Həlak olan hərbçi ilə bağlı rüşvət iddiası: “Qardaşı təkzib edib”

Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov. Foto: “Qafqazinfo.az”

Nazirlik araşdırma apardığını bildirsə də, rəsmi açıqlama verməyib

Ermənistan-Azərbaycan sərhədində son toqquşmalar zamanı həlak olan əsgər Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov video-müraciət yayıb.

O, daha öncə qardaşının rüşvət verərək vəzifə dəyişikliyinə getdiyi ilə bağlı dediklərini yalanlayıb.

“Sosial şəbəkələrdə qardaşımın vəzifə dəyişikliyinə görə verdiyi 6 min manat məsələsini araşdırdım. Aydın oldu ki, həmin kreditin götürülmə səbəbi vəzifə dəyişikliyi ilə bağlı deyilmiş. O, krediti ailədaxili məsələlərə görə götürübmüş. Diqqətinizə görə çox sağ olun, amma bu məsələləri qaldırıb ailəmizi də, qardaşımın ruhunu da incitməyək”.

Daha öncə Müdafiə Nazirliyi Səbuhi Əhmədovun qardaşının rüşvət iddiasının araşdırılacağı bildirmişdi.

Həmin məlumatda bildirilirdi ki, Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovla sentyabrın 15-də Müdafiə Nazirliyində görüş olub.

“Vətəndaş Sənan Əhmədovla onu narahat edən mövzu ilə bağlı ətraflı söhbət aparılıb. Müdafiə nazirinin tapşırığına əsasən, hazırda məsələ ilə bağlı tərəfimizdən araşdırma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək”, – cavabda bildirilib.

Sənan Əhmədov sentyabrın 14-də verdiyi və sosial şəbəkələrdə yayılan açıqlamada qardaşı Səbuhi Əhmədovdan komando briqadasına qəbul olmaq üçün 6 min manat rüşvət alındığını deyib.

O əlavə edib ki, qardaşı həmin pulu bankdan kreditə götürüb verib.

Ötən həftədən başlayaraq Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib.

Rəsmi açıqlamalara görə, Azərbaycan döyüşlərdə 71, Ermənistan isə 135 hərbi qulluqçusunu itirib.

Atəşkəsin pozulmasına görə Ermənistan Azərbaycanı günahlandırır. Azərbaycan isə məsuliyyəti Ermənistanın daşıdığını açıqlayıb.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Ana səhifəSiyasətHəlak olan hərbçi ilə bağlı rüşvət iddiası: “Qardaşı təkzib edib”