkatdan isə bildirilib ki, Şahin Qədirov inanclı gəncdir, onun narkotiklə heç bir əlaqəsi yoxdur: “Bu, Müsəlman Birliyi Hərəkatına qarşı illərdir davam edən təzyiqlərin yeni mərhələsidir”.
Noyabrın 26-da Nardaranda keçirilən, dördü yerli sakin, ikisi isə polis olmaqla, 6 nəfərin ölümüylə nəticələnən əməliyyatın 7 ili tamam oldu. 2015-ci ildə baş vermiş həmin əməliyyat nəticəsində Taleh Bağırzadə də daxil olmaqla, 100-ə yaxın adam həbs olunmuşdu. Onlardan 42 nəfərə dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ağır maddələrlə ittihamlar verilmiş və 13 ildən 20 ilə qədər azadlıqdan məhrum edilmişdilər. Digərlərinə isə 5-6 ilə qədər həbs cəzası verilmişdi. Həbs olunanların əksəriyyəti ya cəza müddəti başa çatdığına, ya da əfv sərəncamıyla azadlığa buraxılıb.
Sonradan zaman-zaman da Müsəlman Birliyi Hərəkatının bir sıra üzvləri narkotik və s. ittihamlarla həbs olunub. Hazırda hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir.
Lakin Taleh Bağırzadə və digər inanclı fəallar ittihamların saxta olduğunu, hökumətin siyasətini tənqid etdiklərinə görə şərlənərək cəzalandırıldıqlarını bəyan edib.
Daxili İşlər Nazirliyi isə şərlənmə barədə iddiaları təkzib edib.