Gürcüstana gedən turistlər içində azərbaycanlılar, Azərbaycanda isə gürcülər ikinci yerdədir
Gürcüstanın Milli Turizm Administrasiyasının rüblük hesabatı (iyun-sentyabr) açıqlanıb. Hesabatdan məlum olur ki, Azərbaycandan Gürcüstana gedən hər turist ortalama 524,5 lari (302,32 manat), Ermənistandan gedən hər turist isə 553,9 lari (319,27 manat) xərcləyib.
Bundan əlavə,
Gürcüstan
a səfər edən azərbaycanlı ziyarətçilərin sayı 7 faiz artıb.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 1 milyon 404 min 28 nəfər olub.
Hesabatda bildirilir ki, illik müqayisədə qonşu ölkəyə yollanan azərbaycanlı ziyarətçilərin sayı 92 min 121 nəfər və ya 7 faiz artıb.
Azərbaycanlılar Gürcüstana getmə sayına görə 2-ci yeri tutublar
Bu göstərici ilə Azərbaycan Gürcüstana gedən əcnəbilərin sayı baxımından ikinci yeri tutub. Birinci yerdə 1 milyon 406 min 255 nəfərlə Rusiya, üçüncü yerdə isə 1 milyon 230 min 834 nəfərlə Ermənistandır. Təkcə noyabr ayında Gürcüstana Azərbaycandan 114 min 657 insan gedib ki, bu da ötən ilin eyni göstəricisindən 8 min 552 nəfər, yaxud 8,1 faiz çoxdur.
Gürcüstana 2019-cu ilin 11 ayı ərzində 8 milyon 690 min 352 nəfər, təkcə noyabrda isə 670 min 122 nəfər turist səfər edib.
Azərbaycana nə qədər turist gəlir?
Dövlət Turizm Agentliyi
nin ən son açıqladığı məlumata görə, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanı ziyarət edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10.9 faiz və ya 264 min nəfər artıb. Say 2.7 milyona çatıb.
Agentlik bildirir ki, bu, 2019-cu ildə Azərbaycana gələn xarici vətəndaşların sayının 3 milyondan artıq olacağına əsas verir.
Qonaqların böyük hissəsi Rusiyadan (təqribən 800 min nəfər) və Gürcüstandan (təqribən 600 min nəfər) gəlib. Bu iki ölkədən gələnlər Azərbaycanı ziyarət edən qonaqların 51.9 faizini təşkil edir.
Cənubi Asiyadan gələnlərin sayı artıb
Mərkəzi və Cənubi Asiyadan gələn xarici vətəndaşların sayında da müvafiq olaraq 47.9 və 37.8 faiz artım müşahidə edilib.
2019-cu ilin oktyabr ayı ərzində Azərbaycanı 264 min nəfər xarici vətəndaş ziyarət edib. Bu da 52 min nəfər və ya 24.7 faiz artım deməkdir.
Ən yüksək artım 74.3 faizlə İran və 65.1 faizlə Orta Asiya ölkələri arasında qeydə alınıb. Mütləq sayda ən yüksək artım isə Gürcüstan (9.6 min nəfər və ya 18 faiz artım) və Rusiyadan (9.2 min nəfər və ya 14.4 faiz artım) gələnlər arasında müşahidə edilib.
“Həm Gürcüstan, həm də Rusiyada minlərlə azərbaycanlı yaşayır”
ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, statistikada ilk 2 yeri tutan Gürcüstan və Rusiyadan gələnlərin sayı həmişə şübhə doğurur. Çünki həmişə bu ölkələr ilk üçlükdə olur:
“Səbəbi həm Gürcüstan, həm də Rusiyada minlərlə azərbaycanlı soydaşımızın yaşamasıdır. Xüsusən də bayramlar və yay ərəfəsində onlar Azərbaycana qohumlarını ziyarətə gəlirlər. Onların hər biri ölkəyə girişdə turist kimi qeydiyyata alınır. Məncə, statistika hazırlanarkən bunlar nəzərə alınmalıdır. Hər il və ya ildə bir neçə dəfə gələn insan turist sayılmamalıdır”.
Cənubi Asiyadan gələnlərin sayının artmasına gəlincə, Natiq Cəfərli deyir ki, Azərbaycan hökuməti yenilikcə Yaponiya və Çinlə viza asanlaşdırılmasına gedib. Səbəb bu ola bilər.