İş Bakı Hərbi Prokurorluğunda aparılır
Yanvarın 6-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında intihar etdiyi deyilən hərbi qulluqçu Vüsal Musayevin ölümüylə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı Hərbi Prokurorluğunda bu faktla bağlı istintaq hərəkətləri aparılır.
Məlumatda bildirilir ki, yanvarın 6-da xəbər daxil olandan dərhal sonra hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyətli olan maddi sübutlar qanuna uyğun şəkildə qablaşdırılaraq götürülüb, digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb: “Fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir”.
Prokurorluğun məlumatına görə, 1985-ci il təvəllüdlü Vüsal Musayev sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində olarkən mərmi partlayışı nəticəsində xəsarət alıb. O, yanvarın 6-na qədər Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində “partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicə alıb.
35 yaşlı Vüsal Musayev Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olub.
İki azyaşlı övladı olan Vüsal Musayev hospitalda müalicə aldığı dövrdə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.
Qazinin yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, onlara yanvarın 6-da Vüsal Musayevin hospitalın hamamında özünü asdığı deyilib.
“Hospitaldan məzuniyyətə buraxıldığı zaman evdə dərman qəbul edərək intihara cəhd də etmişdi. Bu barədə həkimi məlumatlandırmışdıq. Bizə dedilər ki, narahat olmayın, bura psixatriya şöbəsidir, özünə qəsd etməsi üçün burada imkan yoxdur”, – qazinin yaxını Meydan TV-yə deyib.
Onun sözlərinə görə, əvvəllər əsgərin psixoloji vəziyyəti ilə bağlı heç bir problemi olmayıb. Milli Qəhrəman Polad Həşimovun həlak olması xəbərindən sonra həkim komissiyasından keçərək müddətdən artıq xidmət (MAXE) kimi hərbiyə yollanıb.
“Döyüşlər zamanı 12 saat mühasirədə qalıb. Hərdən ürəyinə qorxular düşürdü, özünü öldürməyə çalışırdı. Heç kimi, heç nəyi xatırlamırdı“, – qazinin yaxını belə deyir.
Meydan TV gün ərzində dəfələrlə cəhd etsə də, hospitaldan münasibət öyrənə bilməyib.