HƏMAS-ın Qəzza zolağında 34 israilli girovu azad etməyə razılaşdığı bildirilir

Foto: Reuters

İsrailin Baş nazirinin ofisi isə HƏMAS-dan girovların azad olunmasına dair siyahı almadıqlarını bildirib

HƏMAS Qəzza zolağında atəşkəs çərçivəsində 34 israilli girovu azad etməyə razılaşıb.

Bu barədə “Reuters”ə HƏMAS-ın adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.

O qeyd edib ki, istənilən sövdələşmə İsrail qoşunlarının Qəzzadan çıxarılması, həmçinin müvəqqəti deyil, daimi atəşkəslə bağlı razılığın əldə olunmasından asılı olacaq.

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisindən isə HƏMAS-dan girovların azad olunmasına dair siyahı almadıqları bildirilib.

“Reuters” agentliyi siyahının nüsxəsinin onlarda olduğunu bildirib, lakin adları açıqlamayıb.

“The Times of Israel”in məlumatına görə, potensial üç mərhələli razılaşmanın başlanğıcında 23 qadın, həmçinin vəziyyətinin ağır olduğu güman edilən 50 yaşdan kiçik 11 kişi azad oluna bilər.

Xarici KİV-nin məlumatına görə, son günlər Qətərdə HƏMAS və İsrail arasında çoxtərəfli atəşkəs danışıqları aparılır. Ehtimal olunur ki, tərəflər ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın yanvarın 20-dək olacaq andiçməsinə qədər razılaşma əldə etmək istəyirlər.

2023-cü ilin oktyabrın 7-dən bəri HƏMAS-ın 250-dən çox israillini girov götürdüyü bildirilir. Girovların yüzə yaxını hələ də Qəzza zolağında əsir olaraq qalır. Onların üçdə birinin öldüyü güman edilir.

Ana səhifəDünyaHƏMAS-ın Qəzza zolağında 34 israilli girovu azad etməyə razılaşdığı bildirilir