Dəliməmmədli sakini: “İcra başçısının yan-yörəsindəkilər adamların problemlərini həll etməyə yox, onları yola verməyə çalışırlar”
Goranboyda – Dəliməmmədli şəhərində yaşayan Qarabağ qazisi Asif Ağayev həm özü, həm də ailə üzvlərinin acınacaqlı durumda yaşadığını deyir. Gileylənir ki, üz tutduğu məmurlar da biganə yanaşırlar.
“Ailə olaraq, Vətən uğrunda nə qədər qurbanlar vermişik”
62 yaşlı Asif Ağayev sağlamlığını Birinci Qarabağ Müharibəsində itirib. O, 1992-ci ildə Tərtər rayonunun Talış kəndindəki döyüşlər zamanı yaralanıb, üçüncü qrup əlildir.
“Atam 1941-1945-ci illərdə İkinci Dünya Müharibəsinin iştirakçısı olub. Özüm də Qarabağ müharibəsindən əvvəl Əfqanıstan müharibəsini görmüşəm. Hərbi xidmət zamanı ora göndərilmişəm. Qarabağ müharibəsi başlayanda iki qardaş ikimiz də müharibəyə getmişik. İki bacımın övladları şəhid olub – biri 2004-cü ildə, o biri isə 2010-cu ildə. Demək istədiyim budur ki, ailə olaraq, bu Vətən uğrunda nə qədər qurbanlar vermişik, əziyyətlər çəkmişik. Amma heç kimi maraqlandırmır ki, bu Qarabağ əlili niyə bu cür acınacaqlı vəziyyətdədir? Adamı yandıran budur…”, – Asif Ağayev bildirib.
“Yağış yağanda bu nimdaş yerdə də yatmağa yer tapmırdıq”
Onun sözlərinə görə, ailə üzvlərini dolandırmaq üçün 62 yaşında da işləməyə hazırdır. Amma nə ona iş tapılır, nə də oğluna.
Üçüncü qrup əlil kimi aldığı pensiyanın ümidinə qaldıqlarını deyən Asif Ağayev bildirib ki, son dövrlərdə heç o pul da gəlib əlinə çatmır. Çünki yağış yaşadıqları yerə töküləndə bankdan 3000 manat kredit götürüb, damı təmir elətdirib. İndi də pensiyasıyla həmin krediti ödəyir:
“Ailəmlə birlikdə hökumətin köhnə binasının zirzəmisində yaşayırıq. Veteranlar Cəmiyyətinin sədri Orxan müəllim də gəlib, bizim yaşayışımızı görüb. Yağış yağanda bu nimdaş yerdə də yatmağa yer tapmırdıq. Mən 1989-1990-cı illərdə körpə uşaqlarımı qoyub getmişdim. İndi də onun əziyyətini çəkirəm. Sağlamlığımı itirdim, balalarıma da bir gün ağlaya bilmədim. Onlar da mənimlə eyni bataqlıqdadır. Oğlum iş üçün gedir, adi pambıq zavodunda da iş verilmir. O oğluma ki, o da Vətən müharibəsində, Kəlbəcər döyüşlərində iştirak edib. Vətəni qorumaq hamımızın borcumuzdur, buna görə heç kimə minnət qoymuruq. Amma bizə hörmət eləmək, problemlərimizin həllinə çalışmaq da məmurların borcudur”.
“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət etmişəm, xeyri yoxdur”
Qarabağ əlili iddia edir ki, ailə üzvlərinə verilən pay torpaqların bir hissəsini bələdiyyə başqasına satıb. Bununla əlaqədar prokurorluğa da şikayət edib.
Asif Ağayev deyir ki, Goranboy Rayon İcra Hakimiyyətindəkilər bəzən heç vətəndaşların problemlərini dinləmək də istəmirlər:
“İcra başçısının yan-yörəsindəkilər adamların problemlərini həll etməyə yox, onları yola verməyə çalışırlar. İcra başçısının özüylə görüşməmişəm. Müavinləri də onlayn qəbul edirlər. Deyirlər ki, guya başçının özü də eşidir. Bilmirəm, yalandır, yoxsa doğru. Başçı özü pis adam deyil, şəhid dəfnlərində də iştirak edir, bildiyimə görə hansısa göstərişlər də verir. Amma ortada nəticə yoxdur”.
Qazi vurğulayıb ki, onun üzərində cərrahiyyə əməliyyatı aparılmalıdır. Amma imkansızlıqdan hələ ki, sağlamlığının qayğısına qala bilmir:
“Düzdür, bir müddət əvvəl vəziyyətim çox pis idi, müraciət elədim, Naftalan Bərpa Mərkəzinə göndərdilər. Xeyri də oldu…”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də dəfələrlə müraciət etdiyini, lakin müsbət cavab ala bilmədiyini deyən Asif Ağayevin sözlərinə görə, hazırda ən böyük problemi yaşayış yeri ilə bağlıdır. Müvafiq dövlət orqanlarından da bu məsələdə kömək istəyir.
İcra başçısının müavini: “İstəsə, torpaq sahəsi ayrıla bilər”
Goranboy Rayon İcra Hakimiyyəti isə bu qurumdakı məmurların yerli əhalinin, o cümlədən Qarabağ qazilərinin problemlərinə laqeyd yanaşması haqda iddiaları qəbul etmir. İcra başçısının müavini Rafət Qurbanov Meydan TV-yə bildirib ki, Asif Ağayev dəfələrlə icra hakimiyyətində qəbulda olub, onun problemləri dinlənilib və mümkün olan addımlar da atılıb. Bundan sonra da istəyi olarsa, Dəliməmmədli şəhərində ona torpaq sahəsi ayırmağa hazırdılar:
“Şəhid ailələrinə, istər Birinci Qarabağ Müharibəsi, istərsə də İkinci Qarabağ Müharibəsi iştirakçılarına, qazilərimizə göstərilən qayğı və diqqətə görə bəlkə də Goranboy rayonu respublikada birinci yerdədir. Asif Ağayev dəfələrlə icra hakimiyyətində olub, onu qəbul etmişik, dinləmişik. O, Qarabağ müharibəsi əlili kimi ev növbəsindədir. Evləri isə növbəlilik əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verir. 2014-cü il yanvarın 1-nə qədər növbədə olan insanların hamısına ev tikilməsi haqda sərəncam verilib, hazırda da işlər gedir. Asif Ağayevin müalicə məqsədilə sanatoriyaya göndərilməsi istiqamətində də işlər görülüb. Goranboy şəhərində olmasa da, Dəliməmmədli şəhərinin ətrafında perspektiv inkişaf üçün torpaq sahəsi var. Bu yaxınlarda bir neçə şəhid ailəsinə həmin ərazidən torpaq sahəsi ayrılması üçün icra hakimiyyətindən müvafiq göstərişlər verildi, sənədləşmə gedir. Asif Ağayev istəyərsə, ona da həmin torpaq sahəsindən ayrıla bilər”.