Ana: ”Vəkil tutmağa imkanım çatmır ki, araşdırsın, bu uşağa nə ediblər”
“Sanki bu dünyanın adamı deyil. Huşsuzlaşıb, günün çox hissəsini yatır, oyaq vaxtı da elə yatmış kimidir. Özünə qapanır, heç kimlə danışmır. Ətrafda baş verənlərə reaksiya vermir. Bir də görürsən qəfil yerindən sıçrayıb çıxır, küçəyə qaçır, hara gəldi qaçır. Hələ hospitalda bundan da pis idi. Çağırıb verdilər qoltuğumuza, dedilər, nəzarətsiz qoymayın. Apardıq Bakıda xeyli müalicə elətdirdik. Bununla belə, dediyim kimi, özündə, sözündə deyil”.
Bu sözləri Meydan TV-yə Xaçmaz sakini Fəzilə Beydullayeva 19 yaşlı oğlu Məhəmməd Beydullayev haqqında deyir.
Dedilər, qolunu kəsib, davranışında qeyri-adiliklər var
Məhəmmədin 19 yaşı var. 2017-ci ilin yanvarında hərbi xidmətə yollanıb. Dövlət Sərhəd Xidmətinin (DSX) Cəlilabadın Göytəpə şəhərindəki hərbi hissəsində qulluq edib. Xidməti başa vurmasına bir ay qalmış ordudan tərxis olunub. Buna qədər DSX hərbi hospitalında psixi pozuntularına görə müalicə alıb. Ana sözünə davam edir:
“Hərbi xidmətə yollanmamışdan əvvəl həkim komissiyasından keçib və müayinələrdən tam sağlam çıxıb. Əvvəllər heç vaxt səhhətində, davranışında qeyri-adilik müşahidə etməmişik. Sağlam, normal, diribaş uşaq olub. Bu ilin mayında bizə xəbər verdilər ki, Məhəmməd Dövlət Sərhəd Xidmətinin hospitalına yerləşdirilib. Dedilər, psixoloji durumu yerində deyil, müalicələr bitəndən sonra ordudan yararsız kimi tərxis olunacaq. 1 ay hospitalda qaldı. İyunun 25-də zəng vurdular, bu dəfə də dedilər, oğlunuz yararsız kimi ordudan tərxis olunur. Evə təkbaşına yollaya bilmərik, mütləq yolda kiminsə nəzarəti altında olmalıdır, bir adam gəlib aparsın. Özüm dalınca getdim…”
Evə tək buraxmadılar
İyunun 25-də hərbi hissəyə gedən anaya bildirilib ki, 1 ay əvvəl Məhəmməd öz qoluna bıçaqla xəsarət yetirib, özünü idarə edə bilmədiyi üçün onu hərbi hospitala müalicəyə alıblar. 1 aylıq müalicə başa çatıb, Məhəmməd psixi problemlərinə görə ordudan yararsız kimi tərxis olunub, ana onu özü ilə evə apara bilər:
“Dedim, bu uşaq niyə dinmir, danışmır, key kimi üzümə baxır? Dedilər, əvvəllər onlar da Məhəmməddə belə halları müşahidə etməyiblər. Hər şey qəfil baş verib. Epiqrez verdilər, tapşırdılar ki, gətirim Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına verim, başqa sənədləri də toplayım, hansı qrupa uyğun bilinsə, o qrup üzrə əlillik təyin olunacaq, üstəlik, psixi durumu hərbi xidmət vaxtı pozulduğu üçün dövlət kompensasiya da ödəyəcək. Beləcə, xidməti iyulda başa çatan Məhəmmədi iyun ayında ordudan tərxis elədilər”.
Deyirlər, 6 ay ruhi xəstəxanada yatmalıdır
Fəzilə xanım Hərbi Həkim Komissiyasının verdiyi epiqrezi Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına təqdim etdiyini deyir. Onun sözlərinə görə, 5 aydır ki, oğluna nə sığorta, nə də əlillik təyin etdirə bilir:
“Əvvəl dedilər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial-Ekspert Komissiyasına “Forma-88” göndərmələri üçün 6 ay gözləmək lazımdır. Mən bu gözləmənin səbəbini soruşdum, dedilər, qayda belədir, gözləmək lazımdır. Dedim, yaxşı, gedək, gözləyək. Bu yaxınlarda bir də xəstəxanaya baş çəkdim, bu dəfə dedilər, Məhəmmədi Maştağadakı Ruhi-Əsəb Xəstəxanasına yatırtmaq lazımdır. Dedim, bu uşaq ruhi xəstə deyil. 19 yaşında gəncdir, aparıb ruhi xəstələrin arasına salıb, psixotrop dərmanlar verib daha da bədbəxt eləyərlər. Hərbi Həkim Komissiyasının epiqrezi keçərli deyildisə, o zaman o epiqrezi niyə yazıb veriblər bizə? Bir-birinizin yazdığına şübhəylə yanaşırsız məgər? Sığorta üçün də müraciət etmişik, deyirlər, TSEK-dən sənəd gəlməsə, sığorta təyin oluna bilməz. TSEK-dən istədikləri sənəd də təyin olunmuş əlilliyin dərəcəsi ilə bağlıdır. Deməli, sığorta alınması üçün əlillik dərəcəsi olmalıdır, əlillik təyin edilməsi üçün də 6 ay ruhi xəstəxanada yatmalıdır. Heç bir məntiqə sığmır. Epiqrezdə aşkar yazılıb ki, bu adamda bu xəstəlik var və bu xəstəlik hərbi xidmət zamanı yaranıb. Bunu təzədən aparıb ruhi xəstələrin arasına niyə atırlar?”
