Həbsxanaların işgəncə yerinə çevrilən müalicə müəssisələri

Azərbaycanda Penitensiar Xidmətin xüsusi ixtisaslaşdırılmış müalicə müəssisəsinin, həmçinin 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin (el arasında “Tubzon” deyə tanınır) adı yerli mediada zaman-zaman işgəncə xəbərlərində keçir.

Məhbuslara qeyri-insani rəftar, rüşvət tələbləri, siyasi məhbus kimi tanınan şəxslərə qarşı qərəzli münasibət, onların müalicələrinin kifayətsiz olması, yaxud ümumiyyətlə müalicə müəssisəsinə köçürülməməsi iddiaları tez-tez gündəmə gəlir.

Məsələn, 2020-ci ilin avqust ayında bir aydan artıq 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində karantin rejimində saxlanılan AXCP fəallarının ailələri ilə telefon əlaqəsi saxlamasına icazə verilməmişdi. 

Bununla yanaşı, fəalların vəkilləri də onlarla görüşə buraxılmamışdı. 

“Həbsxanada şiddətli cəza vermək istədikləri, sındırmaq istədikləri adamları xüsusi yerdə yerləşən “Tubzon”a aparırdılar… Ora ən ağır cəzaçəkmə yeridir. Oradan çox nadir hallarda sağ qayıdan olurdu. Sağ qayıdanların danışdıqlarından bir neçə cümlə bildirə bilərəm. Orada insanların bir neçəsini 1 yatağda yatızdırıb əl-qollarını bağlayırdılar. Onları yataqdan ayırmırdılar. Hətta təbii ehtiyaclarını belə bir-birinin üstünə edirdilər və onları beləcə çox pis sındırırdılar. Onları, demək olar ki, ac saxlayırdılar. Hərdən alma şirəsi və su verirlər ki, ölməsinlər. “Tubzon”un rəisi Nizami fəxrlə deyir ki, 200 meyitim var”, – deyə ictimai fəal İlkin Rüstəmzadə 2019-cu ildə verdiyi açıqlama bildirmişdi.

2015-ci ilin yanvar ayında daha bir qalmaqallı işgəncə skandalı da mətbuatda yer almışdı. 

14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan bir neçə məhbusun ailəsi yaxınları ilə Binədə yerləşən vərəm xəstələrinin müalicəsi üçün yaradılmış 3 saylı İxtisaslaşdırılmış Çəzaçəkmə Müəssisəsində görüşüb.

“Qardaşımla dünən görüşdük, vəziyyəti yaxşı deyildi. Başımızın üstündə nəzarətçilər durmuşdu. Heç nə soruşa bilmirdik. Suallarımıza ümumi cavab verirdi. Oturmağından da görünürdü ki, o əziyyət görüb”, – regionda çalışan jurnalist Araz Quliyevin qardaşı Azər Quliyev “BBC Azərbaycanca”ya deyib.

Son olaraq 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin ailəsi onun  səhhətində problemlər olduğu halda Penitensiar Xidmətin müalicə müəssisəsinə, yaxud özəl xəstəxanalardan birinə  köçürülməməsindən narahatlığını bildirib.

Ötən ilin mart ayında qaçaqmalçılıq ittihamı ilə həbs onunan Ələsgər Məmmədli qalxanabənzər vəzindəki tiroid düyünlərdən əziyyət çəkir. 

“Amerikanın səsi”nə danışan qardaşı Nəsimi Məmmədli bildirir ki, Ələsgər Məmmədlinin səhhəti həbsxanada saxlanılmağa uyğun deyil. 

Onun ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə təqdim etdiyi vəsatətlər isə təmin edilmir.

“Xüsusilə də ötən həftənin beşinci günü onu yenidən təcridxanada ultrasəs müayinəsindən keçiriblər. Müayinə zamanı böyrəyində yenidən daşlar aşkarlanıb. Mədəaltı vəzi və qaraciyərində böyümələr var.

Həkim bildirib ki, qalxanabənzər vəzidəki düyünlər mütləq cərrahi əməliyyatla götürülməldiir. Amma təcridxanada cərrahi əməliyyatın aparılması üçün şərait yoxdur. Çünki o yüksək dəqiqlik tələb edən cərrahi prosesdir”, – Nəsimi Məmmədli deyib.

O hesab edir ki, Ələsgər Məmmədlinin həbsdə saxlanılması üçün heç bir əsas yoxdur.

“Ələsgər Məmmədli 9 aydır ki, həbsdədir. O təkcə azadlığı üçün yox, həm də sağlamlığı üçün mübarizə aparır. Ailəsi deyir ki, Məmmədliyə normal müayinə şərtləri belə təmin edilmir. Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadığı üçün tibbi əməliyyata gecikir”, – deyə Ələsgər Məmmədlinin həyat yoldaşı Günay Məmmədli əlavə edib.

Penitensiar Xidmət Məmmədlinin səhhəti ilə bağlı vəziyyəti mediaya şərh etməkdən imtina edir.

Hüquqşünas Namizəd Səfərov mövzu ilə bağlı danışarkən vurğulayıb ki, həbsxanaların müalicə müəssisələrinə köçürülən məhbuslar əsasən maddi imkanı yüksək olan şəxslər arasından seçilir.

Ana səhifəVideoHəbsxanaların işgəncə yerinə çevrilən müalicə müəssisələri