“Həmişə icra başçılarının “xeyir-duasını” alıb, işləmişik”

Source: Meydan Tv

Məktəb və su-kanal tikintisində külli miqdarda korrupsiya etirafı

2012-2020-ci illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olmuş, elə bu vəzifədə işləyərkən 2020-ci ilin mayında həbs olunan Vilyam Hacıyevin məhkəməsində dindirilən şahidlər müxtəlif sahələrdə korrupsiya hallarından danışıblar. Onların ifadələrindən məlum olub ki, məktəb tikintisindən tutmuş, su-kanal çəkilişinə qədər ayrı-ayrı layihələrə ayrılan vəsaitlərin böyük bir hissəsi mənimsənilib.

Vilyam Hacıyevin məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. Aprelin 4-də hakim Azər Paşayevin sədrliyilə keçirilən prosesdə İmişli Olimpiya İdman Kompleksinin direktoru işləmiş, təxminən 1 ay əvvəl bu vəzifədən azad edilmiş Asif Quliyev ifadə verib.

O bildirib ki, direktor vəzifəsinə təyin olunan kimi İmişli Rayon İcra Hakimiyyətinə 10 min manat pul verib. Asif Quliyevin sözlərinə görə, onu vəzifəyə təyin edən Gənclər və İdman naziri idi, amma pulu icra hakimiyyətinə verib:

“Mən əvvəl də rayonun Gənclər və İdman İdarəsində baş məsləhətçi işləmişdim. Direktor təyin olunmamışdan bir gün əvvəl Vilyam müəllim məni çağırdı, dedi ki, sabah səhər saat 11.00-də Gənclər və İdman Nazirliyinə gedim. Getdim, orada nazirliyin Aparat rəhbəri ilə görüşdüm. Məni təyin elədilər. Qayıdandan sonra 10 min manat pulu icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevə verdim”.

Sabiq icra başçısının vəkili Elmar Kərimov şahiddən soruşub ki, onu nazir direktor vəzifəsinə təyin etdiyi halda, icra hakimiyyətinə niyə pul verirdi? O, sualı belə cavablandırıb:

“Rayonda icra başçısıyla işləyəcəkdim. Rayonun rəhbəri o idi. Məsələn, işığa görə borc vardı. Vilyam müəllimə deyirdim, o da zəng eləyirdi ki, kompleksin işığını kəsməsinlər, bizə möhlət versinlər”.

İmişli Molorasiya və Su Təsərrüfatı İdarəsinin sabiq rəisi Asif Qədirov bildirib ki, su kanalının çəkilməsi üçün büdcədən 300 min manat vəsait ayrılmışdı. O iddia edir ki, icra hakimiyyətində ona bu vəsaitin 50 faizini onlara verməklə bu işi görməyi təklif ediblər. Sonradan 30 faizə düşüblər. O da razılaşaraq, bu işin icrasını üzərinə götürüb.

Asif Qədirov dindirilərkən verdiyi cavablardan sonra üzə çıxıb ki, 300 min manatın cəmi 50-60 mini kanal çəkilişinə sərf olunub:

“Bunun 18 faizi vergiyə getdi, bu da 50 minə yaxın eləyir. İdarənin əvvəldən 120 min vergi borcu vardı, onu da ödədik. 70-75 min arası icra hakimiyyətinə verdik”.

Sabiq idarə rəisinin sözlərinə görə, layihə tam yox, təxminən 80 faiz tamamlanıb. Asif Qədirov deyir ki, başqa istiqamətlərə yönəldilməli nağd pulları əldə etmək üçün idarənin təsərrüfat hesabına köçürülmüş vəsaitləri onlar da müxtəlif ehtiyat hissələri mağazalarının hesabına köçürüblər. Aldıqları ehtiyat hissələrini isə sonradan satıb, pul eləyiblər. Beləliklə, həm 120 minlik vergi borcunu ödəyiblər, həm icra hakimiyyətinə pul veriblər.
Məhkəmədə ondan soruşulub ki, 300 min manatlıq işi 50-60 minə necə görüblər?

“Vilyam müəllim özü tapşırıq verdi, körpü və başqa işlər üçün lazım olan mal-materialları gətirdilər. Bizim də əvvəldən texnikamız, işçi qüvvəmiz vardı deyə, onlardan istifadə elədik”, – Asif Qədirov bildirib.

“Göyüşlü” MMC-nin rəhbəri Asif Cavadov isə məktəb tikintisindəki korrupsiyadan danışıb. İmişlinin Xoşçobanlı kəndində məktəb tikintisini həyata keçirdiklərini deyən Asif Cavadovun sözlərinə görə, bundan əvvəl də Yevlaxda məktəb tikintisi, artezian quyusunun qazılması və s. layihələri icra ediblər. O vurğulayıb ki, həmişə də icra başçılarının “xeyir-duasını” alıb, işləyiblər: “Bəs icra başçıları nədən ötrüdür? Onların icazəsi olmasa, biz iş görə bilərik?”

Şirkət rəhbəri bildirib ki, Xoşçobanlı kəndində məktəb tikintisi üçün müqavilədə 950 min nəzərdə tutulsa da, cəmi 840 mini köçürülüb. O puldan da 284 min manat köməkçisi vasitəsilə icra başçısına verib:
“950 minin 5 faizi bu günə qədər köçürülməyib. 280 min icra başçısının köməkçisi Füzuli müəllimə verdim. Biz məktəbin köhnə binasını bərpa elədik, əlavə 8 otaq tikdik. Biz işlədik, mənfəətimizi də onlara verdik. Nə evim var, nə maşınım. Onda mən evimi girov qoymuşdum”.

Vilyam Hacıyev bu şahidin yalan danışdığını, ondan nə pul istədiyini, nə də köməkçisi vasitəsilə ona pul göndərildiyini bildirib:

“Bu qədər yalan danışma. Sənin nə marağın vardı ki, evini girov qoyub pul götürüb ora xərcləyəsən?”
Sabiq icra başçısının vəkili vəsatət qaldırıb ki, məktəb tikintisiylə bağlı görülən işlər, ayrılmış vəsaitlərin necə xərcləndiyi araşdırılsın.

Məhkəmə prosesi aprelin 11-də davam edəcək.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu bildirir.

Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Ana səhifəSiyasət“Həmişə icra başçılarının “xeyir-duasını” alıb, işləmişik”