“Həkimlər xəstəni ağır vəziyyətdə qoyub Aşurada qantoplama aksiyasına gediblər”

Şirvan sakini deyir, 5 gündür ki, xəstəxanaya ağır vəziyyətdə götürülən qardaşı həkim baxımsızlığı üzündən həyatını itirmək üzrədir

Source: Meydan Tv


Şirvan sakini deyir, 5 gündür ki, xəstəxanaya ağır vəziyyətdə götürülən qardaşı həkim baxımsızlığı üzündən həyatını itirmək üzrədir

“Qıcolması tutdu, vəziyyəti ağırlaşdı, xəstəxanaya çatdırdıq. Ötən həftənin şənbə günündən xəstəxanadadır. Ancaq nə bir dəqiq diaqnoz qoya bilirlər, nə də müalicə edə bilirlər. Hər gün bir bəhanəylə vaxt qazanırlar, sanki gözləyirlər ki, ölsün, göndərsinlər morqa, bir xəstədən də beləcə qurtulmuş olsunlar”.

Şirvandakı Hacı Zeynalabdin Tağıyev küçəsində yaşayan 1-ci qrup əlil, 31 yaşlı Eldəniz Əliyevin qohumları Meydan TV-yə danışır ki, sentyabrın 7-də qəflətən səhhəti pisləşib. Onu Şirvan Şəhər Mərkəzi Xəstəxanasına götürüblər. Ancaq elə xəstəxanaya götürüldüyü andan xəstəyə diqqət yetirən həkim olmayıb.


“Nə vaxt baş həkimi soruşsaq, deyirlər, məzuniyyətdədir”

Xəstənin qardaşı Elçin Əliyev danışır:

“Xəstəxanaya ağır vəziyyətdə xəstə daxil olur, bir həkim yaxın durmur. Ötən həftənin şənbə günündən gətirmişik, əvvəl dedilər, şənbə-bazar günlərinə düşüb, qeyri-iş günləridir, gözləyin, bazar ertəsi olsun. Həkimlər toplaşsın, ondan sonra görək, bu xəstənin dərdi nədir. Bazar ertəsi də həkimlərdən səs çıxmadı. Çərşənbə axşamı gördük ki, xəstəxanada xəstələrdən başqa heç kim yoxdur. Soruşuruq, həkimlər hanı? Deyirlər, Aşura günüdür, qantoplama aksiyasına gediblər. Deməli, bunlar ağır xəstələri baxımsız qoyub gediblər Aşura mərasiminə… Səs-küy salırıq, baş həkimlə görüşə bilmirik, deyirlər, baş həkim məzuniyyətdədir. İlin istənilən vaxtı hansı xəstə, ya hansı xəstənin qohumu baş həkimlə görüşmək istəsə, yalandan deyirlər ki, işdə yoxdur”.



Bakıdan gələn həkim də bir işə yaramadı”

Qohumları deyir ki, Eldəniz Əliyev gözdən birinci qrup əlildir. Bir neçə il əvvəlsə abtomobil qəzasına düşüb. O vaxtdan tez-tez qıcolmaları var. Hər dəfə qıcolması tutanda özləri ev şəraitində müdaxilə edib problemi həll edirlər. Bu dəfə vəziyyəti kəskin pisləşdiyindən onu xəstəxanaya götürməli olublar. Ancaq baxımsızlıq üzündən xəstənin ailə üzvləriylə xəstəxana işçiləri arasında narazılıq yaranıb:

“Hər ay bu müsibəti yaşayırıq… İki gün əvvəl həkimlər qardaşımı reanimasıyada ağır vəziyyətdə qoyub Aşura mərasiminə gedəndə, dedik, bu, lap ağ oldu. Səs-küy saldıq. İcra hakimiyyətinin başçısının müavininə zəng etdik, zənglərimizə cavab vermədi. Orda bir şöbə müdiri var, onunla danışdıq. Dedilər, tapşırmışıq, Bakıdan həkim gəlir, yoldadır. Bakıdan həkim də gəldi, xəstəyə baxdı, müayinələr etdi, gah dedi, vərəmdir, gah başqa xəstəliklərin adını çəkdi… O da xəstənin durumu ilə bağlı konkret bir söz deməyib, getdi”.

Beləcə, Eldəniz Əliyevin qohumlarına məlumatsız, ümidsiz, xəstəxananın qarşısında günlərlə gözləmək qalıb. Ailə üzvləri deyir, həkimlər Aşura mərasimində olarkən xəstəxananın önündə səs-küy salmaları xəstəxana rəhbərliyinin “xətrinə dəyib”. Baş həkimin müavini ailə üzvlərinə məsləhət görüb ki, xəstəni başqa xəstəxanaya götürsünlər.



Səs-küy salanda deyirlər, xəstəni götür, apar Bakıya”

“Gördülər ki, səs-küy salırıq, baş həkimin müavini xəstəni və qohumlarını xəstəxanadan uzaqlaşdırmaq üçün məni çağırıb dedi ki, götürün, xəstənizi Bakıya aparın. Dedim, ən müasir aparatlar, xəstəni sağaltmaq üçün hər cür şərait ola-ola, mən xəstəni niyə aparıb Bakının küçələrinə salmalıyam? Müalicə edə bilmirdizsə, beş gündür burda niyə saxlayıb vəziyyətini daha da ağırlaşdırırdız? Xəstə sizin üçün nədir ki, reanimasiyada günlərlə saxlayıb, sonra da “götür, hara istəyirsən, apar” deyəsiz? Bundan sonra dedi, narahat olmayın, heç yerə şikayət etməyin, özümüz nə müalicə lazımdırsa, edəcəyik,” – qardaşı deyir.

Şirvan Şəhər Xəstəxanasından Meydan TV-yə bildiriblər ki, baş həkim məzuniyyətdədir, deyilənlər isə həqiqətəuyğun deyil. Aşura mərasimində qantoplama aksiyası keçirildiyindən yalnız laboratoriya işçiləri məscidə gedib. Həkimlər xəstəxanada xəstələrin qulluğunda olub. Eldəniz Əliyevin müalicəsi isə elə xəstəxana həkimləri tərəfindən davam etdirilir: “Xəstə əsasən tənəffüs çatışmazlığından əziyyət çəkir, süni tənəffüs aparatından istifadə edilir. Hazırda reanimasiya şöbəsində müalicə alır. Vəziyyəti yaxşılaşanda palataya köçürüləcək”.

Ana səhifəBölgə“Həkimlər xəstəni ağır vəziyyətdə qoyub Aşurada qantoplama aksiyasına gediblər”