Çağırış yaşının da 35-dən 30-a endirilməsi təklif olunub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev hərbi xidmətin müddətinin azaldılmasının müzakirə edildiyini deyib.
O bu barədə Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı danışıb.
“Əsas məqsədimiz bütün sui-istifadə halların qarşısının alınmasıdır. İndi qanunvericilikdə elektron kabinetlərin yaradılması, bütün məlumatların bu vasitə ilə verilməsi nəzərdə tutulur ki, şəffaflıq təmin edilsin. Ali və tam orta təhsillini fərqləndirmək yox, onların bərabərləşdirilməsi lazımdır. Bununla bağlı düşünürük”, – idarə rəisi deyib.
Müddətin azaldılmasına hələlik hazır olmadıqlarını əlavə edib.
Azər Babayev bildirib ki, hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi müzakirə olunur.
Müzakirələr zamanı həmçinin hərbi xidmətə çağırış yaşının 30-a endirilməsi də təklif edilib.
Təklif olunub ki, Azərbaycanda hərbi xidmətə çağırış yaşı 35-dən 30 yaşa endirilsin.
Layihəyə görə, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək kişilər olacaq.
Azər Babayev həmçinin deyib ki, ödənişli hərbi xidmətlə bağlı təklif müzakirə olunub. Lakin aidiyyəti qurumlar dəstəkləməyib.
“Eyni zamanda alternativ xidmət Konstitusiyada əksini tapsa da, qanunvericilikdə nəzərdə tutulmayıb. Biz bu təklifi dəstəkləyirik”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev qeyd edib ki, alternativ xidmətin əsasnaməsi də təsdiq edilib, lakin bunun tətbiq olunma qaydaları yoxdur:
“Bizə olan müraciətlərin əksəriyyəti Yehova şahidləridir. Alternativ xidmət ödənişli kimi başa düşülür. Amma bu, tamam başqa bir şeydir. Yəni əqidəsi xidmət keçməyə ziddirsə, bu, alternativ xidmətə cəlb olunur”.