Bununla da müharibənin sona çatması mərhələsi başlayacaq
HƏMAS 4 ay ərzində silahları susduracağını və bununla da müharibənin sona çatmasını istədiyini açıqlayıb.
HƏMAS ötən həftə Qətər və Misir vasitəçilərinin göndərdiyi, eyni zamanda, ABŞ-ın dəstəklədiyi təklifə cavab verib. Bildirib ki, 135 gün ərzində silahları yerə qoyacaqlar. Bununla da müharibənin sona çatması mərhələsi başlayacaq.
“Reuters” anlaşma ilə bağlı sənədi gördüyünü bildirir.
Həmin sənəddə HƏMAS tərəfindən hər biri 45 gün davam edən üç mərhələli plan var.
Əvvəlcə oktyabrın 7-də əsir götürülən israilli girovların fələstinli məhbuslarla dəyişməsi nəzərdə tutulur.
Daha sonra Qəzzanın yenidən qurulmasına start veriləcəyi bildirilir. Bundan sonra İsrail qüvvələrinin tamamilə geri çəkilməsi, cəsədlərin dəyişdirilməsi prosesi barədə yazılıb.
ABŞ Dövlət katibi Entoni Blinken bu müharibə tarixində indiyədək ən böyük irəliləyişə görə gecə saatlarında İsrailə gəlib.
Qəzzanın azad edilməsini istədiyi məhbusların sayı 1500 nəfərdir. Onların üçdə birinin İsrail tərəfindən ömürlük həbs cəzasına məhkum edildiyi bildirilir.
Atəşkəs həmçinin aclıq və əsas ləvazimat çatışmazlığı ilə üzləşən Qəzzanın mülki əhalisinə ərzaq və digər yardım axınını artıracaq.
Ötən il, oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1200 nəfər öldürülüb, 253 nəfər girov götürülüb. Bundan sonra İsrail Qəzzaya hərbi hücuma başlayıb.
Qəzzanın Səhiyyə Nazirliyi ən azı 27 min 585 nəfər fələstinlinin İsrailin hərbi kampaniyası zamanı öldürüldüyünü təsdiqləyib. Minlərlə insanın isə dağıntılar altında qaldığı bildirilib.