Hər min nəfərindən biri sosial xidmət almayan ahıl azərbaycanlılar 

Azərbaycanda yoxsulluq. Foto: Horst-Koenemund/shutterstock

Azərbaycanda “ahıl büdcəsi” dövlət sirri kimi qorunur

Bu yaxınlarda mediada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) belə bir xəbər paylaşmışdı ki, evdə sosial xidmət göstərilən ahıl vətənaşın 100 yaşı tamam oldu. Əgər bu xəbər ölkədə yaşlı vətəndaşlara xidmətin real vəziyyətindən məlumatsız istənilən şəxsin qarşısına çıxsa, böyük bir ehtimalla nazirliyin bu sahədə çox uğurlu bir fəaliyyətə və proqrama malik olduğunu düşünər. 

Amma reallığı hərtərəfli öyrənib analiz edəndə bu tip xəbərlərin çox ucuz bir piar olduğunu aşkarca görmək olur.  Gerçəklik belədir: bu ölkədə nəinki ahıllara xidmətlə bağlı aydın bir proqram, hətta normal bir statistika yoxdur. Axtarırsan ki, ölkədə neçə qocalar evi var, qarşına ahıllar, əlillər və uşaqlar üçün ixtisaslaşmış müəssisələrin ümumi  sayı barədə məlumat çıxır.  Nə qədər ahıl bu müəssisələrdə yayaşır? Yenə də statistika eyni qaydada “həftəbecər” təqdim edilir. Evdə xidmət alan yaşlı vətəndaşların sayı nə qədərdir? Ancaq internetdə axtarışla hansısa məmurun müsahibələrində nəsə var və bu da ayrı-ayrı illərə dair deyil, konkret bir dövrə aid olan statistikanı təqdim edir. İllər üzrə evdə xidmət alan yaşlıların sayı barədə heç yerdə informasiya tapmaq mümkün deyil. 

Ahıllar üçün ixtisaslaşmış müəssisələrin saxlanmasına, 1 nəfərin təminatına dövlət büdcəsindən nə qədər vəsait ayrılır? Bu müəssilərda qalanların günlük və aylıq ərzaq təminatı xərcləri nə qədərdir? Evdə xidmətə büdcədən ayrılan xərclər, belə xidmət alan 1 nəfər hesabı ilə xərcləin məbləği nə qədərdir? Bu informasiyalar isə dövlət və hərbi sirr qədər ən yüksək səviyyədə qorunur. 

Azərbaycanda ahıllar üçün neçə müəssisə var, həmin müəssisələrdə nə qədər insan qalır?

Yuxarıda da qeyd edildiyi kimi, sırf ahıllar üçün olan müəssisələrin sayı barədə məlumat yoxdur. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ölkədə ahıllar, əlilliyi olan şəxslər və baxımsız uşaqlar üçün 8 sosial xidmət müəssisəsi var. Göründüyü kimi, bu məlumatda 3 fərqli sosial qrupa aid müəssisələrin sayı birlikdə verlir. Məlumat bazasında o da qeyd edilir ki, həmin müəssisələrdə ümumilikdə 1230 yer mövcuddur və faktiki yaşayanların sayı 900 nəfərə yaxındır.

Statistikadan o da aydın olur ki, son 25 ildə belə müəssisələrin sayı cəmi 1 ədəd artıb, onlarda qalanların sayı isə faktiki olaraq dəyişməyib və həmin dövrdə 800-1000 nəfər intervalındadır. 

Halbuki 2000-2024-cü illərdə yaşlı əhalinin sayı (70 və yuxarı yaşda) 2 dəfədən çox artaraq 224 min nəfərdən 500 min nəfərə çatıb. Bu müddətdə paralel olaraq əlillərin də sayı 2 dəfə artaraq 250 min nəfərdən 503 min nəfərə yüksəlib.

Azərbaycanda yaşlı şəxslərə zəruri dəstək “Sosial xidmətlər haqqında” Qanunla tənzimlənir. Qanuna görə, 70 yaşa çatmış şəxslər onların həyat fəaliyyətini pozan, sosial-psixoloji vəziyyətini çətinləşdirən, cəmiyyətdən təcrid olunmasına gətirib çıxaran hallar bilavasitə özü, yaxud ailəsinin dəstəyilə aradan qaldıra bilmədikdə, dövlət tərəfindən təşkil olunan sosial xidmətlərdən istifadə hüququ yaranır. Yaşlı şəxslərin əlillik,  xəstəlik və ya qocalıqla bağlı özünəqulluq qabiliyyətini itirməsi, müəyyən yaşayış yerinin olmaması xidmətə müraciət üçün konkret hallara daxildir. Amma bu müraciətə müsbət cavab almaq üçün əsas şərt ahıl şəxsə qulluq və köməklik göstərə biləcək əmək qabiliyyətli qohumların (yaxud qanuni nümayəndəsinin) olmamasıdır.

