“Azərbaycanda bütün media sektoru rəsmi nəzarətdədir”
“Prezident İlham Əliyev plüralizmin bütün təzahürlərini silib və 2014-cü ildən bəri qalan tənqidçiləri amansızcasına susdurmağa çalışır”.
“Sərhədsiz Reportyorlar” Təşkilatının açıqladığı 2022-ci ilin Mətbuat Azadlığı İndeksini hesabatında belə deyilir.
Həmin hesabatda Azərbaycan 180 ölkə arasında 154-cü yerdə qərarlaşıb.
Topladığı bala görə yaxın qonşuları Belarus (153), Rusiya (155), Əfqanıstan (156) olub.
Cənubi Qafqazın digər iki ölkəsi Gürcüstan 89, Ermənistan isə 51-ci yerdə qərarlaşıb.
Hesabatda bildirilir ki, bu il son 22 ildəkindən az jurnalist ölümü qeydə alınıb: 25 nəfər. Həmçinin son 5 ildə ən az jurnalistin həbs edildiyi il olub: 61 nəfər.
Media mənzərəsi
“Sərhədsiz Reportyorlar” Təşkilatı bildirib ki, faktiki olaraq Azərbaycanda bütün media sektoru rəsmi nəzarətdədir.
Dövlət televiziyası ən populyar informasiya mənbəyidir.
Ölkə daxilindən müstəqil televiziya və ya radio yayımlanmır, tənqidi mövqedən çıxış edən bütün çap qəzetləri bağlanıb.
Dövlət senzurasının hədəfində olan “Azadlıq” radiosu (RF/RL) və Meydan TV kimi müstəqil xəbər saytlarının əksəriyyəti xaricdə məskunlaşıb.
Siyasi kontekst
Hesabatda bildirilir ki, Azərbaycan hakimiyyəti hələ də müstəqil olmayan sonuncu medianı, eləcə də özünüsenzuradan imtina edən jurnalistləri sıxışdırmağa çalışır. Bu, müxbirlərin məlumat əldə etmək imkanı ciddi şəkildə məhdudlaşdırılıb.
Dövlət qurumları onların suallarına cavab verməkdən imtina edir. KİV-i tənzimləyən agentliklərin, eləcə də jurnalistlər federasiyasının direktorları hökumət tərəfindən təyin olunan şəxslərdir. Hakimiyyət tənqidçiləri şəxsi məlumatların yayılması ilə hədələmək üçün hökumətyönlü mediadan istifadə edir.
Hüquqi baza
Təşkilat qeyd edir ki, media qanunları son 20 ildə getdikcə repressiv xarakter alıb. Sektoru tənzimləyən bir çox qanun ölkənin mətbuat və ifadə azadlığı ilə bağlı beynəlxalq öhdəliklərini pozub.
Bundan əlavə, “Facebook” və ya “YouTube” kimi platformalarda hökuməti tənqid edən istənilən sosial media istifadəçisi ciddi cəzalarla üzləşib.
İqtisadi kontekst
Hesabatda vurğulanır ki, Azərbaycan xarici donorlarla əməkdaşlığı 2014-cü ildən qadağan edib.
Hökumət reklam sektoruna nəzarət edir, ona görə də ölkədə heç bir müstəqil satış məntəqəsi fəaliyyət göstərə bilməz: “Hökumətyönlü media da öz növbəsində pul mükafatları və rəsmi subsidiyalar alır. Hakimiyyət onların tərəfində olan jurnalistlərə mənzil və ya digər maddi nemətlər verməkdən çəkinmir”.
Sosial-mədəni kontekst
“Sərhədsiz Reportyorlar” Təşkilatının 2022-ci il hesabatında dindən də danışılır. Bildirilir ki, ölkədə xüsusilə dinlə bağlı bəzi tabular jurnalistlərə maneçilik törədir.
Paytaxt Bakıdan kənarda mediada çalışan qadınların çoxu öz işlərini sərbəst şəkildə həyata keçirə bilmirlər: “KİV-lərə isə mütəmadi olaraq cinayətkar qruplar tərəfindən təzyiqlər edilir ki, onlar haqqında məlumat dərc etməsinlər. Jurnalistika ilə heç bir əlaqəsi olmayan və bəzi hallarda hökumət nümayəndələrinin nəzarətində olan şəxslər isə cinayət müəssisələrini idarə etmək üçün xəbər saytları kimi görünən internet saytlarından istifadə edirlər”.
Təhlükəsizlik
Hesabatın Azərbaycanla bağlı hissəsində o da qeyd edilir ki, təzyiqlərə, şantaj və ya korrupsiya cəhdlərinə müqavimət göstərən jurnalistlər absurd bəhanələrlə həbsxanaya atılır.
Üstəlik, son 20 il ərzində heç bir məmur və ya polis əməkdaşı jurnalisti döydüyünə və təhqir etdiyinə görə cəzalandırılmayıb: “Bir qayda olaraq, jurnalistlər rəsmi nəzarətdədir və onlar öz mənbələrini qoruyacaqlarına söz verə bilməzlər. Bakı rejimi mühacirətdə olan müstəqil jurnalistlərin ölkədə qalan dostlarına və ailələrinə təzyiq edərək onları ram etməyə çalışır”.