Heç anlamırlar da!

Qanun, Konstitusiya və məhkəmə. Foto: AlexLMX/shutterstock

Zərdüşt Əlizadə

Konstitusiyanın 63-cü maddəsində yazılıb ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır

İctimai səhnədə tez-tez “qanunun aliliyi” sözbirləşməsi işlədilir. Bəzən bu sözbirləşməsini qınaq, irad və xatırlatma kimi hakimiyyətin aramsız qanunsuz hərəkətlərindən cana doymuş vətəndaş cəmiyyəti nümayəndələri, bəzən isə növbəti zorakılığı pərdələmək və gözə kül üfürmək istəyən hakimiyyət mənsublarının özləri işlədir.

Əlbəttə, bu məfhum üçün bizim ölkədə gerçək zəmin yoxdur, necə deyərlər, “evdə bişməyib, qonşudan gəlməyib”, lakin qanunun aliliyi nə vaxtsa şərəfli həyata layiq olacağına ümid edən azsaylı azərbaycanlıların ən ülvi arzularından bəlkə də birincisidir.

Sanki ulaq minən kasıb bir kişi yanından səssiz şütüyən “Mercedes” markalı avtomobilə baxır, baxır və deyir ki, “Allahın altında kaş bundan məndə də olaydı”.

Zira qanunun aliliyi olmayan ölkələrdə əhali heç vaxt asudə və xoşbəxt yaşamır.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Qanunun aliliyi kartof deyil ki, gedib bazardan alasan və evə gətirib bişirib yeyəsən. Qanunun aliliyi həm mücərrəd məfhumdur, həm də insanın canına-qanına tərbiyə və ictimai əxlaq vasitəsilə hopmuş həyat tərzidir. Qanunun aliliyinə hörmət edən adamı heç cür məcbur etmək olmaz ki, qanuna hörmət etmək imkanı ola-ola bu qanunu pozsun. Bilmirəm, bəlkə də tapançanı belə insanın gicgahına sıxsan, razı olar ki, yaxşı, öldürməyin məni, qanunun pozulmasına gözümü yumaram. Lakin belə insan əgər Azərbaycanda deyil, qanunun işlədiyi hansısa cəmiyyətdə yaşayırsa, əlindən gələni edəcək ki, qanuna zəruri hörməti etsin, onu ən ali mərtəbəyə qaldırsın.

Mən ömrüm boyu həmin bu qanunun aliliyinin mütəmadi pozulduğu mühitdə yaşamışam və daima arzulamışam ki, mənə kitablardan oxunan qanunun aliliyinə hansısa cəmiyyətdə, təşkilatda və ya heç olmasa dərnəkdə riayət edilsin.

Uşaq vaxtı həyətimizdə və məhəlləmizdə qanunun aliliyi deyil, xuliqanların qolunun zoru hökm sürürdü. Oxuduğum məktəblərdə qanunun aliliyinin əvəzinə müəllimlərin və direktorun əmri ali idi. Ali məktəb tələbəsiykən görürdüm ki, dekan və rektorun əmri alidir. Orduda gördüm ki, komandir nə desə, o da qanundur. Sov.İKP sıralarına qatılandan sonra anladım ki, sıravi kommunistləri sadəcə sürü sayırlar və nə onların rəyi, nə də partiyanın Nizamnaməsi partiyanın yuxarı səfinə daraşmış nomenklatura marallarını əsla maraqlandırmır.

Qanunun aliliyi arzusu ilə Azərbaycan Xalq Cəbhəsini təşkil etməyə başladım, onun elə birinci təsis kofransında millətçi qanad elə bir saxtakarlıq və fırıldaq oyunu qurdu ki, mənə qaldı bu həyasızlığa mat-məəttəl baxmaq. Nəticədə xalqla bağlı xam xəyallarımla vidalaşıb qayıtdım öz xarabama.

Özünü demokratik adlandıran xalq hərəkatının bisavad və tamahkar liderləri həqiqətən qanunun aliliyinin nə olduğunu anlamayan xalqın üzvi və tərkib hissəsi idi, məhz bu səbəbdən xalq millətçi güruhun arxasıyca qaçdı, qaçdı və gəlib istibdad uçurumunun dibinə düşdü. İndi xalqı bu istibdad uçurumuna gətirib salmış millətçi liderlər özlərini xamlığa vurub, guya ki, bilmədikləri və anlamadıqları demokratiya naminə mübarizə aparırlar. Rəhbərlik etdikləri təşkilatlar nümunəvi avtoritar qurumlardır, di gəl ki, bu avtoritar qurumların əli ilə demokratiya qururlar.

