Konqresmen prezidentlə Anar Məmmədlinin və Bəşir Süleymanlının məsələsinin müzakirə edildiyini söylədi.
İyulun 1-də ABŞ Konqresinin Helsinki Komissiyasının həmsədri, respublikaçı konqresmen Kristofer Smit
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri, vicdan məhbusu Anar Məmmədlinin atası Asəf Məmmədovla görüşüb.
Görüşdə K.Smit A.Məmmədlinin və SMDT-nin icraçı direktoru, siyasi məhbus Bəşir Süleymanlının işləri və vəziyyətləri ilə maraqlanıb. A.Məmmədli və B.Süleymanlıya qarşı irəli sürülən ittihamların əsassız, məhkəmə hökmünün isə ədalətsiz olması konqresmenin diqqətinə çatdırılıb. Cənab Smit SMDT-nin fəaliyyəti ilə də maraqlanıb. O, A.Məmmədli və B.Süleymanlının məsələsini yaxından izlədiyini və bundan sonra da diqqətdə saxlayacağını deyib. Konqresmen hər iki seçki müşahidəçisinin azadlığa buraxılması üçün çalışacağını qeyd edib. Görüşdə K.Smitlə ölkədəki insan haqlarının durumu, siyasi məhbus problemi, yerli seçki müşahidəçiliyinin vəziyyəti və QHT-lərə edilən təzyiqlərlə bağlı müzakirələr də aparılıb.
Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü deyən K.Smit görüş zamanı prezidentlə A.Məmmədlinin məsələsinin müzakirə edildiyini söylədi.
Görüşün sonunda Asəf Məmmədov A.Məmmədli və B. Süleymanlının məsələsi ilə maraqlandığı, diqqətdə saxladığı və görüş üçün vaxt ayırdığına görə K.Smitə öz təşəkkürünü bildirib. Görüşdə SMDT-nin koordinatoru Samir Kazımlı da iştirak edib.