”Həkimləri yalnız bir şey maraqlandırır – pul, pul, yenə də pul…”

Xəstəxanalarda başımıza açılan oyunları dəfələrlə nazirə üzbəüz demək üçün qəbula yazılmağa getmişəm, hər dəfə siyahını tərtib edən işçi buna mane olub.

Source: meydan.tv

Sabirabad sakini Şirvani Ələkbərov deyir, son 6 ildə inəyini, danasını, evindəki əşyalarını satıb, dövlət xəstəxanalarına xərcləyib

“Başda Sabirabad Rayon Mәrkәzi Xәstәxanası olmaqla, bir neçə dövlәt xәstәxanalarına müraciәt etdik. Bu illər ərzində qapıda dayanan süpürgəçisindən tutmuş resept yazan həkiminə kimi hamısı bizi soğan qabığı kimi soydu. Ancaq nә hәyat yoldaşımın, nә övladımın, nə də özümün səhhətində yaxşılaşmaya doğru nəticə hasil olmadı. Pulumuz tükənəndə isə bir-birlərinin üstünə atdılar”.

Sabirabad rayonunun Axısxa kәnd sakini Şirvani Әlәkbәrov Meydan TV-yə danışır ki, təxminən 6 ildir ailə üzvlərinin və özünün səhhətindəki problemlərə görə xəstəxana yollarında qalıb. Şirvani Ələkbərov ağciyər və qaraciyər, həyat yoldaşı Gülnar Ələkbərova ginekoloji, 17 yaşlı qızı Nisə isə göz xəstəliklərindən əziyyət çəkir.


“Paytaxta baxanda, bölgələrdəki həkimlər bir az abırlıdır”

Şirvani Ələkbərovun deməsinə görə, 6 ildə axırıncı inəyini də danasıyla birlikdə satıb, xəstəxanaların yolunda xərcləyib. Ancaq heç birinin səhhətində yaxşılığa doğru irəliləyiş olmayıb. O, dövlət xəstəxanalarındakı özbaşınalıqlardan, rüşvətdən Prezidentə, Birinci vitse-prezidentə yazıb:

“İstər rayonlarda, istər Bakıda bu boyda yeni xəstəxanalar tikilir, köhnələri təmir olunur, bahalı, müasir avadanlıqlar alınır, bu qədər həkimə, tibb bacısına, sanitar işçisinə dövlətin büdcəsindən maaş verilir. Bütün bunlar xəstəyə xidmət üçündür. Ancaq xəstəxanaya gələn xəstənin cibini boş görəndə elə bil ki, bunları ilan sancır. Xeyli pul tökdüm, ancaq Sabirabad Rayon Mərkəzi Xəstəxanasındakı savadsız həkimlər mənim də, yoldaşımın da vəziyyətini ağırlaşdırdılar. Prezidentə məktub yazdım, ondan sonra göndərişlə məni də, yoldaşımı da Bakıdakı Mirqasımov adına Respublika Xəstəxanasına yolladılar. Baxdıq ki, rayondakı xəstəxanaların həkimləri bir az abırlıdır, heç olmasa deyirlər, gücün nəyə çatır, onu ver. Bakıdakı xəstəxanalarda açıq bazardır, qiymət oxuyurlar və deyirlər, 1 qəpik də aşağı yeri yoxdur. Savad baxımından isə ikisi də eyni şəkildə faciəlidir. Söhbət dövlət xəstəxanasında insanın sağlamlığı üzərində qurulmuş alverdən gedir”.


“Hər şeyimizi satıb sosial yardımın ümidinə qalmışıq”

Şirvani Ələkbərov deyir, beləcə, illərdir ki, həyat yoldaşı Gülnar Ələkbərova Respublika Xəstəxanasıyla Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun, qızı Nisə Zərifə Əliyeva adına Göz İnstitutunun, özü isə Respublika Xəstəxanasının yollarında qalıb. Ailənin pulu tükəndiyindən və xeyli borclandığından daha xəstəxanaya da gedə bilmirlər. Nəticədə xəstəlikləri şiddətlənir, qızının görmə qabiliyyəti günbəgün azalır:

“Həm ağciyərimdə, həm də qaraciyərimdəki problemlərə görə əmək fəaliyyəti ilə məşğul ola bilmirəm, dediyim kimi, həyat yoldaşımın da ciddi ginekoloji problemləri var, işləyə bilməz. 133 manat ünvanlı sosial yardımın ümidinə yaşayırıq. Allah eləməsin ki, onu da kəssinlər, bu, artıq bizim üçün əsl faciə olar. Onu da aylıq çörəyimizə, suyumuza zorla çatdırırıq. Bu səhiyyə sistemi bizi bax, bu günə qoydu… Axırıncı inəyimi, danamı da bazara çıxarıb satdım, dövlət xəstəxanalarının savadsız həkimləri yedi, ancaq xəstəliklərimiz azalmaqdansa, səhhətimizi daha da ağırlaşdırdılar”.


