“Hərbi hissə rəhbərliyi rahat kreslolarda, əsgər isə zülm içində yaşayır”

Fərid İsmayılovun arxivindən

Fərid İsmayılov: “Cənab Prezident, Qarabağa səfər edirdiniz deyə 2000-ə yaxın şəxsi heyət susuz qaldı”

“Mən əminəm ki, bu rejim mənə xidmət etdiyi hərbi hissədə öldürülən əsgər Tapdıq Babaşovun taleyini yaşada bilər. Lakin mən bunları qeyd etməyə məcburam, özüm üçün yox, digər bu problemlərlə qarşılaşan hərbi qulluqçular üçün”.

Bu fikirləri 9 aydır hərbi xidmətdə olan jurnalist Fərid İsmayılov “Facebook”səhifəsində paylaşıb.

O, Goranboydakı N saylı hərbi hissənin əsgəridir. Həmin hərbi hissənin komandiri polkovnik Əliyusif Məmmədovdur.

Fərid İsmayılov iddia edir ki, xidmət etdiyi hərbi hissə Silahlı Qüvvələrin Hərbi Nizamnaməsi ilə yox, meşə qanunları ilə idarə olunur.

“Hərbi hissə rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətsizliyi ucbatında bir ömür mənimlə davam edəcək problemlər də yarandı, sağlamlığıma ciddi ziyan dəydi. Və hələ də dəyməkdədir. Qarşılaşdığım problemlə bağlı nə vaxt yazıramsa, xidmət etdiyim bölmənin komandiri, münasibətim olan zabit heyəti danlanılır. Əminəm ki, növbəti dəfə də belə olacaq, amma buna da məcburam”,-deyə İsmayılov yazır.

O, hərbi hissədə aylardır generator, içməli su, qida probleminin həll olunmadığını bildirir:

“Hərbi hissə rəhbərliyi rahat kreslolarda, əsgər isə zülm içində yaşayır. Başları rüşvət, korrupsiyaya qarışıb. Pul almadıqları əsgərlər postlarda, pul verməyən əsgərlər ac-susuz, problemlərlə düşmənlə üz-üzə dayanır”.

Əsgər yazır ki, 3 gün bundan öncə kartof oğrusunu hərbi polis tutub, amma posta 1 kq kartofu hərbi hissə rəhbərliyi günlərlə göndərmir:

“Təsəvvür edin ki, çavuş heyəti öz maaşından əsgərlər üçün qida alıb gətirir ki, xəstəlik yaranmasın. Hərbi hissə rəhbərliyi də gəlib utanmaz-utanmaz əsgərə ağıl öyrədir. Odun göndərmir, amma əsgər, çavuş heyəti minalanmış ərazidən odun toplayır. Bölməmin komandiri yuxarı komandanlığa problemləri, onların həll yollarını çatdırır, fayda isə yoxdur! Hərbi hissə rəhbərliyi yerdəyişmə aylarında puldan yığır, genəlir, “Azərbaycan Ordusu” qəzeti də düşməni tənqid edir. Ölün yerə girin!”

O, xidmət etdiyi 9 ayda sağlamlığına zərər dəydiyini, əsəblərinin pozulduğunu vurğulayıb:

“Bütün əsəb-sinir sistemim pozulub, sağlamlığımda yaranmış hər hansı problemə görə heç kimə müraciət etmirəm. Çünki etsəm, əsəblərim daha da pozulacaq. Bu problemləri bilən başqa kimsə yoxdurmu? Var, kifayət qədər”.

F.İsmayılov məzuniyyətdə olduğu müddətdə onunla əlaqə saxlayan Dövlət Təhlükəsizliyi Xidmətinə, Hərbi Prokurorluğa və Müdafiə Nazirliyinin əməkdaşlarına yazdıqlarını çatdırdığını deyib:

“1 ay müddətində heç biri də həllini tapmadı. Kimə müraciət edək, Cənab Prezident?! DTX siyasi fəalların arxasınca düşdüyünə gəlsin xidmət etdiyim hərbi hissəni araşdırsın. Araşdırmır, niyə? Çünki bu çirkaba xirtdəyə qədər onlar da bulaşıb, boğulurlar, vicdan isə tərpənmir!”

F.İsmayılov sonra dövlət başçısı İlham Əliyevə xitabən yazıb:

“Cənab Prezident, özünüz deyirsiniz ki, Azərbaycanın güclü ordusu var. Bəli, var, kifayət qədər güclü ordudur, amma bu ordunun əsgəri ilə maraqlanmırsınız, bir dəfə hansısa posta gedib əsgərlə ünsiyyətdə olmamısınız. Siz ötən ilin avqustunda Qarabağa səfər edirdiniz deyə 2000-ə yaxın şəxsi heyət susuz qaldı, içməli su gətirilmədi ki, yoldan Prezident keçəcək. Siz əsgərə 13 manat aylıq müavinətin verildiyi orduya güclü ordu deyirsiniz! Cənab Prezident, bu qədər problemdə günahkar siz deyilsiniz, 30 ilin müəllimi, maaş azlığından dərsdən sonra sürücülük edən atam Əlihüseyn İmran oğludur!”.

Meydan TV dəfələrlə əlaqə saxlamağa cəhd göstərsə də, Müdafiə Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib. Qurumdan “Qafqazinfo”nun sorğusuna cavab olaraqsa bildirilib ki, hərbi xidmətdə olan hər bir hərbi qulluqçunun ailə vəziyyəti, sosial statusu, cəmiyyətdə tutduğu mövqeyi və digər amillərdən asılı olmayaraq onlar nizamnamələrin tələblərinə uyğun olaraq xidmət keçir və komandanlıq tərəfindən eyni diqqət və qayğı ilə əhatə olunurlar:

“Bildirik ki, hərbi qulluqçunun məlum müraciətində səsləndirilən fikirlər yalandır, əsassızdır. Bu kimi qeyri-adekvat çıxışlar Ordumuzun nüfuzuna xələl gətirmək istəyən qüvvələrin məqsədlərinə xidmət edir.
Sosial şəbəkələr vasitəsilə Ordumuzun xidməti fəaliyyətinə müdaxilə edilməsi cəhdini qəti surətdə pisləyir və belə addımları yolverilməz hesab edirik”.

Respublika Prokurorluğunun mətbuat xidmətindən isə Meydan TV-yə məsələdən xəbərsiz olduqlarını, araşdırma apardıqdan sonra cavab verəcəklərini bildiriblər.

Ana səhifəSiyasət“Hərbi hissə rəhbərliyi rahat kreslolarda, əsgər isə zülm içində yaşayır”