Qardaşı Sənan Əhmədov Müdafiə Nazirliyinə çağırılıb
Ermənistan-Azərbaycan arasındakı son toqquşmada həlak olan Səbuhi Əhmədovun qardaşının rüşvət iddiasının araşdırılacağı bildirilir.
“Turan” İnformasiya Agentliyi bu barədə Müdafiə Nazirliyindən məlumat alıb.
Məlumatda bildirilir ki, Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş olub.
“Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək”, – cavabda bildirilib.
Sənan Əhmədov sentyabrın 14-də verdiyi və sosial şəbəkələrdə yayılan açıqlamada qardaşı Səbuhi Əhmədovdan komando briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını deyib.
Sənan Əhmədov əlavə edib ki, qardaşı həmin pulu bankdan kreditə götürüb verib.
Ötən həftədən başlayaraq Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib.
Rəsmi açıqlamalara görə, Azərbaycan döyüşlərdə 71, Ermənistan isə 105 hərbi qulluqçusunu itirib.
Atəşkəsin pozulmasına görə Ermənistan Azərbaycanı günahlandırır. Azərbaycan isə məsuliyyəti Ermənistanın daşıdığını açıqlayıb.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.