Adıçəkilən qanunda sosial xidmətərin əsas forması kimi evdə (səyyar), yarımstasionar (günərzi) stasionar sosial xidmət müəyyən edilib.

Evdə  sosial xidmət əmək qabiliyyətli qohumları (yaxud qanuni nümayəndəsi) ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllar, ahıl cütlüklər,  əlilliyi olan şəxslər,xəstəliyin son mərhələsində olan şəxslər üçündür. 

Evdə xidmətlə bağlı ayrıca qaydalar mövcuddur. 2013-cü ilin yavarında Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən bu qaydalara görə, sosial xidmətçi tərəfindən göstərilən xidmətlərə yemək hazırlanmasına kömək etmək, özünə qulluq edə bilməyən xəstələri yedizdirmək və qabları yumaq, şəxsin çimizdirilməsinə, saçlarının daranmasına yardım etmək, yataq və geyim əşyalarını yumaq və ütüləmək, paltarların xırda təmirini etmək, mənzili yığışdırmaq və təmizləmək və s. daxildir.

Yarımstasionar (günərzi) sosial xidmət özünün əsas həyati tələbatını müstəqil təmin edə bilən və aktiv hərəkət qabiliyyəti olan ahıllara gündüz və ya gecə vaxtlarında sosial-məişət, tibbi, mədəni və başqa xidmətlər göstərilməsindən, asudə vaxtın səmərəli təşkilindən ibarətdir. 

Stasionar sosial xidmət isə ixtisalaşmış müəssisədə sosial xidmət göstərilən şəxslərin fiziki durumuna və səhhətinə uyğun həyat şəraitinin yaradılmasından, tibbi və sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsindən, qulluğun təşkilindən ibarətdir. Belə xidmətə ehtiyacı olan psixi pozuntulu şəxslər xüsusi stasionar müəssisələrdə yerləşdirilirlər.

Rəsmi statistikada nə ümumilikdə, nə də hər bir forma üzrə sosial xidmətlə əhatə olunan şəxslərin sayı barədə hər hansı statistik göstəricilər açıqlanmır. ƏƏSMN-nin rəsmi şəxslərinin mediaya açıqlamalarına görə, 2023-cü ildə 4,9 min ahıl şəxsə evdə xidmət göstərilib. Qocalar evində yaşayan ahılların sayının isə cəmi 180 nəfər olduğu bildirilir. Ölkədə 1 ahıllar evi mövcuddur. Həmin müəssisə də Bakı şəhərində yerləşir.

Bir sözlə, evdə xidmət olunan şəxsləri də nəzərə aldıqda, hazırda Azərbaycanda yaşı 65-i ötən şəxslərin ən yaxşı halda 0,5 faizi dövlətin sosial xidmətlərilə əhatə olunub. Pensiya yaşına çatmış az qala 1 milyon nəfər yaşlı insanın olduğu ölkədə cəmi 1 qocalar evinin fəaliyyət göstərməsi, əhalinin az qala 50 faizinin məskunlaşdığı regionlarda isə ümumiyyətlə bu tip təsisatların mövcud olmaması ahıl insanların sosial müdafiə sisteminin hansı vəziyyətdə olduğunu nümayiş etdirir.   

Dünyada ahıl insanların hansı hissəsi sosial xidmətlər əldə edə bilir?   

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 2021-c il üzrə statistikasına görə, təşkilata üzv ölkələri üzrə 65-dən yuxarı yaşda əhalinin 12%-i ya ixtisaslaşmış müəssisələrdə, ya da evdə uzunmüddətli sosial xidmət alırlar. Birlik çərçivəsində sosial xidmətlə əhatə olunan yaşlı əhalinin 20%-i 4 ölkəyə aiddir. Həmin ölkələrdən Almaniyada 20%, İsveçrədə 24%, İsraildə 28%, Litvada isə 36% ahıl insanlar belə xidmətlərin istifadəçiləridir.  Bu ölkələrdə evdə baxım səviyyəsi daha yüksək olub. Məsələn, İsveçrədə bütün xidmət alanların üçdə ikisi evdə sosial xidmət alıb.

