Təşkilatçılar Avropa Gənclər Paytaxtı seçmiş Avropa Gənclər Forumuna kütləvi müraciət göndəriblər.
Bir qrup hüquq müdafiəçisi və gənc fəal xuliqanlıq ittihamı ilə 6 il müddətinə həbs edilmiş “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlini müdafiə kampaniyasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.
Kampaniya təşkilatçıları Gəncəni 2016-cı ildə Avropa Gənclər Paytaxtı seçmiş Avropa Gənclər Forumuna kütləvi müraciət göndəriblər.
“Turan İA”a bu barədə danışan hüquq müdafiəçisi Rəsul Cəfərov deyib ki, müraciətdə Hüseynlinin həbsinə etiraz bildirmək və Azərbaycan hakimiyyətindən onu azad etməyi tələb etmək xahiş olunur.
Eyni zamanda, Hüseynlinin Azərbaycanın Qərb bölgəsində vətəndaş cəmiyyəti formalaşdırılmasında rolu və onun tamamilə uydurma ittihamla həbs edildiyi qeyd olunur.
Rəsul Cəfərov Avropa Gənclər Forumunun prezidenti Peter Matjasiçin müraciətə cavab verdiyini söyləyib: “O bildirib ki, bu məsələ forumun idarə heyətinin yaxın gələcəkdə keçiriləcək iclasının gündəliyinə daxil edilib. Avqustun sonlarında Gənclər Forumunun missiyası Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı elan edilməsi ilə bağlı tədbirlərin hazırlanması üçün şəhərə gələcək”.
Kampaniya təşkilatçıları missiyanın hakimiyyət qarşısında Hüseynlinin azad edilməsi məsələsini qaldıracağına ümid edirlər.