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından Meydan TV-yə bildirilib ki, Məhəmməd Beydullayevə əlillik təyinatı üçün TSEK-ə “Forma-88” sənədi göndərilməlidir. Lakin Məhəmməd Beydullayev bunun üçün Bakıda – Maştağadakı 1 saylı Respublika Psixatriya Xəstəxanasında müayinədən keçməli, müalicə olunmalıdır. Əgər müalicələr effekt verməzsə, xəstəlik ömürlük kimi təsbit olunarsa, o zaman əlillik təyin olunması üçün müvafiq sənəd verilməlidir. Bu prosedurlardan mütləq keçmək lazımdır.
Vəkil tutmağa imkanımız yoxdur
Ötən 5 ay ərzində ailə üzvləri Məhəmmədi bir neçə dəfə Bakıya gətirib müayinələrdən keçiriblər. Hazırda da müalicə olunur. Anası deyir, hərbi xidmətdən tərxis olunub evə qayıdandan sonra bir neçə dəfə səbəbsiz yerə qəfil küçəyə qaçıb, qışqırıb, aqressiv hərəkətlər edib:
“Məhəmmədin psixi problemləri hərbi xidmət vaxtı yaranıbsa, bu səbəbdən yararsız hesab olunaraq ordudan yarımçıq tərxis olunubsa, deməli, ona sığorta da ödənməlidir. Çağırıb uşağı veriblər qoltuğuma ki, muğayat ol, nəzarətsiz qoyma, bu uşaq özündə deyil. Bunları deməklə iş bitmir axı, vəkil tutmağa imkanım da çatmır ki, araşdırsın, ümumiyyətlə, bu uşağa neyləyiblər, ordudan tərxis olunmasına 1 ay qalmış bu vəziyyətə düşüb? Bu tərəfdən xəstəxana da sənədləri vermir ki, lazım olan qurumlara təqdim edək”.
Epiqrezdə yazılıb ki…
DSX Mərkəzi Hərbi Həkim Komissiyasının 25 iyun 2018-ci il tarixli qərarında qeyd olunub ki, əsgər Məhəmməd Beydullayev 27 oktyabr 2017-ci il tarixdə yüngül nevrotik reaksiyalar diaqnozu ilə DSX hospitalına yerləşdirilib. Psixiatırın ambulator müayinəsində olub, psixi pozuntu aşkar edilməyib. Tibb kitabçasında qeyd olunanlara görə, 21 may 2018-ci il tarixdə xəstənin psixi durumunda dəyişiklər yaranıb. Mayın 22-də Cəlilabad rayon Müalicə Diaqnostika Mərkəzinə götürülüb. Müayinə olunan əsgərə “konversiyon pozuntu” diaqnozu qoyulub. Hərbi hissədən təqdim olunan zədə haqqında arayışa görə, Məhəmməd Beydullayev mayın 14-də öz sol said nahiyəsinə iti alətlə xəsarət yetirib.
22 may 2018-ci il tarixdə hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin təyini üçün hospitala göndərilib. Mayın 30-da Tibb Universitetinin psixatriya kafedrasında professor Əliyevin konsultasiyasında olub. Ona “mülayim dərəcədə ifadə olunmuş dissosiativ konversion pozuntu(keçmiş hadisələrə qarşı yaddaşın, özünü şəxsiyyət kimi başa düşmək qabiliyyətinin, bədənin hissiyyatının və hərəkərinin, idarə etmək qabiliyyətinin tam, ya da hissəvi itirilməsi), stupor” diaqnozu qoyulub. Aparılan müalicənin müsbət effekti olmadığına görə DSX Hərbi Həkim Komissiyasına təqdim edilib. Hərbi Həkim Komissiyası da həmin epiqrezə əsaslanaraq Məhəmməd Beydullayevi hərbi xidmətə yararsız kimi ordu sıralarından tərxis edib.
Azərbaycan Dövlət Sığorta Şirkətindən bildirilib ki, sığorta məsələsinə baxılması üçün əvvəlcə əsgərin əlillik dərəcəsi haqqında Tibbi Sosial Eskpert Komissiyasından rəsmi rəsmi sənəd olmalıdır. Çünki belə hallarda sığortanın məbləği əlillik dərəcəsinə görə dəyişir.