Portuqaliya, ABŞ, Yaponiya, Kanada, Polşa və İrlandiya yaşlı sakinləri ixtisaslaşmış müəssisələrdə ən az xidmət alan ölkələrdir. Məsələn, bu göstərici ABŞ-da 2%, Yaponiyada 3% təşkil edir.

Təşkilata üzv ölkələrdə 2021-ci ildə 65 və yuxarı yaşda olan hər 1000 nəfərə orta hesabla 46 çarpayı düşüb. Bu ölkələrdə ahıllar üçün sosial xidmət potensialının nə dərəcədə yüksək olmasını göstərən başaq bir mühüm fakt da var: İƏİT-nin daha yüksək inkşaf etmiş 23 ölkəsi üzrə 65 və yuxarı yaşda əhalinin hər 10 000 nəfərinə 570 sosial xidmət işçisi düşür.   

İƏİT-nin hesabatlarından aydın olur ki, bütövlükdə inkişaf etmiş ölkələrdə evdə xidmətlə əhatə səviyyəsi daha yüksəkdir. Təşkilata üzv olan ayrı-ayrı ölkələrdə bütün xidmət alanların 50-80%-i məhz evdə xidmətdən yararlanıb. Cins üzrə bölgüyə gəldikdə, İƏİT üzrə xidmət alan ahıl vətəndaşların 60%-i qadınlar olub.

Təşkilatın ekspertlərinin qənaəti budur ki, evdə,  yoxsa ixtisaslaşmış müəssislərdə xidmətə üstünlük verilməsinə ölkələrdəki ənənələrdən gələn sosial normaların təsiri böyükdür. Həmçinin evdə xidmət iqtisadi baxımdan daha səmərəlidir və Avropada baxıma ehtiyacı olanların 60 faizi xidmət alır. Nəticə etibarı ilə İƏİT üzrə ahıl vətəndaşların 4 faizindən bir qədər çox hissəsi ixtisaslaşımış müəssisələrin xidmətlərindən istifadə edir. Lakin burda ən mühüm məqam odur ki, ailənin özü xidmətə ehtiyacı olan üzvü üçün zəruri ximətləri təmin etməyi öhdəsinə götürükdə, dövlət bunun üçün nağd sosial transfertlər ayırır.

Azərbaycanla eyni regionu paylaşan ölkələrdən Türkiyədə ahıl vətəndaşların sosial xidmətlərlə əhatə səviyyəsi xeyli yüksəkdir və xidmət göstərən evlərin sayı Azərbaycanla müqayisədə həddən artıq çoxdur. Hazırda bu ölkədə 504 qocalar evi var. Halbuki 15 il əvvəl bu evlərin sayı az qala 2 dəfə az idi və 300-ə çatmırdı. Həmin dövrdə qocalar evlərində qalan yaşlıların sayı da 2 dəfədən çox artaraq 30 min nəfərə çatıb. Bu evlərin sayının artımı yaşlı əhalinin say artımına da uyğun olub. 2010-2023-cü illərdə Türkiyədə 65 və yuxarı yaşda əhalinin sayı 65% artaraq 5,3 milyon nəfərdən 8,7 milyon nəfərə çatıb. Əgər 2010-cü ildə yaşlı vətəndaşların hər 19 min nəfərinə 1 qocalar evi düşürüsə, hazırda bu nisbət daha yaxşılaşıb və yaşlı əhalinn hər 17 min nəfərinə 1 ixtisaslaşmış müəssisə düşür. Eyni zamanda, sosial müəssisələrdən xidmət ala bilən yaşlı əhalinin sayına baxdıqda, 13 il əvvəl yaşlı vətəndaşların hər 350 nəfərindən biri belə xidmətlərlə təchiz edilirdisə, hazırda hər 280 nəfərindən birinin bu imkanı var.      

Türkiyədə fərqli tiplərdə qocalar evləri mövcuddur. Məsələn, yaşı 60-ı ötən, sağlam və aktiv olsa da, yaxınları olmayan və ya onların imtina etdiyi tənha şəxslər üçün qocalar evləri var.   

Qocalar Evi: Türkiyədə qocalar evləri 60 və daha yuxarı yaşlı sağlam və aktiv yaşlı insanlara yaşayış xidmətləri göstərən yaşayış müəssisələridir. Bununla yanaşı, Alzheimer kimi xəstəliklərə mübtəla olan ahıl şəxslərə gündüz baxımı təmin edən mərkəzlər fəaliyyət göstərir. Nəhayət, xəstəlikləri olan ahıl vətəndaşlar üçün yaşlılara qulluq və reabilitasiya mərkəzləri mövcuddur.  

