Gürcüstanın Bolnisi rayonunun Xaxalacvari kəndi paytaxt Tbilisidən 82 km uzaqlıqda, dəniz səviyyəsindən 800 m hündürlükdə yerləşir.
Dəmirli azərbaycanlıların kompakt yaşadığı kənddir. 2019-cu ildən burada Dəmirli oba el bayramı qeyd olunur. El bayramında dünyanın müxtəlif yerlərində yaşayan kənd sakinləri bir yerə toplaşırlar. Aylarla, illərlə bir-birini görməyən adamlar yenidən görüşür və kənddən uzaq düşmüş insanlar yenidən doğma yurda qayıtmaq üçün can atırlar.
2002-ci ilin rəsmi statistikasına görə, kənd əhalisinin sayı 359 nəfər, 2016-cı ildə 308 nəfər olub. Hazırda isə qeyri-rəsmi statistikaya görə burada 400-ə yaxın insan yaşayır. Kənd sakinləri Dəmirli oba el bayramının da əhalinin sayının artmasında rolunun olduğunu bildirirlər.
Hər il, xüsusilə yay aylarında xaricdə yaşayan Gürcüstan azərbaycanlıları öz kəndlərinə baş çəkməyi adət halına çeviriblər. Lakin əsasən Azərbaycana qazanc üçün üz tutanlar quru sərhədlərinin bağlı olma səbəbindən öz yurdlarına rahatlıqla gedib-qayıda bilmirlər. Elə bu məsələ el bayramına da təsirsiz ötüşmür.