Nəzarətsizlik, tibbi sığortanın olmaması…

Şirvani Ələkbərov deyir, bütün bunların kökündə həm nəzarətsizlik, həm də tibbi sığortanın olmaması durur:

“Xəstəxanaların başında dayanan adamlar lüks hәyat sürür, xəstələrin hesabına büdcәlәrini günbəgün zənginləşdirirlər. Son illәrdə әn müasir avadanlıqlarla tәhciz edilmiş 600-dәn çox tibb müəssisəsini dәdələrinin şirkəti kimi idarə edirlər. Hətta palatalardakı boş çarpayıları da xәstә yatırmış kimi qeydiyyat aparıb, ərzaqları, dərmanları mənimsəyirlər. Mən bunu havadan demirəm, 6 il xəstəxana yollarında qalan xəstə kimi müşahidələrimdən, gördüklərimdən deyirəm. Normal səhiyyə xidməti görməyən mənim kimi xəstələrin səsinə isə heç bir qurum səs vermir. Heç bir qurum xəstələrin şikayətləri əsasında hansısa dövlət xəstəxanasında yoxlama aparmır. Aparanda da öz aralarında razılaşdırılmış formada aparır, şikayətçi vətəndaş qalır kənarda…”


“Səhiyyə Nazirliyinin qəbul şöbəsi başqa aləmdir”

Səhiyyə Nazirliyi isə vətəndaşın dedikləri ilə razılaşmır. Qurumdan Meydan TV-yə bildirilib ki, Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitlər əsasında 500-dən çox yeni tibb müəssisəsi yaradılıb, ya da köhnələri yenilənib. Stasionar tibb müəssisələrində müalicə olunan xəstələrin ərzaq və dərman preparatları ilə təchizatı yaxşılaşdırılıb. İstifadə olunan ən vacib dərman preparatlarının və tibbi ləvazimatların çeşidi 200-dək artıb. Dövlətin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Eyni zamanda, həkimlər üçün müxtəlif ixtisaslar üzrə xaricdən dəvət olunmuş aparıcı mütəxəssislərin iştirakı ilə vaxtaşırı ixtisasartırma kursları təşkil olunur.

Şirvani Ələkbərovsa Səhiyyə Nazirliyinin dedikləri ilə razılaşmır. O, səhiyyədəki özbaşınalıqlarla bağlı indiyədək müxtəlif qurumlara saysız-hesabsız şikayət məktubu göndərdiyini, ancaq müsbət cavab almadığını deyir:

“Əksinə, göndərdiyim şikayətlərim ört-basdır edilib. Bir az da dirəşəndə, yalandan bir parça kağız yazıb ünvanıma göndərirlər ki, şikayətiniz araşdırıldı, təsdiqini tapmadı. Pula görə insan həyatı ilə oynayır həkimlər, xəstənin nəfəsini bir anda kəsib, ailəsinin gözünü yaşlı qoyur və buna ürəyi acımır. Səhiyyə Nazirliyinin qəbul otağı isə bir başqa aləmdir. Qəbul üçün müraciət edənlərin qarşısına sanki küçə adamları çıxarılır. Vətəndaşlarla ən kobud şəkildə davranırlar. Vətəndaşların şikayətləri qəbul şöbəsinin qapısından o tərəfə keçmir. Xəstəxanalarda başımıza açılan oyunları dəfələrlə nazirə üzbəüz demək üçün qəbula yazılmağa getmişəm, hər dəfə siyahını tərtib edən işçi buna mane olub. Tәlәb edirsən ki, bu gün qəbul günüdür, üzlәrini vətəndaşa elə bozardırlar ki, vətəndaş ikinci dəfə o qəbul otağına ayaq basmaq istəmir. Hətta dəfələrlə qarşılaşmışam, bir az da irəli gedib hüququnu tələb edən vətəndaşın mühafizəçilər qolundan tutub nazirliyin darvazasından çölə atırlar, qapını da bərk-bərk bağlayırlar. Halbuki, onlar özləri də sadə vətəndaşlardır, özləri, yaxınları xəstələnəndə, xəstəxanalarda eyni oyunu onların da başına açırlar”.

İndi Şirvani Ələkbərovun tələbi özünün və ailə üzvlərinin pulsuz, keyfiyyətli səhiyyə xidməti ilə təmin olunmaqdır.

Ana səhifəBölgə”Həkimləri yalnız bir şey maraqlandırır – pul, pul, yenə də pul…”