Türkiyədə evdə sosial xidmət alan yaşlı vətəndaşların sayı daha çoxdur. Rəsmi statistikaya görə, 2024-cü ildə bu ölkədə 140 min nəfər və ya ahıl əhalinin 1,6%-i  evdə xidmət alır. İxtisaslaşmış müəssisələrdə qalanları da nəzərə alsaq, həmin göstəricinin 2%-ə yaxın olduğunu söyləmək mümkündür.  

Türkiyədə yaşlı evlərinin təşkilində özəl sektorun da mühüm rolu var. Hazırda ölkədəki ahıllar üçün bütün sosial xidmət müəssisələrinin təxminən yarısı (270 müəssisə) biznes strukturlarına məxsusdur. Eyni zamanda, bütün müəssisələrda qalanların təxminən 40%-i və ya 13 min nəfəri özəl evlərin payına düşür. Maddi imkanı olan ailə və şəxslər özəl müəssisələrin xidmətlərindən istifadə edirlər.  

Türkiyə rəsmi statistika qurumunun sağlıq araşdırmasına görə 65 və daha yuxarı yaşda  hər 4-5 yaşlı insandan 1-i, 75 və yuxarı yaşda əhalinin hər 3 nəfərindən biri  sosial xidmətə ehtiyac duyur. 

Beləliklə, yaşlı əhalinin sosial xidmətlərlə əhatə səviyyəsinin 12% olduğu inkişaf etmiş ölkələr və 2% təşkil edən Türkiyə ilə müqayisə apardıqda, vəziyyət belədir: ehtiyac duyduqları zəruri sosial xidmətləri almaq üçün Azərbaycanda ahıl vətəndaşlar İƏİT ölkələrində yaşayan həmyaşıdlarına nisbətən təxminən 25 dəfə, Türkiyədə yaşayanlara nisbətən 4 dəfə daha məhdud imkana malikdir.       

Zəruri fakt: Son 30 ildə Azərbaycanda yaşlı əhalinin asılılıq əmsalı 2 dəfə artaraq 6,6-dan 13,1-ə yüksəldiyi halda ahıl insanlar üçün sosial xidmət infrastrukturunun potensialını artırmaq istiqamətində heç bir addım atılmayıb.  Yaşlı əhalinin asılılıq əmsalı 65 və yuxarı yaşda əhalinin əmək qabiliyyətli əhaliyə nisbəti kimi hesablanır. 

Azərbaycanda və dünyada ahıl insanlar üçün büdcə xərcləmələri 

İƏİT-nin məlumatına görə, hazırda inkişaf etmiş ölkələrdə hökumət orta hesabla büdcənin 2%-ni yaşlı insanların sosial xidmətlərinin təşkilinə xərcləyir. Bu göstərici İsveç, Norveç və Niderlandda 3%, Fransa, Almaniya və Kanada kimi ölkələrdə 2,5%, ABŞ, Polşa, İspaniyada 1-1,5%, Yunanıstan, Rumıniya və Xorvatiyada 0,5% ətrafındadır.

Türkiyə hökuməti bu məsələdə şəffaf davranır və ahıllara sosial xidmətlər üçün büdcədən ayrılan vəsaitlərin həcmilə bağlı xeyli məlumatlar açıqlayır. Məsələn, büdcə sənədlərindən aydın olur ki, evdə göstərilən sosial xidmətlər üçün ümumilikdə 1,2 milyard dollar vəsait ayrılıb. Doğrudur, bu ümumi məbləğdir və hansı hissəsinin bilvasitə evdə xidmət alan ahıllarla bağlı olduğu dəqiqləşdirilmir. Lakin ixtisaslaşmış ahıl evləri üçn ayrılan vəsaitin həcmi büdcədə ayrı sətirdə görünür və 2023-cü ildə həmin məbləğ 250 milyon dollara yaxın olub.

Bəs Azərbaycanda ahılların sosial xidmət müəssisələrinin saxlanmasına, evdə xidmətə nə qədər vəsait xərclənir? Bu, tamamilə qapalı bir məlumatdır. Hətta ictimaiyyət üçün qapalı olan, parlament üçün hazırlanan geniş həcmli büdcə dəstində də bu məlumat açıqlanmır.

