Helsinki dinləmələrinin təsiri olacaqmı?

YAP ABŞ nəşrlərinin yazdıları və dinləmələrlə razılaşmır, politoloqların fikirləri isə haçalanır

Source:

YAP ABŞ nəşrlərinin yazdıları və dinləmələrlə razılaşmır, politoloqların fikirləri isə haçalanır

“Foreign Policy”, “Bloomberg” nəşrlərindəki məqalələr və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasında (Helsinki Komissiyası) Azərbaycan hökumətinin tənqidi ilə keçən dinləmələr Vaşinqtonun Bakıya diqqətinin artdığını göstərir.

Məqalələr və dinləmələr Azərbaycanın tənqidi mediasında işıqlandırılsa da, hakimiyyətə yaxın mətbuat susqunluq nümayiş etdirir.

Politoloq Leyla Əliyeva hakimiyyətin bu olaylardan sonra daxili siyasətdə hansısa dəyişiklik edəcəyini söyləməyə çətinlik çəkdiyini dedi: “Çünki əvvəlki təcrübələr bunu deməyə əsas yaradır. Hökumət həmişə xarici siyasətdə böyük rol oynadıqlarını bildirərək daxili işlərə qarışmamağı hesab edirlər. Ona görə bu reaksiya da gözləniləndir”.

Leyla Əliyeva bildirdi ki, Rusiya-Ukrayna olaylarından sonra Azərbaycanın əhəmiyyəti artır: “Bu baxımdan rəsmi Bakı özünü bir qədər güclü mövqedən hesab edir. Həm də hakimiyyətin bu yöndə təcrübəsi var. Amma bu tənqidlərin Azərbaycan-ABŞ münasibətlərinə hansısa ciddi təsiri olacağı qənaəti yaransa, o zaman dinləmələrin və məqalələrin təsiri olacaq”.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu hakimiyyətdən daxili siyasətdə ciddi addımlar atacağını gözləmədiyini dedi: “Əslində, Helsinki Komissiyasındakı dinləmələr ciddi məsələdir və bu ərəfədə dünyanın iki nüfuzlu nəşrində tam mahiyyəti üzrə hakimiyyəti kəskin tənqid etməsi, xüsusən, ABŞ-dakı konkret şəxslərin lobbiçilik fəaliyyətinin hədəfə alınması çox ciddi siqnaldır. Bu, kiminsə oğurluq mülkiyyətinin ifşası yox, korrupsiyadan əldə olunmuş maliyyənin hesabına Vaşinqtonda siyasi çevrələri lobbiçik fəaliyyətinə cəlb etməyi hədəfə alan yazıdır. Yəni artıq hakimiyyətin Vaşinqtondakı havadarları hədəfə götürülür. “Foreign Policy” jurnalı sıradan bir jurnal deyil, jurnal Amerika xarici siyasətinə istiqamət verən nəşrlərdən biridir.  Diqqət yetirərsiniz, bundan sonra həmin lobbiçilər hakimiyyətdən məsafə saxlayacaq. Yadınızdadırsa, 2012-ci ilin əvvəlində Almaniyanın “Spigel” jurnalında buna oxşar yazı dərc olundu. Məqalədə hakimiyyətin Almaniyadakı lobbiçik fəaliyyəti kəskin tənqid edildi, o cümlədən, iqtidara himayədarlıq edən alman siyasətçiləri tənqid olundu. Bundan sonra hakimiyyətin Almaniyadakı dayaqları tam iflasa uğradı. O ərəfədə Almaniyanın Federal prezidenti istefaya getməli oldu, onun həyat yoldaşının rəsmi Bakı ilə əlaqləri isə həmin vaxt sərt tənqid olunurdu. Baxmayaraq ki, prezidentin istefası başqa səbəbə görə idi, amma həmin yazıların da təsiri oldu. Artıq analoji addımlar Vaşinqtonda başlayıb”.

Arastun Oruclu düşünür ki, ABŞ-nin Bakıdakı səfirinə bir müsahibəsinə görə rəsmi şəxslərin təhqirdən başqa heç nə səsləndirilməməsi düşündürücüdür: “Biri səfiri qeyri-peşəkar, başqa biri qubernator kimi aparmaqda qınadı, digəri “qocalıb, ağlı azalıb” deyə bəyan etdi. Bu tərbiyəsizliyə son qoyulmalıydı. Dünyanın super gücü özünə rəva görməz ki, oğru rejim onunla istədiyi kimi davransın. Ona görə məlum dinləmələr və məqalələr hakimiyyətə cavadır. Həm də Bakının Moskva ilə yaxınlaşmaşı da Vaşinqtonu narahat etməyə bilməz”.

YAP-çı deputat Aydın Mirzəzadə Meydan TV-yə nəşrlərin yazdıqları və Helsinki dinləmələrində səslənən fikirlərlə razılaşmadığını dedi. Onun sözlərinə görə, Azərbaycan demokratik ölkədir və demokratiyanın dərinləşməsi, qurulması istiqamətində dövlətimiz maksimum səy göstərir. Jurnalistlərin fəaliyyətinə gəldikdə isə, müxtəlif yönümdə qəzetlər nəşr olunur, saytlar var, bunların hüquqları qorunur  və hər hansı problemlərlə də rastlaşmırlar da.

Ana səhifəXəbərlərHelsinki dinləmələrinin təsiri olacaqmı?