Polad Aslanov

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Polad Aslanov

Həbsdəki jurnalist: DTX-da məni həyat yoldaşım və qızımla təhdid etdilər

“O necə sirdir ki, Dəyanət Babayev ondan xəbərdar ola bilər, amma mənim ailə üzvlərim yox?”

Dövlətə xəyanət ittihamıyla həbs olunan jurnalist, “xeberman.com” saytının təsisçisi və baş redaktoru Polad Aslanov fevralın 17-də məhkəmədə ifadə verib. O bildirib ki, dövlətə xəyanət ittihamı saxtadır, heç bir əsası yoxdur.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə keçirilən prosesdə çıxış edən P.Aslanov deyib ki, onun həbsinin gerçək səbəbi Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Məşhəd, Kərbəla ziyarətlərinə zəvvarları aparan şirkətlərdən rüşvət alması barədə yazılarıdır. Jurnalistin sözlərinə görə, öncə onu ələ almaq, əməkdaşlığa cəlb eləmək istəyiblər. Bu, alınmayanda heç bir qanuni əsas olmadan, əlində sülh dövründə xidmətə yararsız olması barədə hərbi bileti ola-ola hərbi xidmətə aparıb, orada əziyyət veriblər. Hərbi xidmətdən qayıdandan sonra yenə də tənqidlərindən geri çəkilmədiyini görüb həbs ediblər.

P.Aslanov İranın xarici xüsusi xidmət orqanlarıyla gizli əməkdaşlıqda, pul müqabilində onlara sirr sayılan məlumatları ötürməkdə ittiham olunur. O bildirib ki, yalandır, heç kimlə gizli əməkdaşlıq etməyib. Jurnalistin sözlərinə görə, Bakıda xeyriyyə işilə məşğul olan dini təşkilat onu və başqa bir media nümayəndəsini İrana konfransa göndərib. Onlara 100 manat yolpulu verilib. P.Aslanov vurğulayıb ki, bundan başqa heç kimdən pul almayıb.

P.Aslanov onu da bildirib ki, hələ Eldar Mahmudov nazir olduğu dövrdə də onu MTN-ə çağırıb hədələyiblər. Onun sözlərinə görə, daha bir neçə həmkarı ilə birlikdə internet televiziyası yaradıblar. O zaman onu MTN-in Binəqədi şöbəsinə çağırıb, öncə 15 min manat pul tələb ediblər, daha sonra 5 min manata düşüblər. P.Aslanov deyib ki, o dövrdə MTN-in Antiterror Mərkəzinin rəis müavini olan, 2015-ci ilin dekabrında – həbsindən iki ay sonra təcridxanada intihar edən polkovnik İlqar Əliyev də onu hədələyib. Sonradan işlədiyi yerlərdən məhz MTN-in təzyiqilə çıxarılıb:

“Bütün bunları siz də bilirsiniz, Faiq müəllim. Çünki o vaxt siz də bu işlərin içində idiniz...”

P.Aslanovun işinə baxan Faiq Qəniyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmamışdan öncə MTN-də müstəntiq, xüsusilə mühüm işlər üzrə müstəntiq, İstintaq İdarəsinin şöbə rəisinin müavini kimi vəzifələrdə işləyib.

P.Aslanov bildirib ki, həbs olunan gün DTX-da onu həyat yoldaşı və qızıyla təhdid edib, öz əleyhinə olan ifadəyə imza atdırıblar.

O, məhkəməsinin qapalı keçirilməsinə də etiraz edib. P.Aslanov dövlətə xəyanətdən əlavə, həm də Cinayət Məcəlləsinin 134-cü maddəsilə - Dəyanət Babayev adlı fəalı ölümlə hədələməkdə ittiham olunur. D.Babayev bu iş üzrə zərərçəkmiş qismində tanınıb.

Bundan əvvəlki məhkəmə iclası qapalı keçirilib:

“Dövlət sirrini bəhanə gətirib, adamları məhkəmə iclasına buraxmırsız. O necə sirdir ki, Dəyanət Babayev ondan xəbərdar ola bilər, amma mənim ailə üzvlərim yox?”

P.Aslanov 2019-cu il iyunun 12-də həbs olunub. O, Cinayət Məcəlləsinin 274 və 134-cü maddələrilə ittiham olunur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/m1hguj

Ən çox baxılan