Ümumiyyətlə, hazırda dünyada “ahıl büdcəsi” anlayışı mövcuddur və inkişaf etmiş ölkələrdə hökumətlər “qocalıq” xərclərinin həcmini ayrıca açıqlayırlar. Həm də məlumatlar pensiya və qeyri-pensiya xərclərini ayrıca görməyə imkan verir. Məsələn, 2022-ci ildə Avropa Birliyi ölkələri üzrə bütövlükdə sosial müdafiə xərclərinin ÜDM-də payı 19%, məcmu büdcə xərclərində payı 38% ətrafında olub. Hökumətin ahıllar üçün xərcələmələri cəmi sosial müdafiə xərclərinin təxminən yarısını təşkil edir. Daha dəqiq desək, AB üzrə ümumi hökumət xərclərinin 16-17%-i ahıl vətəndaşların sosial müdafiəsilə bağlıdır. “Ahıl büdcəsi”nin də 70-75%-i pensiya, 25-30%-i qeyri-pensiya xərclərindən ibarətdir. Məhz qeyri-pensiya xərcləri əsasən yaşlı insanlar üçün sosial xidmətlərinin təşkilinə sərf edilir. 

Azərbaycanda mövcud büdcə məlumatları əsasında “ahıl büdcəsi” ilə bağlı real mənzərəni araşdırmağa çalışsaq, təxminən belə bir vəziyyət qarşımıza çıxacaq: 2023-cü ildə icmal büdcənin cəmi xərcləri 40,3 milyard manat, məcmu sosial müdafiə xərcləri 9,1 milyard manat olub. Sosial müdafiə xərclərinin 6,3 milyard manatı pensiya və işsizlik fondlarından, 2,8 milyard manatı dövlət büdcəsindən (büdcələrası transfertlər nəzərə alınmadan) ayrılmışdı. Sosial müdafiə xərclərinin ÜDM-də payı cəmi 7,4%, icmal büdcə xərclərində xüsusi çəkisi isə 22,5% olub. 

Şəffaflıq və informasiya açıqlığı olmadığı üçün bu xərclər içərisində bilavasitə yaşlılar üçün xərcləri ayırmaq çətindir. Amma təxmini hesablama mümkündür. Məsələn, 2023-cü ildə icmal büdcənin pensiya xərclərinin məbləği 5,7 milyard manat olub. Həmin dövrdə yaşa görə pensiya alanların sayının 696 min nəfər, bu qrup üzrə orta aylıq pensiya məbləğinin 372 manat olduğunu nəzərə alsaq, ümumi pensiya xərclərinin təxminən 3,5 milyard manatının yaşlılar üçün ayrıldığını söyləmək olar. Bundan əlavə, dövlət büdcəsindən 420 mln. manat qocalığa görə müavinətlər üçün ayrılıb. Sosial xidmətlərin çox məhdudluğunu nəzərə alsaq, məlum olur ki, hətta həmin xidmətlər üzrə xərcləri əlavə etdikdə, 2023-cü ildə yaşlılar üçün hökumət xərcləmələri 4 milyard manat ətrafında olub ki, bu da icmal büdcənin təxminən 10%-nə, ÜDM-nin 3,5%-nə bərabər olub. Ümumilikdə Azərbaycanda məcmu sosial müdafiə xərclərinin tam yarısı bilavasitə pensiya ödənişlərilə bağlıdır. 

Yuxarıda təqdim edilən məlumatlardan göründüyü kimi, Azərbaycanda “ahıl büdcəsi”nin həm ÜDM-ə, həm də icmal büdcəyə nisbəti AB üzrə göstəricdən az qala 2 dəfə azdır. Lakin ən ciddi fərq odur ki, Azərbaycanda yaşlıılarla bağlı xərclərin az qala 100 faizi pensiya xərcləri ilə bağlıdır (qocalıq müavinətini də pensiya əvəzedicisi saysaq). Lakin Avropa ölkələrində ahılların qeyri-pensiya təyinatlı sosial müdafiə və rifah layihələri üçün xərcləmələrə ÜDM-nin 3-4% intervalında vəsait ayrılır. 

Təqdim olunan faktların və dünya ilə müqayisələrin ortaya çıxardığı reallıq budur:      Azərbaycanda yaşlı vətəndaşların problemi təkcə o deyil ki, böyük sərvət gəlirləri olan ölkədə 150-200 dollar pensiya və qocalıq müavinətinə möhtac qalıblar. 

Ən köklü problemlərdən biri ahıl vətəndaşların ehtiyac olduğu halda vacib sosial xidmətlər əldə etmək üçün zəruri mexanizmlərin və infrastrukturun olmamasıdır.   

Ana səhifəXəbərlərHər min nəfərindən biri sosial xidmət almayan ahıl azərbaycanlılar