Xalqımıza RF-nin sabiq baş naziri Viktor Çernomırdının qızıl kimi qiymətli bir fikrini xatırlatmaq istərdim:

“Hansı partiya qurmaq istəsək də, elə-hey Sov.İKP alınır”.

Yəni azı on dəfə xalqın başını qayaya çırpmış bu millətçilər bu kal başı on birinci dəfə qayaya çırpmaq istəyir.

Sözümün canı bu deyil, uzunçuluq edib başınızı ağrıtdım deyəsən. Sözümün canı odur ki, qanunun aliliyinə cəmiyyətdə gərək hamı riayət etsin. Gərək hamı bilsin ki, bu, nəmənədir. Cəmiyyətin əksəriyyəti gərək elə səviyyədə olsun ki, qanunun aliliyini anlamayan və onu pozan adam tam biabır və zəlil olsun. Cəmiyyət qanunun aliliyinə o dərəcədə hörmət etsin ki, qanuna məhəl qoymayan cəmiyyət üzvü özünü Bukinqem sarayında əlahəzrət Böyük Britaniya və Şimali İrlandya Birləşmiş Krallığının Kralı Üçüncü Karlın ziyafətinə lüt-üryan gəlmiş adamyeyən kimi hiss etsin.

Soruşa bilərsiniz ki, məgər Bukinqem sarayındakı ziyafətə lüt-üryan gəlmiş adamyeyən öz lütlüyünün cəmiyyətə layiq olmadığını anlayarmı?

Çətin sualdır. Cavabı mən bilmirəm. Bəlkə soruşasınız Azərbaycan adlı dövlətdə yaşayıb yaradan milli jurnalistlərdən? Bəlkə onlar bilirlər? Onların hamısı məndən minqat ağıllıdır.

Məsələn, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində yazılıb ki, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır”.

Mən ömrüm boyu həmin bu qanunun aliliyinin mütəmadi pozulduğu mühitdə yaşamışam və daima arzulamışam ki, mənə kitablardan oxunan qanunun aliliyinə hansısa cəmiyyətdə, təşkilatda və ya heç olmasa dərnəkdə riayət edilsin.

Anladınız? Qəliz deyil ki? Məncə, yox. Ana dilimizdə yazılıb ki, ay filankəs Azərbaycan vətəndaşı, ürəyin sakit, xatircəm yaşaya bilərsən, sənin barəndə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu məmləkətdə bir köpək oğlu səni cani adlandıra bilməz. Yox, əgər hansısa köpək oğlu cəsarət edib məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan səni cani adlandırıbsa, onda vay onu halına! Dövlət həmin Konstitusiyanın 26-cı maddəsinin 2-ci bəndinə görə “…hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir”.

Yəni hüququ pozulmuş şəxs və ya şəxslər heç nigaran qalmasınlar, jurnalist Zərdüşt Əlizadə bu məqaləsi ilə çuğulluq edib möhtərəm Baş prokuror Kamran müəllim Əliyevə xəbər verir ki, indi barəsində ibtidai istintaq aparılan bir neçə gənc azərbaycanlını (Bəhruz Səmədov və yoldaşlarını, jurnalist və siyasi fəalları) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan cani adlandıran bir neçə Azərbaycan mətbuat qurumunun baş redaktorlarına və imzalarını böhtan dolu yazıların altına qoymuş jurnalistlərə qarşı Baş Prokurorluq təcili cəza tədbiri görməlidir. Onlar dövlətimizi, bu dövlətdə elan edilmiş qanunun aliliyini alçaldan hərəkətlərinə görə zindana atılmasalar da, azı ağızlarından rezin qaloşla bir neçə dəfə vurulmalıdır. Və ya uzun qulaqları, Bakı qədeşləri demişkən, “bir oborot” burulmalıdır.

Ta ki, rahat zindəganlıq etdikləri uzaq XV əsrdən qopub gəlsinlər heç olmasa yaxın qonşu XX əsrə.

Belə olmazsa, onlar nə etdiklərini heç anlamırlar da, anlamayacaqlar da!

Ana səhifəMənim FikrimcəHeç anlamırlar da!